Çayxanası bağlanan Tural Hüseynov karantin dövründə hökumətdən yardım olunmasını istəyir
“Dolanışığım çayxanadan idi, karantinə görə bağlandı, qaldım işsiz, dolanışıqsız… Bu tərəfdən də qaz idarəsinin işçiləri gəlib qazı kəsdi. İndi neyləyək? Həm soyuqdan ölürük, həm də acından…”
“Evdə çörəyimiz də yoxdur”
Tural Hüseynov Gəncə şəhərinin Kəpəz rayonunda yaşayır. Çayçılıqla məşğul olur. Bir neçə gündür ki, koronavirusla bağlı ölkə ərazisində elan olunmuş karantin tədbirləri daxilində obyekt fəaliyyətini dayandırıb. Onsuz da qayğılarla zəngin olan ailənin narahtlığı yeganə dolanışıq yeri olan obyektin bağlanmasından sonra daha da artıb. Tural Hüseynov deyir, hökumət belə ailələrə kömək eləməsə, vəziyyət daha da ağırlaşacaq:
“Atam yaşlı insandır, özüm də əsəb xəstəsiyəm, bu vəziyyət bizi daha da ruhdan salır. Evdə çörəyimiz də yoxdur. Dolanışığımız gündəlik qapik-quruşdan çıxırdı, ordan qazanıb, ordan da çörəyə, ərzağa verirdik, yaşayırdıq. İndi qazanc kəsilib, hökumətdən də səs çıxmır”.
“Bu vurhavurda gəlib qazı da kəsdilər”
Hüseynovlar ailəsinin daha bir problemi qaz xəttinin kəsilməsiylə bağlıdır:
“Bu vurhavurda qaz idarəsi də gəlib qazı kəsib, gedib. Ailəlikcə soyuqdan donuruq. İş orasındadır ki, bu gün istiliksiz qalmağımızın səbəbkarı elə qaz idarəsi özüdür. Vaxtında nəzarət etməyiblər, klapan xarab olub, qaz havaya uçub, ancaq sərfiyyat kimi bizim ayağımıza yazıblar, halbuki, dediyim kimi, işlətməmişik, nəzarətçilərin səhlənkarlığı üzündən havaya uçub. Vətəndaş mütəxəssis deyil ki, nəzarət edə, vaxtında xəbər tutub idarəyə bildirə… Bunun üçün qaz idarəsinin işçiləri var, zəhmət çəkib vaxtında nəzarət edəydilər, qarşısını alaydılar. Adama təsir edən odur ki, hər nə səbəb olursa olsun, xalqın indiki durumunda, insanların onsuz da gərgin vaxtında gəlib qazı kəsirlər. Dediyim kimi, evdə yaşlı, xəstə valideynlərim, azyaşlılar var”.
“Səsimizi aidiyyəti qurumlara çatdırın”
Tural Hüseynov deyir, martın 28-də “Azəriqaz”ın “Qaynar xətt”inə də zəng vurub:
“Qaynar xəttə zəng vurdum, vəziyyəti başa saldım, dedim, heç olmasa gəlib xətti birləşdirsinlər, karantin müddəti bitənədək imkan versinlər, başımızı birtəhər saxlayaq, sonra görək nə olacaq. Mənim indi “Azəriqaz”la məsələ aydınlaşdıracaq halım yoxdur. Zənglərimin də heç bir faydası olmadı. Deyirlər, bu virus soyuqda daha da inkişaf edir, evimdə yaşlı insanlar var, axı onlar buna dözə bilməzlər. Xahiş edirəm, səsimizi aidiyyəti qurumlara çatdırın, bizə kömək etsinlər”.
Regional Qaz İstismar İdarəsinin Gəncə Xidmət Sahəsindən bildirilib ki, Yaşar Həsrət Əliyev Qardaşları küçəsi bina 10, mənzil 14 ünvanına qazın verilişi sərfiyyata görə yığılmış 138 manat məbləğində borca görə kəsilib. Qaz verilişi dayandırılmamışdan əvvəlsə köhnə qaz sayğacında problem olduğuna görə yenisi ilə əvəzlənib.
Kəpəz Rayon İcra Hakimiyyətindən bildirilib ki, koronavirusla bağlı ölkə ərazisində elan olunmuş karantin müddətində qapadılmış qeyri-büdcə təşkilatlarına dövlətin sosial dəstəyi hökumətin verəcəyi qərarlardan asılı olacaq. Hazırda belə bir qərar yoxdur.