Zərdüşt Əlizadə
Azərbaycan nümunəvi istibdad ölkəsidir və bu ölkədə bir beyin və bir iradə işləyir
İnternet saytlarına şərh yazanların çoxu çalışır mətləbin dərininə getməsin, sadəcə öz ilkin rəyini yazıb həddən ziyadə baş qoşmasın.
Fəqət hətta ötəri bildirilən fikir belə şərh sahibinin kimliyini, onun düşüncə tərzini dəqiq aşkar edə bilir, necə ki, dəniz suyunun bir damlası onun şorluğundan xəbər verir.
Saytlarda Qarabağ ermənilərinin reinteqrasiyası ilə bağlı çarxları diqqətlə izləyirəm, o cümlədən şərhləri oxuyuram ki, camaatın əhvalını tuta bilim. Əlbəttə, camaatın əhvalı bizim ölkədə ən vacib məsələ deyil, lakin hər necə də olsa, mən ki, prezident aparatının məmuru deyiləm, camaatın rəyini bilsəm, faydalı olar.
Bəli, mütəxəssislər ermənilərin cəmiyyətimizə qayıdışını müzakirə edir. Burada kiminsə yadına mərhum Əbdürrəhman Vəzirovun o vaxtkı vətənşivənləri hədsiz qəzəbləndirmiş “ermənilər qayıdır” müjdəsi düşə bilər, lakin etiraf edək ki, zəmanə az da olsa, əhalimizə nəyi isə öyrədə bilib. Bu xəbərə qəzəblənənlərin sayı bu dəfə kəlləçarxa çıxmayacaq, azı heç kim Azadlıq meydanına çıxıb “istefa” bağırmayacaq.
Müzakirə əsnasında dünyanın müxtəlif ölkələrində oxşar dərdlərə tapılmış çarələrdən söhbət aparılır. Məsələn, sabiq Yuqoslaviya dövlətlərində qanlı müharibələrdən sonra bir dövlətin sərhədləri içərisində barışıb yaşayan xalqların dinc birgəyaşayışını təmin etmək məqsədilə azlıqların ana dili hüququna qanunla verilən təminat xatırlanır və deyilir ki, Azərbaycanda da erməni dilinə oxşar təminat verilə bilər.
Mən Balkanlardakı bu təminatın mənasını və gərəyini anlayıram: bu xalqlar Avropada yaşayır və Avropa İttifaqının qanunlarına uyğunlaşmağa çalışır. Avropa qanunları isə milli azlıqların ana dilinin tədrisi, qorunması və inkişafı mövzusuna ciddi önəm verir.
Bəli, keçirəm bizim qədim və mədəni xalqımızın nümayəndələrinin şərhlərini oxumağa. Necə deyərlər, onlar öz könüllərini açıb ürək sözlərini səpirlər millətin ekranlarına. “Alın a, baxın a, yana-yana qalın a!”.
Bir daha xatırladıram ki, mövzu müharibə deyil, mövzu barış, dinc birgə və yanaşı yaşama yollarının müzakirəsidir. Bu şərh yazanlar Kəlbəcər və Laçın dağlarında postda və səngərdə əllərində silah durmayıblar, evlərində masa arxasında əyləşib ekrana tamaşa edirlər. Müharibə iki il yarım bundan əqdəm qurtarıb, indi barış dəmidir.
Bir igid şərhdə qəzəblə yazır ki, “erməni dilinə heç bir hüquq verilməsin!” O birisi yazır ki, “erməni dilində məktəb və dərslik olmaz”.
Xub, belələrini ömrüm boyu az görməmişəm və öyrəncəliyəm. Mirzə Ələkbər Sabir belə vücudları “heyvərə” adlandıranda çox ümid edirdi ki, gələcək Azərbaycanda onlar yoxa çıxacaqlar, onların yerinə qanacaqlı və mərifətli azərbaycanlılar gələcək. Dahi şairimiz, çox təəssüf ki, yanılırdı.
Lakin məni mütəəssir edən bir şərhi cavabsız qoymaq istəmədim və əlim dinc durmadı.
Bir arkadaşımız yazdı ki: “Ermənilərə ana dili və bu dildə dərslik hüququ vermək olmaz. Mən talışam və bizim məktəblərdə talış dilində nə dərs deyirlər, nə də talış dilində dərsliklər var. Odur ki, mən erməni dilində tədrisin əleyhinəyəm. Onların nəyi talışlardan artıqdır? Bizdə yoxdursa, qoy onlarda da olmasın”.
