Kərəm Həsənovun bacısının 2 milyon manat verdiyi falçıya hökm oxundu 

Kərəm Həsənov, Sputnik.az

“ Soruşan olmadı ki, 2 milyonu falçıya verənə bu pul hardan idi?”

Prezident İlham Əliyevin köməkçisi, uzun illər Əmlak Məsələləri Dövlət Komitəsinə rəhbərlik etmiş Kərəm Həsənovun bacısı Rəna Ağarzayevadan fala baxmaq adıyla 2 milyon manat almaqda ittiham olunan Şəfəq İsmiyeva və Ceyhun Zeynallının məhkəməsi yekunlaşıb. Fevralın 21-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Novruz Kərimovun sədrliyilə onlara hökm oxunub. Hökmə əsasən, Şəfəq İsmiyeva 10 il, Ceyhun Zeynallı isə 11 il azadlıqdan məhrum edilib.

Hökmdən əvvəl Ceyhun Zeynallı son sözünü deyib. O bildirib ki, təqsirsizdir, Rəna Ağarzayeva ilə nə telefon danışığı olub, nə də görüşüb. Onun adını ilk dəfə istintaqda eşidib, özünü də məhkəmədə görüb. Falçılıq, dələduzluq kimi əməllərdən uzaq olduğunu bildirən Ceyhun Zeynallının sözlərinə görə, bir müddət qeyri-rəsmi ər-arvad kimi birlikdə yaşadığı Şəfəq İsmiyevanın da bu cür işlərlə məşğul olduğunu bilməyib:

“Düzdür. O adamla ünsiyyətim olub. Amma bu, cinayət deyil, əxlaq normalarından kənar hərəkətdir, mənim səhvimdir. Mən nə ona yardım eləmişəm, nə falçılıqla məşğul olmuşam, nə də dələduzluq etmişəm. O, bir tərəfdən deyir ki, guya aldığı pulları mənə verib, özünə ancaq çörəkpulu götürüb, digər tərəfdən də zərərçəkmiş tərəflə 500 min manatlıq müqavilə bağlayır. Özünə ancaq çörəkpulu götürən 500 min manatı hardan ödəyəcək?”

Ceyhun Zeynallı əlavə edib ki, Şəfəq İsmiyeva onu qurban verməklə özünü xilas etməyə çalışır.

“Mən məhkəmədən mərhəmət yox, ədalət istəyirəm. İstəyirəm ki, bu işə ədalətli baxılsın”, – Ceyhun Zeynallı son sözündə əlavə edib.

Şəfəq İsmiyeva isə son sözündə özünü təqsirli bilib. Lakin o, məhkəmədən xahiş edib ki, himayəsində iki azyaşlı uşağının olmasını, onlara təkbaşına baxmasını nəzərə alıb, ona həbslə bağlı olmayan cəza verilsin:

“Anam xərçəng xəstəliyindən əziyyət çəkir. İndi mən məhkəməyə gələndə uşaqlarımı qonşuya həvalə eləyib gəlmişəm. Atamın 71 yaşı var. Xahiş eləyirəm, mənim haqqımda hökm çıxaranda, bütün bunları nəzərə alasınız. Uşaqlarımın məndən başqa heç kimi yoxdur”.

Şəfəq İsmiyeva istintaq və məhkəmə dövründə həbsdə deyildi, onun barəsində polis nəzarətinə vermə qətimkan tədbiri seçilmişdi. Onun ikinci övladı məhkəmə gedən dövrdə doğulub.

Şəfəq İsmiyeva fevralın 21-də hökmdən sonra məhkəmə zalında həbs edilib.

Ceyhun Zeynallının ailə üzvləri məhkəmədən sonra bildirib ki, məhkəmə sifarişlə hökm çıxarıb: “Sifarişçi də Kərəm Həsənov idi. Onun sifarişiylə günahsız adama 11 il verdilər. Soruşan olmadı ki, 2 milyonu falçıya verənə bu pul hardan idi?”

Hökmdən bir müddət əvvəl Ağarzayevlərlə Şəfəq İsmiyeva arasında ayda 10 min manat ödəmək öhdəliyinə dair razılaşma imzalanıb.

Şəfəq İsmiyeva və Ceyhun Zeynallıya qarşı Cinayət Məcəlləsinin 178.4 (dələduzluq – xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsilə ittiham irəli sürülüb. İttihama əsasən, Şəfəq İsmiyeva “İnstagram”da səhifə açıb, özünü “Maya” adlı falçı kimi təqdim edərək, bu məqsədlə ona müraciət etmiş Rəna Ağarzayevanı aldadıb.

Şəfəq İsmiyeva ilkin izahatında Rəna Ağarzayevanı təkbaşına aldadıb, ondan pulları aldığını desə də, sonradan ifadəsini dəyişib. O bildirib ki, qeyri-rəsmi şəkildə birlikdə yaşadığı Ceyhun Zeynallı ilə birlikdə törədib. O iddia edir ki, alınan məbləğlərin böyük hissəsini də Ceyhuna verib. Onun sözlərinə görə, hətta pulun alınması üçün də dəfələrlə birlikdə gediblər.

Ceyhun Zeynallı isə özünü təqsirli bilmir, Şəfəq İsmiyevanın ona böhtan atdığını bildirir. Onun sözlərinə görə, Şəfəq İsmiyeva ona bir neçə dəfə pul versə də, həmin vəsaitlərin bu yolla əldə etdiyini deməyib. Ceyhun Zeynallı bildirib ki, Şəfəq “WesternUnion” vasitəsilə xaricə dəfələrlə böyük məbləğdə pul göndərib: “Əgər məhkəmə banklara sorğu verilsə, nə qədər pul göndərdiyi aydın olar”.

Ana səhifəSiyasətKərəm Həsənovun bacısının 2 milyon manat verdiyi falçıya hökm oxundu