Kənd gəncinin Bakı nağılı

Maldarlqdan fəhləliyə aparan arzular…

Source:

2015-ci ildə bitirdiyim ilk əsər, Nobel mükafatı laureatı Knut Hamsunun “Torpağın bərəkəti” əsəri oldu. Açığı, əsər mənim üçün fövqəladə maraqlı olmadı. Yəni çox təsirli və axıcı deyildi. Əksinə, gec oxuyub, qurtardığım əsərlərdən oldu. Çox fundamentalist təsir bağışladı. Amma ənənəvi olaraq, kitabdan çox şey götürdüm, öyrəndiyim çox şey oldu.

Bakıda doğulub, yaşasam da, uşaqlıqdan bayram və yay tətillərimi kənddə keçirmişəm. Kəndimizdə təsərrüfatda, torpaqda çalışmışam. Əkin-biçin işi, heyvan-qaraya baxmaq mənə yad işlər deyil. Ot biçmək, kartof, bibər, qarğıdalı, qarpız əkməkdən, toplamaqdan, at çapmaqdan, heyvan suvarmaq, qoyun-quzunu otarmaqdan xüsusi zövq almışam. Aylarla kənddə yaşamışam. Bu üzdən, əsər mənə doğma gəldi. Hətta kitabı bitirənə yaxın qəhərləndim də. Ona görə ki, mənə doğma gələn həyat tərzi və qəhrəmanlarla vidalaşırdım.

Əsər haqqında. «Torpağın bərəkəti» (1917) romanı XX əsr dünya ədəbiyyatının ən monumental epik əsərlərindən biridir. Əsərin təhkiyəsi onun qəhrəmanlarının həyatı kimi aramlı və sakitdir. Boş, heç kəs tərəfindən becərilməyən dövlətə məxsus meşəlik sahəyə İsaak adlı bir adam gəlib, burada işləməyə başlayır. Bir müddətdən sonra onun yanına bataqlıqdakı cığırdan keçərək, İnger adlı bir qadın da gəlir. Əvvəlcə o, İsaakın yanında işçi kimi çalışır, sonra isə onlar evlənirlər…

İsaak və İngerin düşüncələri, duyğuları, zəhmət və xoşbəxtlik dolu həyatlarıtək sadə olsa da, primitiv deyil. Lakin İnger təzə doğulmuş dovşandodaq qızını tələf etdiyi üçün həbs olunur və İsaak yeddi il tək qalmalı olur.

Roman ürəyində torpaq sevgisi olanlara mənəvi qida verir. Hamsun açıq publisistikaya müraciət etmədən, sırf bədii vasitələrdən istifadə etməklə, kənd həyatının şəhərdən üstünlüyü ideyasını irəli sürür. Onun torpağa bağlı olan bütün qəhrəmanları həyatın çətinliklərinə və sınaqlarına əzmlə sinə gərirlər. Doğma torpaqdan uzaq düşənlər isə narahat, qeyri-sabit həyat sürərək bədbəxt insanlara çevrilirlər.

Əsər çox böyük uğur qazanaraq, 1920-ci ildə Nobel sülh mükafatına layiq görülmüş, dünyanın əksər dillərinə tərcümə olunaraq, müəllifinə dünya şöhrəti qazandırıb.

O qədər də çox bəyənmədiyim bir əsər haqqında bu qədər şey yazmağımda təbii ki, səbəb var. Bu gün Azərbaycan kəndlisi torpaqda işləmək istəmir. Elə olmasa, zatən İran və Türkiyədən gətirilən çeşidli və az keyfiyyətli kənd təsərrüfatı mallarını istehlak etməzdik. Həmin az keyfiyyətli malları adını çəkdiyim ölkələrdə çox insanlar istifadə etmirlər. Çoxunun vaxtı keçir və ucuz qiymətə o keyfiyyətsiz malları elə özümüzkülər bizim 9 iqlimə və zəngin təbiətə malik ölkəmizə daşıyırlar. Bizlər də həmin “otxod”ları yeyir, sonra isə özümüzdə min cür xəstəlik olduğunu aşikar edərək, ölkəmizin aptek bazarına yüksək gəlir gətiririk.

