Kənd həyatı

“Dolanışıq üçün kələm əkirik. Məhsulu satmağa yerimiz yoxdu. Elə bu kəndin adamlarıdı alıcılarımız. Bostandan birbaşa çıxarıb satırıq”. Bu sözləri Yaşar Əhmədov deyir. 1993-cü ildən Bərdə rayonunda məcburi köçkün kimi məskunlaşan Əhmədovlar ailəsi ağır kənd həyatı yaşayır.

Evin kiçik oglu Yaşar Əhmədov ailənin 7 nəfərdən ibarət olduğunu deyir. Ata-anası, qardaşının ailəsi və özü 3 otaqlı evdə yaşayırlar: “Atam səhər tezdən oyanıb inəklərə baxır, tövlənin təmizliyini edir, anam süd sağır, sonra yem verilir”.

İnəklərə gün ərzində 4 dəfə yem verilir, iki defe sağılır. Torpaq sahəsi olmadığından ailə otu pulla alır. Yaşar Əhmədovun sözlərinə görə, ailənin əsas qazancı kələm satmaq olduğundan dolanışıqları ağırdır: “Kələmi bazar qiymətindən aşağı satırıq. Üstəlik kəndin içində bir necə nəfərin kələm sahəsi var”.

Əhmədovlar ailəsinin günü ancaq işləməklə keçir. Yaşar Əhmədov deyir ki, tək onlar yox, bütün kəndlilər belədir. Hər gününü ağır keçirən kəndli növbəti günə tez başlamaq üçün tez yatmaq məcburiyyətindədir. Bu səbəbdən də axşam saat 10-da kənddəki bütün evlərdə işıqlar sönür.

Ana səhifəVideoKənd həyatı