Ağcabədinin bu qəsəbəsində xeyli sosial problem var
“70 ilə yaxındır bu kəndi ayaq üstə qaldıra bilmirlər. Yenə, heç olmasa, Sovetin vaxtında dövlət kəndə görüm-baxım edirdi. Sovet dağıldı, birinci bu kəndin yolları dağıldı, tibb məntəqəsi də dağıldı… Bir dəfə burda ev yandı, yanğınsöndürənlər 3 saatdan sonra gəlib çıxdılar – yəni evin külü çıxandan sonra…”
Ağcabədinin Şənlik qəsəbəsinin sakinləri Meydan TV-yə danışırlar ki, qəsəbə 1950-ci ildə qurulsa da, Sovetdən miras qalma sosial problemlər hələ də həll olunmayıb. Bu qəsəbənin təqribən 4 minlik əhalisi var. Ancaq nə yolu, nə tibb məntəqəsi, nə bir mədəniyyət ocağı, nə uşaq baxçası var. Məktəbsə bərbaddır. Sakinlər deyir, qəsəbənin təkcə yollarına ayrılan pulları üst-üstə yığsan, hesabı itirərsən. Ancaq yol düzəlmir ki, düzəlmir.
Neçə dəfə pul ayrılıb
Sakin Telnarə Xasıyeva:
“Bu yollara neçə dəfə pul ayrılıb. Əvvəl gəlib deyiblər ki, gözünüz aydın, tezliklə normal yolunuz olacaq, sonra eşitmişik ki, sən demə, söhbət başqa kəndin yollarından gedir, yolu başqa kəndə çəkirlər. Heç nə demirik, hər kəndə yol lazımdır, çəkilməlidir, hamının insan kimi normal yaşamaq haqqı var, ancaq bizim də var axı… Yolumuzu çəksinlər, yay-qış sudan əziyyət çəkirik, onu düzəltsinlər”.
Özümüz yol çəkmişik
Kənd sakinləri deyirlər ki, adı Şənlik olsa da, burada üzü gülən az adam tapılar. Gündəlik sosial problemlər qəsəbə sakinlərini əməllicə sıxır. Qəsəbə sakini olan Gülnaz xanım deyir, burada yaşayanların gözlərindən kədər, alınlarından qırış əskik olmur:
“Şənliyi rayonla 23 kilometrlik bərbad yol birləşdirir. İllərdir ki, adamlar hökumətdən o yolun təmirini istəyir. Nəhayət, özümüz rayona yaxın körpüyədək öz hesablarına 8 kilometrlik yol düzəltdik. Biri taxılını satıb pul verdi, biri heyvanını satdı pul verdi, axır ki, yolu çəkdik. Ancaq öz çəkdiyimiz yol nə olacaq? O da dağıldı getdi. İndi o 8 kilometrlik yolu da 3 saata başa çıxırıq. Təcili yardım gəlib çıxa bilmir, yanğınsöndürən vaxtında yetişmir… Bir xəstəmiz olanda o yolla aparmaq çətin olur. Maşın xəstəni o qədər atıb-tutur ki, elə yoldaca keçinir”.
Ağcabədi Rayon İcra Hakimiyyətindən Meydan TV-yə bildirilib ki, 9 ay əvvəl prezident rayonun 3 yaşayış məntəqəsini birləşdirən yolun tikintisinə 8 milyon ayırıb və hazırda həmin yolda tikinti işləri aparılır:
Söhbət Hacıbədəlli-Pərioğlular-Təzəkənd yolundan gedir. 18 kilometrlik yolda tikinti işləri davam edir. Bundan əvvəl də rayon ərazisindəki yolların tikintisi, təmir-bərpası işləri aparılıb. Bundan sonra da davam edəcək. Bu işlər növbəli şəkildə həyata keçirilir. Növbəti layihələr qeyd etdiyiniz kəndləri də əhatə edəcək. Digər problemlər də öyrənilir, araşdırılır, tədbir görülür”.