Hər şeyi hökümətin üstünə atıb, şikayət etmək ayıbdır. Hər kəs yaxşı anlayır ki, sistemdə böyük boşluqlar var və həmin sistem insanları hər işdə dürüst və yaxşı adam olmağa səsləmir. Amma bu, ona imkan vermir ki, sistemi bayraq edib, günü-gündən passivləşəsən. Knut Hamsun elə-belədən əsərinin adını “Torpağın bərəkəti” adlandırmayıb. O torpağın orada zəhmətlə işlədikcə necə insana bərəkət gətirdiyini bütün detalları ilə açıqlayır. Knut Hamsunun özünün çox ağır həyatı olub və o, özüdə yaşadığı Norveçdə məhz əsərində olduğu kimi torpaqdan bərəkət alıb.

Mən adam tanıyıram, rayonda yaxşı heyvan-qarası, geniş meyvə və əkinçilik sahəsi olmasına rəğmən, valideynlərinə kömək etməkdən imtina edib. Bakıda kirayə ev tutaraq, hansısa tikinti şirkətində fəhləlik etməyi üstün tutmuşdu. Həqiqətən də həmin geniş və zəngin torpaqları işlədikcə, onlara bərəkət gətirirdi. Həmin oğlan isə kənddə işləyib, məhsuldarlığı artırmaq əvəzinə, Bakının dəbdəbəli və işıqlı görünüşünə aldandı. Burdakı qəşəng, yaraşıqlı binalar, qadınlar və bulvar onun üçün sanki təşnəsində olduğu azadlıq kimi bir şey idi.

Nəticədə nə oldu? O oldu ki, həmin “azadlıq və dəbdəbə” eşqi ona baha başa gəldi. Adam işlədiyi tikinti şirkətində yıxılaraq, ağır onurğa travması aldı. Bu gün həmin oğlan yenədə öz kəndlərindədir və aldığı travmada sonra yerimədiyi üçün, əlil arabasından istifadə edir. Bakıda bir dəfə onunla reabilitasiya mərkəzində olanda anası bizə demişdi ki, “Nə qədər yalvardım, getmə Bakıya. Dedim, qal, bizə kömək et. Yaxşı da gəlirimiz var idi. Xeyri olmadı”.

Həmin oğlanın qardaşı da bu gün Bakıda kirayə qalır və bağ-bağça ustası kimi fəaliyyət göstərir. Zəhməti çəkən isə yaşı 55 dən yuxarı olan valideynlərdi.

Belə adamlar çoxdu Bakıda. Onlar böyük işığa toplanmış pərvanə kimidilər. Onlar nə təhsil almaq istəyir, nə də öz həyət-bacalarında işləmək istəmirlər. Bakıya düşən kimi, fəhləçilikdən əldə etdikləri ilk maaşla ən bahalı mobil telefonu kreditə götürərək, sosial şəbəkələrdə və tanışlıq çatlarında qeydiyyatdan keçib, xanımlarla tanış olmağa çalışırlar. Istirahət günlərində də şəhərin canına düşüb, onun-bunun qızına, gəlininə sataşırlar.

Çox vaxt kəndə gedəndə, müşahidə etdiyim bir şeyi yazmaq istəyirəm sizə. Kənddəki qohum və qonşularımızın sutkanın çoxunu yuxuda olmasıdır. Adamlar səhər doqquzda-onda güclə durub, səhər yeməyi yeyib, bir az heyvan-qaranı yemləyib, əkin sahəsinə su verdikdən sonra, günorta saat bir-iki olan kimi hamılıqla yatırlar. Bir də saat altı-yeddidə oyanıb digər yarımçıq qalan işlərini davam etdirirlər. Mən ömür-billah heç vaxt kənddə günortalar yatmıram. Ümumiyyətlə, çox yatan biri deyiləm. Müşahidəm onu bildirir ki, insanlar çox az işləyirlər. Əsas da gənclər təhsilə sanki bir düşmənə baxırmış kimi baxıb, bacardıqca uzaq gəzərək, telefonda bayağı musiqiləri dinləyib, tənbəl manqurtlara çevrilirlər.

Bu, çox cidddi məsələdi və böyük islahata ehtiyac var. Bunun üçün də tənbəlliyin daşını atıb, torpaqda çalışaraq, ora bərəkət gətirməliyik. Bilmirəm, müqayisə nə dərəcədə düzgün olacaq, amma Norveç yüz il bundan əvvəlki İsaak və İngerlərin zəhməti hesabına Norveç olub. Bu gün isə bizim ölkə təkcə kənd təsərrüfatı deyil, bütün sahələr üzrə onlardan yüz il geridəyik. Nəticə çixartmağı sizə buraxıram.


Yazıdakı fikirlər müəllifə məxsusdur və onlara görə Meydan TV məsuliyyət daşımır.

Ana səhifəMənim FikrimcəKənd gəncinin Bakı nağılı