Kərbəla bir örnək kimi

Qat-qat üstün qüvvələr qarşısında şərəf və ləyaqətini müdafiə mərhələsi…

Source:

Ötən il noyabrın 5-də, Hicri-Qəməri təqvimiylə məhərrəm ayının 1-də ittiham olunduğum iş üzrə məhkəmənin hazırlıq iclası keçirildi. Noyabrın 12-di, tasua axşamı deyilən məhərrəmin 8-də isə ilk iclas baş tutdu. 3 nəfər ifadə verərək olmamış hadisəyə yalançı şahidlik etdilər. İslama görə yalançı şahidlik böyük günah sayılır. Bu 3 məxluq isə ən azı ertəsi gün, Aşura axşamı kəndlərindəki məscidə gedəcək, Kərbəlada şəhid olmuş İmam və silahdaşları üçün yas tutacaqdılar. Onlardan birinə bu haqda sual da verdim və təsdiqləyici cavab aldım. Beləcə, istintaqı aparan polis kapitanının göstərişlərinə müticəsinə icra edən bu kəslər “Kaş, bu gün bu dəmdə olaydım Kərbəlada” deyib o boyda xilafərin imperatoru Yezidə meydan oxuyacaqdılar.

Azərbaycan əhalisinin əksəriyyətinin aid olduğu şiə toplumu illərdir ki, Kərbəla faciəsinin ildönümünü qeyd edir. Təəssüf ki, bu mərasimlər o qədər cəhalət və xurafatla müşayiət olunub ki, zaman-zaman cəmiyyətin aydınları, maarifçiləri tərəfindən kəskin və haqlı tənqidə məruz qalıb. Haqlı olmayan isə o olub ki, bir çox hallarda tənqidi münasibət Kərbəlada baş verənlərin özünə də aid edilib. Elə bu gün də eyni münasibətin şahidi olmaq mümkündür. Tənqidi mövqedə qalanlardan kimisi bunu hakimiyyət mübarizəsi, kimisi ərəblərin daxili işi, kimisi də başqa bəsit şəkildə səciyyələndirir. Halbuki, kiçik bir insan qrupunun Kərbəlada göstərdiyi dirəniş və fədakarlıq bütün bəşər tarixinin ən parlaq səhifələrindən biridir və dinindən, məzhəbindən, milliyətindən asılı olmayaraq hər kəs bu örnək hadisədən çox şey əxz edə bilər. Onun ildönümü ayinlərində yol verilən nöqsanlar isə mahiyyətinin üzərinə kölgə salmamaqdadır.

İslam Peyğəmbərinin 632-ci ildə vəfatından sonra formalaşan və Xilafət adını alan dövlətdə mürəkkəb ictimai-siyasi proseslər gedirdi. Bir tərəfdən dövlət az qala günbəgün böyüyür, o dövrün qüdrətli imperiyaları Sasanilər və Bizansa ağır zərbələr endirərək ərazilərini zəbt edirdi. Xilafət artıq nəhəng imperiyaya çevrilirdi. Təsadüfi deyil ki, ilk dörd xəlifədən yalnız 632-634-cü illərdə hakimiyyətdə olmuş Əbubəkr öz əcəli ilə vəfat etdi. Əgər ikinci xəlifə Ömər İbn Xəttabın (634-644) qətli daha çox bir fərdin aksiyası idisə, Osman İbn Affan (644-656) və Əli İbn Əbu Talib (656-661) kəskin ictimai-siyasi kataklizmlərin qurbanı oldular.

Qeyd edək ki, hakimiyyət məsələsi hələ Məhəmməd Peyğəmbərin vəfatından sonrakı ilk günlərdən müsəlmanlar arasında təfriqəyə səbəb olmuşdu. Onların bir hissəsi hesab edirdi ki, Peyğəmbərin xələfi onun əmioğlusu və kürəkəni Əli İbn Əbu Talib olmalıdır. Çoxluq isə xəlifənin seçilməsinin tərəfdarı idi. Nəticədə Əli yalnız Peyğəmbərin vəfatından 24 il sonra sayca dördüncü xəlifə seçilə bildi. Onun hakimiyyəti dövründə ictimai-siyasi ziddiyyətlər pik nöqtəsinə çatdı. Bu proseslər müsəlmanlar arasında ilk meydan savaşları, İslamda Sünni və Şiələrdən sonra üçüncü məzhəbin – xaricilərin meydana çıxması ilə müşayiət olunaraq sonda xaricilərin Əlini öldürməsi və hakimiyyətə Əlinin əsas rəqibi Müaviyənin yiyələnməsiylə yekunlaşdı.

