Hadisədə iki hərbçinin öldüyü, birinin isə yaralandığı bildirilir
“Kəsilən ağacın altında qalan şəxs hərbçi idi. Özü də adı mətbuatda yazıldığı kimi Elxan Rəhman oğlu Musayev yox, 1996-cı il təvəllüdlü Rəhman Elxan oğlu Musayevdir”.
Bu barədə Meydan TV-yə mərhumun yaxınları məlumat verib. Bildirilir ki, R.Musayev MAXE olub:
“6-cı ayın MAXE-si idi. Daşkəsən N saylı hərbi hissədə üstünə ağac aşıb. Bilmirik bunu ictimailəşdirmək nə qədər düzgündür, amma bizə – yaxınlarına verilən məlumatda qeyd edilir ki, Daşkəsəndə qoruğa nəzarət edirmişlər. Qurumuş ağaclardan qışa odun tədarükü yığanda kəsilən ağac digər bir ağacın budaqlarına dəyərək istiqamətini dəyişib və hərbçilərin üzərinə düşüb. Üç hərbçidən biri hadisə yerində keçinib. Rəhman isə əvvəlcə Gəncə, daha sonra Bakı şəhərində hərbi hospitala aparılıb. Orada komada olub. Avqustun 13-də, saat 15-16 radələrində dünyasını dəyişib. Üçüncü hərbçinin isə qolu sınıb. Rəhmanın boynunun arxasından zərbə aldığı və baş qapağının möhkəm zədələndiyi dəqiqdir”.
Yaxınları R.Musayevin şəhid adı almasını istəyir:
“Türkiyədə terror aktında ölən birisi şəhid adlandırılırsa, Azərbaycanda niyə hərbi qoşun hissələrinin hərbi qulluqçusu verilən əmri yerinə yetirərkən dünyasını dəyişir və şəhid adlandırılmır?”
Meydan TV Qırılı kənd icra nümayəndəliyi ilə əlaqə saxlayıb. Nümayəndə məzuniyyətdə olduğu bildirilib. İcra nümayəndəsinin müavini Elxan adlı şəxs isə məsələ ilə bağlı açıqlama verə bilməyəcəyini deyib:
“Mən kiməm ki, münasibət bildirim? Bu barədə heç nə danışa bilmərəm”.
Qırılı kənd bələdiyyəsinin sədri Nəsrəddin Məmmədov isə hərbçinin həlak olduğu və kənddə dəfn edildiyi məlumatını təsdiqləyib:
“Ətraflı məlumat verə bilmərəm. Lazımdırsa, gəlin, sizi onun valideynləri ilə görüşdürüm. Onlardan ətraflı məlumat alın”.
Mərhumun “Facebook” hesabında da onun hərbçi olduğu qeyd olunub.
Faktla bağlı Müdafiə Nazirliyi heç bir açıqlama verməyib.
Avqustun 14-də “Report.az” Qərb bürosuna istinadən Ağstafa rayon sakininin kəsdiyi ağacın altında qalaraq öldüyü haqda məlumat yayıb. Məlumatda Rəhman Elxan oğlu Musayev Elxan Rəhman oğlu Musayev kimi
göstərilib
.