Vətəndaş evin sürüşmədən, rəsmi qurum isə köhnəlikdən dağıldığını deyir
“Evin özülü çöküb, hər günümüzü, anımızı səksəkə içində yaşayırıq. Hara müraciət ediriksə, deyirlər, bizlik deyil”.
Bunu Meydan TV-yə Lerikin Züvüç kənd sakini Tural Həsənli deyir. Şikayətçi iddia edir ki, bir neçə ildir ki, kənddə baş verən torpaq sürüşmələri nəticəsində yaşadıqları ev qəzalı vəziyyətə düşüb. Ancaq aidiyyəti qurumlar çarəsinə baxmayıblar. Bir neçə il əvvəl kənddəki evlərə baxış keçirəndə onların evi “yaddan çıxıb”.
“Kor-kor, gör-gör, evimiz çökür”
Şikayətçi deyir, uzun illərdir ki, aidiyyəti qurumların nümayəndələrini gözləyə-gözləyə qalıblar:
“Kənddə belə evlər çox idi. Hamısına çarə etdilər. Təkcə bizə belə yanaşırlar. Halbuki, son vaxtlarda sürüşmənin aktivləşdiyi dərə deyilən əraziyə ən yaxın ev bizimkidir. Kor-kor, gör-gör, evimiz çökür, özül tərpənir, divarları aralanıb. Kənddə bizdən başqa hamının evi təmir-bərpa olunub, hətta təzə evlər də tikilib, paylanıb. Bircə bizi görməzdən gəlirlər. 6-cı ilə keçib ki, Fövqəladə Hallar Nazirliyinə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinə müraciət edirik. Evin fotolarını, videolarını çəkib göndərmişik. Axı biz vətəndaşıq, haray çəkirik ki, həyatımız təhlükədədir, getməyə yerimiz yoxdur, gəlib itirib-axtaran yoxdur”.
“Ev sürüşmədən yox, köhnəlikdən qəzalı vəziyyətə düşüb”
Lerik Rayon İcra Hakimiyyətindən Meydan TV-yə bildirilib ki, Züvücdəki Həsənlilər ailəsi dəfələrlə quruma müraciət ediblər. Hətta qurumun rəhbərliyi də həmin evdə olub:
“Hardasa 3 il əvvəl başçının birinci müavini Cəlil Baxşıyev orda olub. Qurum da Fövqəladə Hallar Nazirliyinə müraciət edib. Çünki icra hakimiyyəti ev tikmir, təmir etmir, belə bir vəzifəsi, səlahiyyəti yoxdur. Bu işlərlə Fövqəladə Hallar Nazirliyi məşğul olur. O da yalnız o halda məşğul olur ki, vətəndaşa məxsus tikili təbii fəlakət nəticəsində dağılmış olsun. Ancaq Fövqəladə Hallar Nazirliyindən bizə məlumat verildi ki, həmin evə baxış keçirilib. Evin qəzalı vəziyyətdə olmasının sürüşməylə heç bir əlaqəsi yoxdur. Köhnə evdir, belə halda evi vətəndaş özü düzəltməlidir. O vətəndaş bizə yüz dəfə də müraciət etsə, o evə nümayəndəmiz yüz dəfə də gedib-gəlsə, cavab eyni olacaq, biz ev tikən qurum deyilik, səlahiyyətimizə aid deyil və bizə buna görə büdcə ayrılmır”.
Hüquqşünas: “Ekspertiza keçirilməlidir”
Tural Həsənli isə razılaşmır. Deyir, ev Sovet vaxtından qalma olsa da, qəzalı olmasına səbəb evin ətrafında intensivləşən sürüşmə olub:
“Bir gün eşidərsiz ki, Züvücdə bir ailə dağıntılar altında qalıb”.
Hüquqşünas Namizəd Səfərov deyir, vətəndaşla icra orqanları arasında belə bir fikir ayrılığı yaranıbsa, vətəndaş məhkəməyə müraciət etməlidir:
“Məhkəmə ekspertiza təyin etməli, evin hansı səbəbdən qəzalı vəziyyətə düşməsi ekspertiza rəyinə əsasən müəyyən edilməlidir. Bundan sonra məhkəmə tərəfindən cavabdehin üzərinə öhdəliklər qoyulmalıdır”.