Hakimiyyətə seçki yoluyla deyil, zor gücünə gələn ilk xəlifə olan Müaviyə ibn Əbu Sufyan şiələrlə konsensusa gəlmək üçün Əlinin böyük oğlu, tərəfdarlarının artıq beşinci xəlifə kimi tanıdıqları Həsənlə müavilə bağladı. Şərtlərə görə, Həsən Müaviyəni xəlifə, Müaviyə isə Həsəni xəlifə kimi tanıyırdı. Yəni Müaviyənin ölümündən sonra hakimiyyət Həsənə çatmalıydı. Lakin şiələrin ikinci imamı Həsən Müaviyədən daha tez, 669-cu ildə vəfat etdi. Tərəfdarları onun Müaviyənin təhriki ilə zəhərləndiyinə əmin idilər. Həsənin vəfatından sonra varislik məsələsi açıq qaldı. Bundan bir il sonra, 680-ci ildə Müaviyənin ölümündən sonra oğlu Yezid özünü xəlifə elan etdi. Lakin müsəlmanların bir qismi tərəfindən, xüsusən də şiəliyin güclü olduğu İraqda bu sülalə varisliyi qəbul olunmadı. Yezidə qarşı açıq üsyan qaldıran Kufə əhalisi Mədinəyə, Əlinin kiçik oğlu isə şiələrin üçüncü imamı Hüseynin yanına elçi göndərərək şəhərlərinə dəvət etdilər. Dəvəti qəbul edən Hüseyn ibn Əli öz ailə üzvləri və bir neçə yüz əli silah tutan tərəfdarıyla Kufəyə yola düşdü. Lakin Mədinəyə nisbətən İraqa daha yaxında, Dəməşqdə iqamət edən Yezid çevik tərpənərək narazılıqları yatıra bildi. Bundan sonra isə xəlifə qoşunları Hüseynin qafiləsi istiqamətində hərəkət edərək Kərbəla çölündə onu mühasirəyə aldı. Beləcə, Hüseynin kiçik dəstəsi Yezidin çoxminlik qoşunu (mənbələrdə sayı 4 mindən 30 minə qədər göstərilir) ilə üz-üzə qaldı. Bununla da Yezidin hakimiyyətə yiyələnməsi ilə başlanan prosesin ilk mərhələsi başa çatdı.

Xilafətin yaranmasının ilk illərindən vüsət almış ictimai-siyasi proseslərdə olduğu kimi, 680-ci il hadisələrinin də kökündə hakimiyyət məsələsinin durduğunu inkar etmək mümkün deyil. Bu mübarizəyə hər kəs öz qiymətini verməkdə sərbəstdir. Kimisinə görə bu, şəxsi ambisiya və mənafe davası ola bilər, kimisinə görə isə qəbul etmədikləri hökmdara qarşı üsyan qaldırmış və onu özünə rəhbər seçmiş xalqın çağırışına cavab idi. Lakin yanaşma necə olursa-olsun, gerçəklik ondan ibarət idi ki, Kufə üsyanı yatırıldıqdan və Hüseynin qafiləsi mühasirəyə alındıqdan sonra hakimiyyət mübarizəsi artıq yekunlaşmışdı. Bundan sonra başqa mərhələ başlayırdı: bir qrup insanın qat-qat üstün qüvvələr qarşısında öz şərəf və ləyaqətlərinin, doğru bildikləri işin həyatları bahasına olsa belə müdafiəsi mərhələsi…

