Kəndli: Bölgələrdəki böyük təsərrüfatlar kiçikləri boğur

“Nəvələrimizi nə ilə saxlayaq, xeyrə-şərə nə ilə gedək?”

Source: Meydan TV


"Nəvələrimizi nə ilə saxlayaq, xeyrə-şərə nə ilə gedək?"

"Aran bölgəsində yaşayırıq, torpaqlarımız var, ancaq suvara bilmirik. Dəmyə torpaqları kimi yağışdan-yağışa su görür. Aidiyyatı qurumlara müraciət edirik, həll ediləcək deyib, yola verirlər. 22 ildir problem həll olmur".

İmişlinin Cavadxanlı kəndinin sakini 73 yaşlı Tərgül Hüseynov belə deyir. Onun Araz çayı kənarındakı 200 hektara yaxın ərazidə pay torpağı var. Deyir, ərazi ümumilikdə kəndlilərə pay torpağı kimi paylanıb. Kiminə 15, kiminə 10, kiminə də buradan 5 sot torpaq payı düşüb. Ancaq istifadə etmək müşkülə çevrilib. Əkirlər, ancaq suvarmağa su tapa bilmirlər. Nəticədə, gəlirlərinin 90 faizi əkinçilikdən çıxan əhalinin dolanışığı çətinləşib.

"Aran bölgəsidir, dəmyə torpağı deyil ki, deyəsən yağış yağacaq, suvarılacaq. Hamısı suvarılması vacib torpaqlardır. Yoxsa necə məhsul götürə bilərik ki? Baxın, mən taxıl əkmişəm. Məhsula qədər azı 3 dəfə suvarılmalıdır. Ancaq bir dəfəsini güclə çatdırırıq".

Kənd sakinləri problemləri ilə bağlı dəfələrlə İmişli Rayon İcra Hakiimiyyətinə müraciət etdiklərini söyləyirlər. Hər dəfəsində "gedin, probleminizi tezliklə həll edəcəyik", – cavabını alıblar. Verilən sözlərə baxmayaraq kənd camaatı 22 ildir ki, əziyyət çəkirlər. Deyirlər, onlara böyük xərc tələb edən şeylər lazım deyil. Sadəcə kanaldan suyu sahələrə çıxara bilmək üçün nasos, motor gərəkdir. Onu da alıb vermirlər.

"Kanalın üzərində azı 100 ev var. Bunlar hamısı o sudan istifadə edirlər. Kimi həyətində kartof, kimi göy-göyərti, kimi də meyvə-tərəvəz əkir. Nəticədə o insanlar bostanlarını suvaranda bizə su gəlib çıxmır. Bizim sahələri suvarmamız üçün gərək nasos ola. Onu da ki, dövlət verməlidir. Yoxsa kəndlidə o qədər pul nə gəzir ki, özü gedib ala. Nəticədə, dövlət vermir, biz də ala bilmirik. Əkdiyimiz də taxıl, arpa və yonca olur. Suvara bilmirik, yanıb, külə dönür".

Sakinlər deyirlər ki, sonuncu dəfə icra hakimiyyətində 3 ay öncə görüşdə olublar. Yenə söz verilib ki, tezliklə əraziyə motor və nasoslar quraşdırılacaq. Bu sözün üstündən də 3 ay ötüb. Hələlik, bir nəticə, irəliləyiş yoxdur.

Mehman Hümbətov da Cavadxanlı kəndinin sakinidir. Deyir, ötən il açıqlanan son məlumata görə, yaşadığı kəndin 1157 nəfər əhalisi var. Onların 90 faizi təsərrüfatla dolanır. Əkin-biçindən başqa gəlir yerləri yoxdur:

"Onu da ki, əkirik, ancaq suvarmaq üçün lazımi səviyyədə su təchizatı yoxdur. Dəfələrlə aidiyyatı qurumlara müraciət etmişik, yazmışıq. Hətta Kənd Təsərrüfatı Nazirliyinə də məktub göndərmişik. Cavab gəlib ki, baxılacaq, düzələcək. Ancaq 22 ildir düzələn heç nə yoxdur. Mən anlamıram, bu kənd camaatı nə ilə dolanmalıdır? Bölgələrdə su kanallarının çəkilməsi, motorların qoyulması və s. üçün büdcədən 21 milyon manat vəsait ayrılıb. Ancaq biz həmin puldan bir manat olsun görməmişik. Nə kanallar təmizlənir, qazılır, nə suvarılma sistemi yaxşılaşdırılır, nə də motorlar alınıb. Heç bir irəliləlyiş yoxdur".

