Birinci Şahsevənə mavi yanacaq verildiyi deyilsə də, kənd sakinləri bayram xörəklərini yenə ocaqda bişirir
“Gətirib bir qaz balonu qoşdular, məşəl kimi bir şey alışdırdılar, fəhlələri düzdülər, alqışladılar, adını da qoydular ki, guya kəndə mavi yanacaq verildi. Başçı danışdı, telekanallar çəkdi, dağılışdılar, qaz balonunu da yığışdırıb apardılar. Şübhəniz varsa, durun gəlin, baxın, çaydanımız da, qazanımız da həmişəki kimi odun peçinin üstündə qaynayır”.
Beyləqanın Birinci Şahsevən kəndinin sakinləri Meydan TV-yə danışırlar ki, martın 17-də kəndə mavi yanacağın verilişi ilə bağlı tədbir keçirilib. Beyləqan Rayon İcra Hakimiyyətinin nümayəndələrinin və başqa məmurların iştirakı ilə keçirilən tədbirdə kəndə qaz verilişi münasibətilə təbrik nitqləri söylənilib. Sonra qaz verilişini simvolizə edən məşələ qoşulmuş qaz balonu alışdırılıb. Sakinlərin bir qismi buna etiraz edib.
Kənd sakini Fuad Əliyev:
“Telekanallar sakinlərdən müsahibə aldı. Biz bildirdik ki, kəndə mavi yanacaq verilibsə, niyə qaz balonu alışdırılır? Gedək mənzillərə, qazı açaq, çəkin. Müsahibə verdik ki, məmurlar prezidenti ələ salır. Qaz balonu alşdırıb görüntü yaradırlar, prezidentə “kəndə mavi yanacaq verdik” – deyib aldadırlar. Təbii ki, bizim danışıqlarımız efirə verilmədi, əvəzində efirə pulla ələ alınmış bir-iki sakinin prezidentin canına duası, tərifi, təşəkkürü getdi”.
Rəsmi məlumata görə, Beyləqan rayonunun təbii qazla təmin edilən yaşayış məntəqələrinin sırasına Birinci Şahsevən kəndi də əlavə olunub. 1641 abonenti olan kəndin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 172 min 91 metr müxtəlif diametrli polietilen və metal borularla qaz xətləri çəkilib, mənzillərə sayğac və fərdi tənzimləyici quraşdırılıb.
Sakinlərsə bildirirlər ki, bəli, kənddəki mənzillərin hər birinə qaz xətti çəkilib və sayğaclar quraşdırılıb. Mavi yanacağın verilişi ilə bağlı yazılanlar isə həqiqətə uyğun deyil:
“Kəndimizə mavi yanacaq çoxdan verilməli idi. Bu işə görə xeyli vəsait ayrılmışdı. İşlər çox ləng gedirdi. 1 il əvvəl qaz xətlərini çəkməyə başladılar. Hətta xətlərə hava vurub yoxlamalar da apardılar. Ancaq qaz verilmədi. Kənd sakinləri də tez-tez yığışıb prezidentə məktub yazırdı. Məmurlar prezidentə söz vermişdilər ki, Novruza qədər kənd mavi yanacaqla təmin olunacaq. Novruza 3 gün qalmış saxtakarlıq edib növbəti dəfə prezidenti aldatdılar. Baxmayaraq ki, telekanallar və rəsmi saytlar Birinci Şahsevən kəndinin qazla təmin olunmasından danışır və yazır. Gəlib yoxlaya bilərsiz, kəndə bircə kub da qaz verilməyib”.
Beyləqan Rayon İcra Hakimiyyətindən Meydan TV-yə bildirilib ki, bəzi texniki məsələlərə görə kəndin yalnız bir hissəsinə qaz verilib. Yaxın günlərdə qaz təminatı bütün kəndi əhatə edəcək:
“Deyilənlər həqiqətəuyğun deyil. Simvolik məşəl təbii qaz xəttinə qoşulmalı deyildi ki…”
“Azəriqaz” İB-dən məsələyə münasibət öyrənmək mümkün olmayıb.
AzərTAC-ın
məlumatı
na görə, Novruz bayramı ərəfəsində Birinci Şahsevən kəndinə təbii qazın verilməsi sakinlər tərəfindən böyük sevinclə qarşılanıb. Kənd sakinləri yaşayış məntəqəsinin təbii qazla təmin olunmasına görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər. Sonda təbii qazın verilməsini bildirən rəmzi məşəl alovlandırılıb.