Zastava “Keşikçidağ” qoruğu ərazisində yerləşib
Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Şəmkir“ sərhəd dəstəsinin “Keşikçi qala” sərhəd zastavası kompleksi oktyabrın 6-da istifadəyə verilib.
Məlumatı
Dövlət Sərhəd Xidməti
yayıb.
Mərasimdə Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev iştirak edib.
“Keşikçi qala” sərhəd zastavası dəniz səviyyəsindən 850 metr hündürlükdə, “Keşikçidağ” Dövlət Tarix-Mədəniyyət Qoruğunun ərazisində yerləşir.
Sərhəd zastavası yataqxana, yeməkxana, хüsusi təyinatlı otaqlar, təlim şəhərciyi, sıra meydanı, idman meydançası, anbarlar, mərkəzləşdirilmiş istilik və işıqlandırma sistemi, hamam, camaşırxana və digər tikililərlə təmin edilib.
2019-cu ilin əvvəlində Azərbaycanla Gürcüstan arasında “Keşikçidağ” (Gürcü versiyasına görə “David Qareci”) məsələsi ətrafında gərginlik yaşanıb.
Gərginlik Gürcüstanın prezidenti Salome Zurabişvilinin kompleksi ziyarət etməsindən sonra başlayıb. Bundan sonra gürcü tərəfi Azərbaycan sərhədçilərinin monastır kompleksinə gedən yolu bağladıqlarını bildiriblər. Gürcüstan sakinləri monastır ərazisində aksiya təşkil ediblər. Onlar Azərbaycan ərazisinə keçərək canlı sipər yaradıblar. Gərginlik davam edən günlərdə gürcü fəalların bir qrupu Azərbaycanın sərhəd xidmətinin naryadına hücum edib, silahlarını əllərindən almışdı.
2019-cu ilin may ayı
nda Azərbaycan və Gürcüstan arasında dövlət sərhədlərinin delimitasiyası üzrə komissiya 8 illik fasilədən sonra fəaliyyətini bərpa edib.
Orta əsr mağara kompleksi Tbilisidən 60 km. cənub-şərqdə yerləşir və dağ yamacı boyunca 25 km. ərazini tutur. Kompleksin Azərbaycanın nəzarətində olan hissəsi, Udabno monastırı daxil olmaqla, dağ ətəyinin qərb yamacında yerləşir.
Gürcüstanın Azərbaycanla 446 km. ümumi sərhəddi var. Dövlət sərhədlərinin delimitasiyası (qonşu ölkələr arasında dövlət sərhədinin razılaşdırılması) və demarkasiyası (müəyyən sahələri işarələrlə ayırma) üzrə ikitərəfli komissiya 1996-cı ildən işləsə də, sərhədin 30 faizi razılaşdırılmayıb.