Kənan Kazımoğlu: “Baş Prokurorluq onları axtarış aparılacağı haqda əvvəlcədən məlumatlandırmamışdı”

“Axtarış üçün dekabrın 26-nın seçilməsi təsadüfi deyil. Bu gün ABŞ-da və Avropa ölkələrində Milad bayramına görə istirahət günüdür, dövlət qurumları işləmir”

Source:


“Axtarış üçün dekabrın 26-nın seçilməsi təsadüfi deyil. Bu gün ABŞ-da və Avropa ölkələrində Milad bayramına görə istirahət günüdür, dövlət qurumları işləmir”

Praqadan mediaforum.az saytına telefonla verdiyi açıqlamasında Kənan Kazımoğlu bildirib ki, Baş Prokurorluq onları radionun Bakı ofisində axtarış aparılacağı haqda əvvəlcədən məlumatlandırmamışdı: “Qəfildən gəliblər büroya, radionun əməkdaşlarını bir otağa yığıblar, iş dayanıb. Nə axtardıqlarını bilmirik. Fakt odur ki, büronun işinə müdaxilə ediblər, media qurumunun normal fəaliyyətini pozublar, problem yaradıblar.

Biz bu hadisəni məhz “Azadlıq” radiosuna qarşı təxribat hesab edirik və Bakı bürosunun işinin pozulması istiqamətində atılmış addım kimi qiymətləndiririk. Axtarış üçün dekabrın 26-nın seçilməsi təsadüfi deyil. Bu gün ABŞ-da və Avropa ölkələrində Milad bayramına görə istirahət günüdür, dövlət qurumları işləmir. Amma hamı bilməlidir ki, “Azadlıq” radiosu belə təzyiqləri çox görüb. Bakı bürosu fəaliyyətini davam etdirir və etdirəcək. Heç bir halda işimizi dayandırmaq fikrimiz yoxdur”.

Kənan Kazımoğlu deyib ki, “Azad Avropa/Azadlıq” radiosunun rəhbərliyi Bakı bürosunda aparılan axtarış barədə məlumatlıdır: “Həm Vaşinqton, həm də Praqada oturan rəhbərlik axtarışla bağlı məlumatlandırılıb. Baş Prokurorluğun bu addımına müvafiq reaksiya veriləcək”.

“Baş Prokurorluq bəyan edib ki, Bakı bürosunda aparılan axtarış Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində istintaq olunan cinayət işi ilə bağlıdır. Bu cinayət işinin mahiyyəti haqda məlumatınız varmı” sualına Kənan Kazımoğlu belə cavab verib: “Ola bilər ki, Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində istintaq olunan hansısa cinayət işi var. Prokurorluğun işi cinayət işi qaldırıb onun istintaqını aparmaqdır. Bunun “Azadlıq” radiosuna nə aidiyyəti olduğunu öyrənmək istəyirik. Bütün addımlara hüquqi qiymət verilməlidir”.

Ana səhifəXəbərlərKənan Kazımoğlu: “Baş Prokurorluq onları axtarış aparılacağı haqda əvvəlcədən məlumatlandırmamışdı”