“Kənd təsərrüfatı üçün ayrılan pullar məmurlar tərəfindən mənimsənilir”

Vahid Məhərrəmov: “Bu sahədə problemin yaranmasının səbəbi ayrılan maliyyənin talan edilməsidir”

Source:


Vahid Məhərrəmov: “Bu sahədə problemin yaranmasının səbəbi ayrılan maliyyənin talan edilməsidir”

Prezident İlham Əliyevin “2014-2018-ci illərdə regionların sosial-iqtisadi inkişafı üzrə Dövlət Proqramının həyata keçirilməsinin birinci ilinin yekunları” haqda keçirdiyi müşavirədə kənd təsərrüfatı ilə bağlı söylədikləri maraqlı suallar doğurdu.

Prezident sual etmişdi ki, niyə boş torpaqlar indiyə qədər əkilib becərilmir: “Axı onlara pul ayrılır. Biz büdcədən pulu məmurlara ayırmırıq axı, fermerlərə ayırırıq. Hektarlarla torpaqları bəzi-bəzi adamlar zəbt ediblər, təyinatı üzrə istifadə etmirlər”.

Dövlət başçısı torpaq kadastrları istiqamətindəki problemlərə və fermerlərə ayrılan subsidiyaların mənimsəməsi məsələsinə  toxunmuşdu.

Prezidentin çıxışını Meydan TV-yə şərh edən kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmov boş torpaqların olması barədə dəqiq məlumatın olmadığını dedi: “Güman ki, bu sahədə nəzərdə tutulan işlər tam həyata keçirilməyib. Ölkə başçısı elektron torpaq uçotunun hazırlanmasını da vurğuladı ki, mərkəzdən qısa müddətdə məlumat alınsın. Görünür, bu istiqamətdə alınan maliyyə vəsaitləri təyinatı üzrə xərclənmədiyindən hələ dəqiq məlumat yoxdur”.

Vahid Məhərrəmov bildirib ki, prezidentin subsidiyalarla bağlı mənimsəmələri vurğulamasına ciddi yanaşılmalıdır: “Uzun müddətdir biz bu barədə narahatçılığımız ifadə edirik. 2007-ci ildən kənd təsərrüfatının inkişafı üçün ayrılan subsidiyalar yerlərdə məmurlar tərəfindən mənimsənilir, “pripiska”ya yol verilir və rəqəmlər şişirdilir. Əlbəttə, bu razılaşdırılmış formada ola bilər, başqa halı təsəvvür etmək mümkün deyil. Yaranmış bu durum isə qeyri-dəqiq statistikanın ortaya çıxmasına səbəb olur, bu statistika da problemin mövcudluğunu ört-basdır edir. Ona görə mütəxəssislər problemləri araşdırmaqda çətinlik çəkirlər. Təəssüf ki, 8 ildir bu sahəyə ayrılan maliyyə, prezidentin özünün də etiraf etdiyi kimi, məmurlar tərəfindən mənimsənilirdi. Əvəzində isə rəqəmlər şişirdilirdi və mərkəzə yalan rəqəmlər verilirdi. Bütün bunların nəticəsində bizim idxaldan asılılığımız artırdı. Konkret fakt: subsidiya verilənə qədər təxminən 700-800 min ton  buğda idxal olunurdusa, subsidiya veriləndən sonra idxal olunan buğdanın həcmi iki dəfə artıb. Əksinə, subsidiya bu sahəni stimullaşdırmalıydı, buğda istehsalını artırmalıydı. Çünki hər hektar üçün 80 manat subsidiya nəzərdə tutulmuşdu. Deməli, dövlət büdcəsindən kənd təsərrüfatının inkişafı üçün ayrılan maliyyədə mənimsəmələr olub. Beləliklə, bu sahədə haram görən fermerlər uzaqlaşdı”.

Ekspert sadaladıqları amilləri nəzərdə tutaraq Azərbaycanın taxıl məhsuluna görə Rusiya və Qazaxıstandan asılı olduğu qənaətindədir: “Bir daha deyirəm, problemin yaranmasının səbəbi vaxtında ayrılan maliyyənin talan edilməsidir”.

Onun sözlərinə görə, hazırda problem daha dərindir. Çünki bu il ötən ilki göstəricilərə nisbətən 100 min hektar sahə az səpilib. Bütün bunlar onu deməyə əsas verir ki, ayrılan maliyyənin kimlərin mənimsənildiyi aydınlaşmayıb, onlar haqda cəza tədbirləri görülməyib, problemlər davam edəcək. Ona görə ki, fermerlər hələ də məmurlara etibar etmirlər.

Ana səhifəXəbərlər“Kənd təsərrüfatı üçün ayrılan pullar məmurlar tərəfindən mənimsənilir”