Kənan Rövşənoğlu: Gülən camaatında imam anlayışı iyerarxiya şəklində götürülüb


"Faiq Əmirli ilə əlaqədar deyilənlər inandırıcı deyil"

Avqustun 22-si Nərimanov rayon Məhkəməsi AXCP sədrinin köməkçisi Faiq Əmirli barəsində 3 aylıq həbs qətimkan tədbiri seçib. F.Əmirli milli, irqi, sosial və ya dini düşmənçiliyin salınması və dini məzhəbləri yaymaq maddələri ilə təqsirləndirilir. Hüquq-mühafizə orqanları F.Əmirlini Türkiyədə 15 iyul dövlət çevrilişində ittiham olunan Fətullah Gülənin Azərbaycandakı "imam"ı elan edib.

İmam nədir? Onun vəzifəsi, işi nədən ibarətdir? Meydan TV-nin suallarını əsasən dini mövzularda yazan jurnalist Kənan Rövşənoğlu cavablandırıb. Onun sözlərinə görə, dini təhsili olan, dini əməlləri bilən və məsciddə namaz qıldıran şəxslər imam hesab olunur: "Ancaq Fətullah Gülən camaatında imam anlayışı iyerarxiya şəklində götürülüb. Məsələn, məhəllə, şəhər, ölkə üzrə imamlar olur və onlar məhəllənin başbiləni, ağsaqqalı kimi qəbul edilir. 2016-cı ilin 15 iyul qiyamında məlum oldu ki, orduda imam gizirlər olub və hətta mayorlar, polkovniklər onlara tabe imişlər. Yəni camaat bağlantısı dini bağlantı sayılıb. Faiq Əmirliyə gəldikdə, onunla əlaqədar deyilənlər inandırıcı deyil. Ən əsas səbəb isə onun dini təhsilinin və camaata bağlantısının olmamasıdır".

K.Rövşənoğlu bildirib ki, Gülənin təşkilatı yarıgizli olduğundan təhsil ocaqlarında onların rektor, dekandan başqa dini rəhbərləri də olur: "Kiçik qrupları idarə edən liderləri olub, yəqin ki, Azərbaycanda da onların tərəfdarları var. Çünki Azərbaycanda camaata bağlı universitetlər, şirkətlər, məktəblər olub. Bu, Azərbaycana müstəqillikdən sonra ilk gələn camaat olub və ümumiyyətlə, biz Türkiyədən gələnlərə dini, etnik kimliklə yanaşmamışıq, ən başda olan da, ən aşağıda olan da onlara qucaq açıb. Nəticədə, camaat adamları uzun illər rahat çalışıblar".

K.Rövşənoğlu "Azərbaycan dövlətçiliyi üçün camaatın hər hansı bir təhlükəsi varmı" sualına belə cavab verib: "Hüquqi yanaşma budur ki, cinayət törədənə qədər hər kəs inancını və vicdanını yaşamalıdır. Konstitusiya və islam dininin qanunlarıyla baxdıqda, heç kimə yasaq qoyula bilməz. Amma Azərbaycandan fərqli olaraq, cümhuriyyət dövrü Türkiyəsində dini icmalara, təriqətlərə yasaq olduğundan dini çamaatlaşma dərinləşdi. Nəticəsi bu ilin 15 iyul və 2013-cü ilin 17 dekabr hadisələri oldu. Yəni bu camaat siyasi hakimiyyətin içinə daxil olduqda hansısa dövlət qurumunu ələ keçirməkdə iddialı olurlar. Orta Şərqə baxdıqda bu cür dini əsaslı qruplar sonradan siyasi iddialara düşərək siyasi tələblərlə ortaya çıxırlar. Türkiyədə demokratik və hüquqi sistem olduğundan camaat üçün daha rahat oldu və gizli şəkildə dövlətin müxtəlif qurumlarına daxil ola bildilər. 15 iyul olayı göstərdi ki, öz generalının deyil, camaatın rəhbərindən gələn təlimat əsasında xalqını bombalaya bilir. Mən özüm dinc insanlara necə atəş açıldığını gördüm. Türkiyədə müqəddəs yer hesab edilən Millət Məclisini belə bombaladılar, bu, artıq terror idi. Atatürkçü ordu zabiti heç zaman dövlətin hansısa binasını bombalamazdı. Beləliklə, dini qrupların siyasi iddialara düşüb böyüməsi, güclənməsi onların bu cür mənzərə yaratmasıyla nəticələnir. Sadəcə, bu, hər ölkədə fərqli formada üzə çıxır".

F.Əmirli avqustun 20-də mülki geyimli şəxslər tərəfindən saxlanılıb. O, Cinayət Məcəlləsinin 283.1 (Milli, irqi, sosial və ya dini düşmənçiliyin salınmasına, milli ləyaqətin alçaldılmasına, habelə milli, irqi, sosial və ya dini mənsubiyyətindən asılı olaraq vətəndaşların hüquqlarının məhdudlaşdırılmasına və ya üstünlüklərinin müəyyən edilməsinə yönələn hərəkətlər, aşkar surətdə və ya kütləvi informasiya vasitələrindən istifadə olunmaqla törədildikdə) və 168.1-ci (Dini məzhəbləri yaymaq və dini ayinlərin icrası adı altında fəaliyyət göstərən və bu fəaliyyətlə ictimai asayişi pozan, yaxud vətəndaşların sağlamlığına zərər vuran və ya formasından asılı olmayaraq vətəndaşların hüquqlarını pozan, habelə vətəndaşların qanunla müəyyən edilmiş vəzifələrini yerinə yetirməkdən yayındıran qrup təşkil etmə, ona rəhbərlik etmə və ya belə qrupda iştirak etmə) maddələri ilə təqsirləndirilir.

Ana səhifəVideoKənan Rövşənoğlu: Gülən camaatında imam anlayışı iyerarxiya şəklində götürülüb