Kəndli: Dua edirik ki, yağış yağsın…

“Bizdə əsas dolanışıq taxılçılıq, pambıqçılıq, bostançılıq və heyvandarlığın hesabınadır”

Source: Specify Source


“Bizə su gəlib çıxmır, əkinlərimiz susuz qalır”

Saatlı rayonunun Nabatkənd kəndinin sakinləri əsasən əkinçilik, qismən də maldarlıq hesabına dolanırlar. Bir neçə ildir ki, su çatışmazlığı onlara ciddi problem yaradır.


“Camaatı incidirlər”

Kənd sakini Vəlixan Hüseynov Meydan TV-yə danışır ki, bu il üstəlik, subsidiyaların gecikməsi vəziyyəti daha da ağırlaşdırıb. Onun sözlərinə görə, çarəsiz vəziyyətdə qalıblar:

“Əkinin öz vaxtı var, hər şey qaydasında olmasa, çəkdiyin zəhmət də batır. Taxıla gübrə vermək lazımdır, vaxt keçir. Amma subsidiyaları vermirlər, camaatı incidirlər. Taxıla da bundan sonra gübrə verməyin nə mənası var?”

Onun sözlərinə görə, Saatlı Dövlət Aqrar İnkişaf Mərkəzinə dəfələrlə gedib-gəlib, amma hələ ki, subsidiyanı ala bilməyib: “Deyirlər ki, sistemə oturmayıb. Nə vaxt sistemə otursa, onda ödəniləcək. Nə yoncanınkı verilir, nə taxılınkı. Camaat qalıb belə. Nə müəmmadır, bilinmir. Başa düşə bilmirik ki, niyə gecikdirirlər”.

Vəlixan Hüseynov deyir ki, kənddə subsidiya alanların çox az bir hissəsinə verilib. Qalanlara isə gecikmənin səbəbi barədə konkret heç nə deyilmir.


“Yaman günə qalırıq”

Kənd sakini susuzluqdan da gileylənir. Deyir ki, bir neçə ildir bu problemi yaşayırlar: “Bizə su gəlib çıxmır. Əkinlərimiz susuz qalır. Yaman günə qalırıq. Azadkəndin arxa hissəsində oliqarxların torpaq sahələri var, məhsul əkdirirlər. Olan su da onların ərazilərinə yönləndirilir. Bizim kəndlər susuzluqdan yanır. Bizdə əsas dolanışıq taxılçılıq, pambıqçılıq, bostançılıq və heyvandarlığın hesabınadır. Susuzluğa görə bunların heç birini eləyə bilmirik. Hamı əlini göyə – Allaha qaldırıb dua edir ki, yağış yağsın. Başqa əlacımız yoxdur…”

Vəlixan Hüseynov vurğulayıb ki, onsuz da maddi baxımdan ağır şərtlər altında yaşayan kənd əhalisi içməli suyu maşınlarla almaq məcburiyyətindədir. Onun sözlərinə görə, su maşınları qonşu Sabirabad rayonu ərazisində Kür çayından doldurub gətirir: “Bir maşın suya 15-20 manat veririk. Yuyunmaq üçün isə quyu suyundan istifadə olunur. Əksəriyyətin həyətində quyu var, oradan çıxan texniki suyu heyvanlara da veririk, əl-ayağımızı da onunla yuyuruq”.


Prezident yanında müşavirənin nəticəsi yoxdur

Saatlının keçmiş icra başçısı Nazim İsmayılov hələ 2019-cu ilin dekabrında prezident yanında müşavirədə rayonun su problemini qaldırmışdı. O bildirmişdi ki, su problemi rayonda əkinçiliyin, pambıqçılığın inkişafına da mane olur. Müşavirədə Kür çayından 17-18 kilomtrlik kanal vasitəsilə su çəkilməsi layihəsi müzakirə olunmuşdu.

Həmin toplantıda “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC-nin sədri Əhməd Əhmədzadə bildirmişdi ki, bundan ötrü təxminən 50-55 milyon vəsait lazımdır: “Vəsait ayrılsa, bir il ərzində də həyata keçirmək mümkündür”.

Untitled design (22).png
“Olan su da onların ərazilərinə yönləndirilir”


Hələ də bu layihə icra olunmayıb

Saatlı Rayon İcra Hakimiyyətindən Meydan TV-yə bildirilib ki, kəndlərdə əkin sahələrinin suvarılması problemindən xəbərdardılar: “Bu, tək Saatlıda deyil, bir çox rayonda yaşanan problemdir. İcra hakimiyyətinin nümayəndələri də bu məsələni diqqətdə saxlayır, mümkün olan addımlar atılır”.


“Gecikmədən söhbət gedə bilməz”

Subsidiyaların gecikməsinə gəlincə, Kənd Təsərrüfatı Nazirliyinin mətbuat katibi Vüqar Hüseynov Meydan TV-yə bildirib ki, elektron sistemə keçidlə əlaqədar bir sıra fermerlərin əkin sahələri monitorinqlərə cəlb olunub: “Fermerlər özləri əkinlərini bəyan edirlər. Yoxlanılır ki, doğrudan da bəyan edilmiş məhsul əkilibmi, sənədlər qaydasındadırmı və s. Monitorinq təkcə Saatlı yox, bütün ölkə üzrə həyata keçirilir. Subsidiyaların ödənişinin son tarixi isə aprelin 30-dur. Bu baxımdan, gecikmədən söhbət gedə bilməz”.

Konkret Vəlixan Hüseynovla bağlı duruma gəlincə, mətbuat katibi deyir ki, o, zəruri sənədləri sistemə daxil etmədiyinə görə onun subsidiya üçün müraciəti qeydə alınmayıb: “Vətəndaş subsidiya üçün müraciətində torpaq üzərində mülkiyyət hüququnu təsdiqləyən sənədi də sistemə daxil etməlidir. 1996-cı ildə torpaq islahatı zamanı vətəndaşlara torpağın plan-ölçü sənədini veriblər. Həmin sənəd əsasında da müvafiq quruma müraciət olunur, çıxarış alınır. Elektron sistemin tətbiqindən bir il keçəndən sonra – ötən il vətəndaşlara bildirdik ki, bundan sonra yalnız mülkiyyəti təsdiq edən çıxarışları sistemə daxil edənlər subsidiya üçün müraciət edə biləcək. Ona görə vətəndaşlar gedib çıxarışı almalıdılar. Vətəndaşların bir hissəsi bunu edib, bir hissəsi etməyib. Biz hətta güzəştə getdik, dedik ki, əlinizdə plan-ölçü sənədi varsa, rayon islahat komissiyasının sizə torpağın verilməsilə bağlı qərarını tapıb, yardımçı sənəd kimi sistemə daxil edin. Vəlixan Hüseynovun sistemə daxil etdiyi sənədlərdə yalnız plan-ölçü var, yardımçı sənədlərin isə surətidir. Heç bir sənədin kserosurəti qəbul olunmur. Onun sənədləri kserosurət olduğuna görə subsidiya üçün müraciəti formalaşmayıb. Yanvarın 31-nə qədər vətəndaşın subsidiya üçün müraciət etmək hüququ var. Vəlixan Hüseynovun iki torpaq sahəsi var, ikisi birlikdə 3 hektara yaxındır. Həmin ərazilərdə buğda əkib, bunlar sistemdə görünür”.

Ana səhifəBölgəKəndli: Dua edirik ki, yağış yağsın…