Vurğulamaq lazımdır ki, Yezid və sərkərdələri doğura biləcəyi siyasi fəsadları səbəbindən hadisələrin Peyğəmbər vərəsəsinin ölümü ilə yekunlaşmasında maraqlı deyildilər. Onlar üçün ən optimal variant Hüseynin xəlifəyə sədaqət andı içməyi – biət etməyi idi. Buna görə də sayca az olan dəstəyə hücum edilmədi, mühasirə ilə kifayətləndilər. Yazidi xəlifə kimi tanıyacağı təqdirdə Hüseynə zəngin və qayğısız həyat vəd edildi. Keçərli olmadıqda isə ərazisindəki su mənbələrinə gedən yolları bağladılar. Beləcə, Hüseyn İbn Əli amansız dilemma qarşısında qaldı. O ya dəhşətli istilər şəraitində adamlarının susuz qalmasını seyr etməli, ya da Yezidə sədaqət andı içməli idi. Bu variantların hər ikisi Hüseyn üçün qəbuledilməz idi. İmam məsum insanların, xüsusən qadın və uşaqların susuzluqdan əzab çəkməsinə biganə qala bilməzdi. Lakin Yezidə biət də etmədi. O, Qurani-Kərimdə Allah Təalanın “Səni aləmlərə rəhmət olaraq göndərdim” deyə xitab etdiyi Məhəmməd Peyğəmbərin nəvəsi, islamı ilk qəbul edən 4 nəfərdən biri, İslam yolunda saysız-hesabsız şücaətlər göstərmiş Əli ibn Əbu Talibin oğlu, həyatda qalan sonuncu əhli əba idi. Ondan itaət tələb edən Yezid isə Əbu Sufyanla Hindin nəvəsi idi. O Əbu Sufyanın ki, az qala 20 il müsəlmanlara qarşı mübarizə aparmış, Peyğəmbər də daxil olmaqla onları Məkkədən didərgin salmışdı. Hind də Hind idi ki, muzdla tutduğu qatilin əli ilə Peyğəmbərin əmisi Həmzəni öldürtmüş, bununla da kifayətlənməyərək ürəyini çıxardıb yemişdi. İndi belə birilərinin nəvəsi taleyin kinayəsi ilə İslam xəlifəsi olmuş və Hüseyndən itaət tələb edirdi. Belə olan halda Hüseyn üçüncü yolu-şəhadəti seçdi. Yalnız ölüm onu qəbul edə bilməyəcəyi hər iki yoldan – Yezidə itaətdən və ya qadın və uşaqların əzabından qurtuluşu idi. Məhərrəm ayının 9-da İmam öz qərarını tərəfdarlarına açıqladı və ümidsiz döyüşə girmək istəməyənləri ona içdikləri sədaqət andından azad etdi. Belələri düşərgəni tərk edə bilərdilər. Onlar düşərgəni tərk edərkən qalanların vərəsələrindən çəkinməmələri üçün gecə düşərgədəki tonqallar söndürüldü. Ertəsi gün – tarixə Aşura günü kimi düşəcək günün səhəri Hüseynin ətrafında 70 əli silahlı döyüşçü qalmışdı. Hürr adlı bir döyüşçü də Yezidin qoşunundan ayrılaraq mühasirədəkilərə qoşuldu.

Hava işıqlanandan az sonra Hüseynin dəstəsinin xəlifə qoşunlarına hücumu ilə tarixin ən qeyri-bərabər döyüşlərindən biri başladı. Qeyd edək ki, qoşundakı döyüşçülərin bir çoxu çaşqınlıq keçirdilər. Onlar Hüseynin təslim olacağını gözləyir, Peyğəmbərin əhli-beytinin qanını axıtmaq kimi günaha batmayacaqlarına ümid edirdilər. Lakin az sonra xidməti qorxu günah qorxusunu üstələdi və qısa müddət içərisində Hüseynin dəstəsini qılıncdan keçirdilər.

Reallıq isə daha sadə, bu səbəbdən də daha parlaq idi. Kərbəla şəhidlərinin heç biri qeyri-adi xüsusiyyətləri, onlarla, yüzlərlə düşməni qətlə yetirəcək kimi müstəsna güc-qüvvətləri yox idi. Onların fövqəladəliyi daxillərindəki inamla, dirənişləri qürurları ilə, şücaətləri şərəf və ləyaqətlərini həyatlarından belə üstün tutmaları ilə izah olunmalıdır.

Kərbəla hadisəsinin ictimai məzmunu dini məzmunundan geri qalmır. Hüseyn və silahdaşları əqidələrinə zidd olan, ləyaqətlərinə sığışdırmadıqları təklifi qəbul etməkdənsə şəhadəti seçməklə gələcək nəsillərə böyük örnək buraxdılar. Bu örnək təkcə şiələr və ya müsəlmanlar deyil, bəşəriyyət üçün idi. Bu gün – Kərbəladan 14 əsr sonra ləyaqətli həyat yaşamaq üçün heç də bu qədər böyük qurbanlar tələb olunmur. Sadəcə vicdanımızı tamahımızdan üstün tutmağı, heç də vazkeçilməz olmayan bəzi şeylərdən imtina etməyi bacarmalıyıq!

Ana səhifəXəbərlərKərbəla bir örnək kimi