Xoşçobanlı kənd sakinləri su probleminin həll olunmamasından şikayətçidir
“Hər həftə 20 manat verib 8 tonluq su çənini doldururuq. Elə böyük ailələr var ki, suyu həftədə iki dəfə almalı olur. Bura kənd yeridir, kəndlinin də çörəyi torpaqdan, heyvandan çıxır. Əkin sahələri, heyvanlarımız su görmürsə, onlar məhv olursa, bəs biz necə yaşayacağıq?”
Bunu Meydan TV-yə İmişlinin Xoşçobanlı kənd sakini Samid Nağıyev deyir.
Yay mövsümü gələndə Xoşçobanlıdan keçən və kəndin su tələbatını ödəyən arxın suyu quruyur. Sakinlər həm içməli, həm də təsərrüfatda istifadə olunmalı suyu pulla almalı olurlar.
Samid Nağıyevin sözlərinə görə, hazırda iki aydan çoxdur ki, arxa su gəlmir:
“Kəndimizdən keçən arxa “Qızıl arx” adı da verildi, yenə suyunu görmürük. Qızıl arxın üzərində 24 kənd yerləşir. Yuxarı hissədəki kəndlərə su verilir, ancaq aşağı kəndlərə gələn arxın suyunu kəsirlər”.
Kəndlinin sözlərinə görə, kənddə çoxu susuzluqdan əkin işləri apara bilmir deyə, torpağını atıb, rayon mərkəzinə köçüb.
“Hamı torpağını atıb gedib, bəs nə edək? Kənddə cəmi 50 hektara yaxın əkin sahəsi qalıb. Bir hissəsi bostandır, bir hissəsi pambıq sahəsi… Şəxsən mən 1 illiyə 8 hektar torpaq icarələmişəm, 5 hektarda bostan, 3 hektarda pambıq əkmişəm. Yığıma qədər pambıq azı 3-4 dəfə suvarılmalıdır, ancaq hələ bir dəfə də suvarılmayıb. Bu gün səhər özüm motorla arxın dibindən birtəhər su vurub, az da olsa suvarmağa çalışmışam. Artıq əkin sahəsindən qazanc götürmək, yalnız xərclədiyim pulu çıxarmaq barədə düşünürəm. Ancaq bu gedişlə yəqin ki, bu da olmayacaq və mən yenə mövsümdən zərərlə çıxacam”.
Xoşçobanlıya su maşını qonşu rayonlardan gəlir. Sakinlər aldıqları suyu həm məişətdə işlədirlər, həm də heyvanlara verirlər deyə, tez tükənir. Ailələr ay ərzində suya minimum 100-150 manat arası pul xərcləməli olurlar. Susuzluq çox ailəni yer-yurdundan didərgin salıb.
Kəndin kənarındakı “Çöl sahəsi” sahəsi deyilən yerdəsə illərdir ki, qurulan su qurğusu demək olar ki, fəaliyyətsiz qalıb. Bu qurğu vasitəsilə kəndə işməli su ötürülməlidir. Ancaq qurğu ayda vur-tut iki-üç dəfə işə salınır.
Kəndin icra nümayəndəsi Cahangir Əzizov Xoşçobanlıya iyulun əvvəli təyin edilib. Deyir, gəldiyi ilk gündən kənddəki ən böyük problemin su ilə bağlı olduğunu görüb və porblemin aradan qaldırılması üçün əlindən gələni edir.
İcra nümayəndəsinin sözlərinə görə, Xoşçobanlıya gələn suyun mənbəyi Naxçıvan Su Anbarıdır ki, ordan da su az verilir. Üstəlik, su Xoşçobanlıya çatınca 9 kənddən keçir. Bu da təzyiqin aşağı düşməsinə səbəb olur. Başqa bir səbəb kimi isə rayon ərazisində suyun toplandığı ilkin mənbəyə yaxın kəndlərdə yaşayanların israfçılığını göstərir. Deyir, əksər hallarda kəndlilər motor qoşub sudan israfçılıqla istifadə edirlər deyə, nisbətən uzaq kəndlərə su gedib çatmır:
“Mən özüm sakinlərlə birlikdə dəfələrlə su idarəsində və “platina”da (rayon ərazisində suyun yığıldığı ilk mənbə-anbar) olmuşam. Bu dəqiqə də kənddəyəm, rayonun su idarəsinin texnikaları kanallarda təmizləmə işləri aparır. Elə kanallar var ki, 20 il əvvəl qazılıb, indi təmir edirik, təmizləyirik, düşünürük kiçik bir motor da qoyaq ki, mal-qaranın su tələbatı ödənsin. Kənddə su qurğuları var, onlar da bərpa olunub, su hər gün 1 saat verilirdi, xahiş etmişəm 15 dəqiqə də artırılsın ki, adamlar suyu rahat daşıya bilsinlər”.
İcra nümayəndəsinin sözlərinə görə, kənddə 154 hektarda əkilən pambığın 100 hektarı suvarılıb, hazırda 30 hektar da növbəli qaydada suvarılmaqdadır. O, problemləri yaradan səbəblərdən biri kimi fermerlərin pambığı plansız əkməyində görür:
“Qış aylarından rayonun su idarəsi fermerlərə müraciət edir ki, pambıq əkmək fikrində olanlar əvvəlcə idarəylə məsləhətləşmə aparsın. İdarə sahəyə baxış keçirib görsün, həmin əraziyə su gəlib çatacaq, ya yox… Fermerlərsə çox vaxt müraciət etmədən işə başlayırlar və nəticədə pambıq sahələri susuz qalır. Nəticədə fermer zərərə düşür, həm pambıq əkir, həm də pambıq təhvil verməli olduğu şirkətə borclanır”.
İcra nümayəndəsi avqustda kəndin su təminatının daha da yaxşılaşdırılacağını deyir.