Suvarılma bu gün Cavadxanlı kəndinin başlıca problemidir. Sakinlər deyirlər ki, 1998-ci ildə gedən islahatdan bu yana kənddə bu sahədə hər hansı bir irəliləyiş olmayıb.

"Düzdür, pambıq, taxıl, arpa və yonca əkirik. Ancaq suvara bilmirik. Ya da suvarılmaya xeyli pul xərcləyirik. Neft alırıq, motor kirayəliyirik və s. Heç olmasa, problemi nəzərə alıb, neftlə də təmin etmirlər. Pensiyamızı alıb, neftə verib, suya çeviririk. Onu da məhsula. Bəs bizim gəlirimiz nə oldu burada? Olmaz axı belə", – sakinlərdən M. Hümbətov belə deyir.

Sakinlərdən Əlisahib Nəcəfov deyir ki, kənddə çox adamın pay torpağı məhz bu əraziyə düşüb. Özü də guya ən yüksək kateqoriyalı torpaqlardır. Şəraitinə baxanda isə ən pisidir söyləyir:

"Su yoxdur, daha nə olsun. Suvara bilmirik, nəticədə məhsul yanıb, külə dönür. Azı 180 hektar yerdir. Hamının torpağı məhv olub gedib. Ötən il mən 70 litr dizel alıb, yer suvarmışam. Ordan nə qazanacağım isə heç bəlli deyil. O qədər pulu haradan tapım, təqaüdcü adamam. Daha çox yonca və buğda əkirəm. Onun suvarılması üçün də xeyli pul xərcləməli oluram. Arazqırağı sahədir, "Rəsul kanalı"nın dibində susuzuq. Həmin kanalın 100 elçisi var. Böyük təsərrüfatlar kiçik təsərrüfatları boğub öldürür. Bizə su vermir. 200 hektar yeri olanlar var ki, hətta ərazilərində süni göl yaradıb, balıq da saxlayırlar. Nəticədə, bizim torpaqlara su gəlib çıxmır. Belə olan halda biz nə edək? O torpaqdan başqa gəlir yerimiz yoxdur. Nəvələrimizi, balalarımızı nə ilə saxlayaq, xeyrə-şərə nə ilə gedək? İndidən sonra mənim gedib vəzifədə işləyən, fəhləlik edən yaşım deyil".

Kəndlilərdən Qüdrət Zeynalov 6 aydır yonca əkib. Ancaq suvara bilməyib. Deyir, hətta burada elə sahələr var ki, əkini heç bircə dəfə də suvara bilmir:

"Belə olan halda biz nə məhsul götürəcəyik? Qırılıb batırıq. Bizi zorla ehtiyaclı təbəqə etmək istəyirlər. Gül kimi torpaq var, əkək, becərək, dolanaq deyirik, olmur. Çox demirik, 21 milyonda heç olmasa 10-15 min də bizim bu problemimizə ayırsaydılar, nə olardı ki? Motor 22 ildir gəlir, hələ də gəlib çıxmır. 1 hektar yerə qoyduğumuz mayanı məhsuldan çıxara bilmirik. Əlimizdə qalan bir əkinçilikdir. Çünki kəndin örüş sahələrini də zəbt ediblər. Əkinçilikdə də şərait yoxdur, edə bilmirik, dolanmaq olmur. Bu günləri yenə yola vermək olur, çünki yağış yağır. Birazdan havalar isinəndə torpaqlarımız od tutub yanacaq. 21-ci əsrdə kəndli üçün heç bir şərait yoxdur".

Meydan TV məsələyə münasibət öyrənmək üçün İmişli Rayon İcra hakimiyyəti ilə əlaqə saxlayıb. İcra hakimiyyətinin ərazi idarəetmə orqanları ilə iş şöbəsinin müdiri Mirzə Quliyev Cavadxanlı kəndinin su ilə bağlı problemindən xəbərdar olduqlarını bildirib:

"Bizə problemləri ilə bağlı həm məktubla müraciət ediblər, həm də icra hakimiyyətinə gəliblər. Hətta onlara rəsmi cavab da vermişik. Kəndə problemlə bağlı artıq bir motor alıb göndərmişik. Yəni problem qismən həll edilib. İkinci birini də alacağıq tezliklə. Beləliklə, problem tam həll ediləcək. Nəzarətimizdədir, həll olunacaq”.

Ana səhifəBölgəKəndli: Bölgələrdəki böyük təsərrüfatlar kiçikləri boğur