Mənbə: google

Kəndli: Dövlət iki inək verdi, 1 aydan sonra ikisi də öldü

Özünəməşğulluq Proqramı və əlilin daşa dəyən xəyalları...

“Məşğulluq Mərkəzi ilə əlaqə saxlayıram, deyirlər, hələ gözlə, inəklərin ölümü ilə bağlı araşdırmalar davam edir, bitəndən sonra məlumat veriləcək”.

Gədəbəyin Çaldaş kənd sakini Nemət Əhmədov bu ilin sonlarında Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin Özünəməşğulluq Proqramına qoşulub. Noyabrın 4-də Gədəbəy şəhər Məşğulluq Mərkəzi tərəfindən ona iki inək verilib. Ancaq qısa müddətdən sonra hər iki inək necə deyərlər, canını tapşırıb. Nemət Əhmədov deyir, heyvanlar ona təhvil-təslim edilərkən sağlam adıyla aktlaşdırılıb.

“Hardan biləydim ki, mənə xəstə heyvanlar verilib?”

“Sənəddə hər ikisi sağlam heyvan kimi qeyd olunmuşdu. Arıq olsalar da, hər ikisi ayaq üstə dayana bilirdi, mən hardan biləydim ki, bunların ciyərləri xəstədir? Aktda iki heyvan, 400 kiloqram da yem qeyd olunmuşdu və orda qeyd olunanlar da mənə verilmişdi. Ancaq təəssüf ki, o inəklər həyətimdə cəmi 1 ay qala bildi. Hər ikisi öləndən sonra bilmişəm ki, 1 ay ərzində xəstə inəklərə qulluq etmişəm. Soruşuram ki, bu heyvanlar əhaliyə veriləndə baytar tərəfindən yoxlamadan keçmir? Bu heyvanları əhaliyə verən dövlət bilmir ki, xəstə heyvanlarla kənd təsərrüfatı qurulmur? Çiyinlərini çəkirlər”, - Nemət Əhmədov deyir.

xəstə heyvanlar

xəstə heyvanlar

Mənbə: Meydan TV

Kəndli əvvəl sevinib, sonra məyus olub...

Nemət Əhmədov hərbi əlildir, bir ayağı amputasiya olunub, dolanışığı  çətindir. Özünəməşğulluq Proqramları haqqında eşidəndə çox sevinib,  düşünüb ki, nəhayət, dövlət yoxsul təbəqəyə də diqqət ayırmağa başlayıb. Proqrama qoşulmaq üçün bütün tələbləri yerinə yetirib, uzun-uzadı prosedurlardan sonra nəhayət, ona saxlayıb artırmaq, heyvandarlıq təsərrüfatı ilə məşğul olmaq üçün dövlət heyvan təklif edib. Əvvəl sevinib, biləndə ki, bu heyvan vur-tut iki inəkdən ibarətdir, məyus olub:

“Əslində mən xırdabuynuzlu heyvan istəyirdim, deyirdim, mənə qoyun verin, saxlayım, çoxaldım. Dedilər, qoyun olmayacaq, yalnız inək verə bilərik. İnəkləri də çox arıq idi, ancaq dediyim kimi, ayaq üstə dayana bilmələri məni aldatdı, kaş ki, arxayın olmayaydım, özüm də heyvanları başqa bir baytara yoxlatdıraydım, xəstə olduqlarını bilib yerindəcə geri qaytarardım. Bu, kəndliyə yaxşılıq etmək deyil, onsuz da yoxsulluqdan əziyyət çəkən kəndlini ələ salmaqdır. Ancaq yenə də, “yoxa lənət” deyib, razılaşdım. 1 aydan sonra inəklərin xəstəlikdən tələf olması məni ikiqat məyus etdi. Rayonda hamı mənim kimi, “yoxa lənət” deyib, Məşğulluq Mərkəzinin bütün şərtlərinə, verdikləri xəstə, arıq heyvanlara razılaşmalı olur. İnsanların kasıbçılığı qarşılarına sədd kimi çəkilib, məmurlar insanların hissləri ilə oynayırlarlar”.  

“İki aydan çoxdur gözləyirəm”

Hazırda isə Nemət Əhmədov rayonun Məşğulluq Mərkəzindən ona həmin heyvanların əvəzinin verilməsini istəyir. Deyir, nə vaxt mərkəzlə əlaqə saxlasa, ona gözləməyi məsləhət görürlər:

“Heyvanlar öləndən sonra mərkəzlə əlaqə saxladım, dedilər, əl vurma, fotolarını, videolarını çək, bizə göndər. Mən də dedikləri kimi etdim, sonra baytar göndərdilər, baytar gəldi, baxdı, aktlaşdırdılar, leşləri götürüb, getdilər. Mənə verdikləri aktı da aparıb rayonun Məşğulluq Mərkəzinə verdim. Dedilər, gözlə... İki aydan çoxdur gözləyirəm, nə vaxt əlaqə saxlasam, deyirlər, araşdırmalar bitsin, görək nə olur...”

Gədəbəy şəhər Məşğulluq Mərkəzindən Meydan TV-yə bildirilib ki, Çaldaş kənd sakini Nemət Əhmədova tələf olmuş heyvanların əvəzi olaraq başqa heyvanlar veriləcək. Əvvəlki heyvanların tələf olmasına gəlincə, mərkəzdən bildirilib ki, heyvanlar vətəndaşa təhvil verilərkən baytar müayinəsindən keçib və sağlam olmaları barədə rəy verilib. Sonradan hansı səbəbdən tələf olmaları məlum deyil.

Özünəməşğulluq Proqramı 4 il əvvəl aztəminatlı ailələrin sosial müdafiəsinin gücləndirilməsinə, belə ailələrin öz təsərrüfatlarını və bizneslərini qurmasına dəstək məqsədilə yaradılsa da, proqrama cəlb olunan vətəndaşların arasında razı qalmayanlar var.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/idl9kv

Ən çox baxılan