Bəh-bəh, necə də qibtəediləsi vətənpərvərlik! Necə də misilsiz vətəndaş şüuru! Əminəm ki, məhz belə vətəndaşların sayəsində ölkəmizdə misli-bərabəri olmayan sabitlik şəraitində son 30 ildə 20 saxta seçki keçirilib, minlərlə insan şərlənib qazamata salınıb, onlarla milyard dollar oğurlanıb xaricə daşınıb və dövlətimizin adı dünyanın bütün bədnam siyahılarında öncüllər sırasındadır.
Bu sətirləri yazan talış arkadaşımızın sanki nə dünyadan, nə də Azərbaycan Respublikasının Konstitusiyasından xəbəri var. Bu insan bilmir ki, dövlətimizin ən ali qanunu milli azlıqların dilində təhsili və dərslikləri bunu istəyən vətəndaşların danılmaz hüququ kimi tanıyıb. Bu qanuni hüquq bütün mədəni dövlətlərin konstitusiyalarında təsbit edildiyinə görə bizim dövlətin də ali qanununa salınıb.
Şübhəsiz ki, reinteqrasiya barədə danışıqlar başlasa və erməni əhalisi Qarabağda qalsa, Azərbaycan hökuməti erməni əhalisinin bu hüququnu, o cümlədən erməni dilində dərslikdən oxumaq hüququnu tanıyacaq. Başqa cür ola da bilməz! Hökumətimiz ermənilərin bu hüququnu tanımasa, təcrid olunacaq, beynəlxalq aləmin gözündə 44-günlük müharibənin dəyərini və şəhidlərimizin qanını heçə endirəcək.
Burada sual yaranır: bəs bizim əziz talış arkadaşımız nə üçün bütün vətəndaşlara verilmiş bu Konstitusiya hüququnun pozulmasına belə dözümlü yanaşır?
Axı sirr deyil ki, dövlətimizin Konstitusiyasının bizim vətəndaşlara təmin etdiyi bu hüquqların gerçəkləşməsinə mane olan səbəb şəxsən Prezidentin və Ali Baş Komandanın göstərişi ilə xeyli sayda vicdansız məmurun həyata keçirdiyi zorakı qadağanlardır.
Nə üçün “prezidentin göstərişi”” yazıram? Çünki bilirəm ki, ölkəmizdə bütün yaxşı və bütün pis işlər onun göstərişi olmadan həyata keçirilə bilməz. Azərbaycan nümunəvi istibdad ölkəsidir və bu ölkədə bir beyin və bir iradə işləyir. Vətəndaşların Konstitusion hüquqlarını pozan, talış dilini və bu dildə tədrisi yasaq edən məmurlar, prezidentin icazəsi olmadan belə aşkar qanun pozuntusuna cürət etməzdilər.
Qaldı talış arkadaşın “bizə icazə vermirlərsə, qoy erməniyə də icazə verməsinlər” mövqeyinə, onun bu sözləri mənə köhnə sovet lətifəsini xatırlatdı.
“SSRİ-də iqtisadi vəziyyət durmadan pisləşir. Ət-yağ, çörək qəhət olur, fəhlələrin maaşları kəsilir, hər ay azaldılır. Böyük bir zavodun direktoru kollektivi toplayıb deyir ki, “Mərkəzi Komitədən göstəriş gəlib, maaşların azaldılması kifayət etmir, biz bundan sonra hər gün gərək bir fəhləni sexdə boğazından asaq. Yoldaşlar, nə təkliflər var?”.
Fəhlələr susur, yalnız bir fəhlə əlini qaldırır. Direktor əsəbi soruşur: “Nə sözün var”? Fəhlə soruşur: “Kəndiri özümüz evdən gətirməliyik?”.
İndi də iyirmi birinci əsrin 23-cü ilində öz konstitusion hüquqlarından, bu hüquqların gerçəkləşdirilməsi naminə Azərbaycanın talış fəallarının apardıqları fədakar mübarizədən xəbəri olmayan talış arkadaşımızın bu müasir zəmanə ilə ayaqlaşmayan mövqeyini görəndə və oxuyanda anlayıram ki, cəmiyyətimizin əksər üzvləri, kompüterdə oxuyub-yazmağı öyrənsələr də, əslində Vasif Talıbov cənabları demişkən, “iks-iks”əsrinin əvvəlində ilişib qalıblar.
Mənə nə qalır? Arzu etmək ki, vətəndaşlarımız qəflət yuxusundan oyanıb öz hüquqlarını özləri müdafiə etsinlər, daha gözləməsinlər ki, “erməni öz hüququnu tələb edəndə bizim də hüququmuz yada düşəcək”.