Qadınların hüquqlarını müdafiə edən təşkilatlar AXCP üzvünün azad olunmasını tələb edirlər
Hazırda həbsdə olan AXCP üzvü Kəmalə Bənənyarlının Nəsimi Rayon Polis İdarəsində işgəncəyə məruz qalması günün ən narahatlıq doğuran məsələsidir.
Kəmalə Bənənyarlının vəkili Əsabəli Mustafayev mətbuata bu barədə məlumat verdikdən sonra DİN mətbuat xidmətinin əməkdaşı Orxan Mənsurzadə olayı təkzib edib. Amma Kəmalə Bənənyarlı məktub yazaraq vəkilinin dediklərini təsdiqləyib.
Kəmalə Bənanyarlı məhkəmənin hökmü ilə 30 sutka azadlıqdan məhrum edilməzdən əvvəl işgəncəyə məruz qaldığını bildirib: “Mayın 7-də mən Binəqədi təcridxanasına yerləşdiriləndə başımdakı şişi burada mənim bədənimi yoxlayan qadına göstərmişəm, o, növbədə olan işçiyə başla boynumun arasında şiş olduğunu deyib. Mən bunu akta yazdırdım, məni gətirən 2 nəfər qol çəkməyə qorxdu, qəbul edən adam özü qol çəkdi. Bu gün mənə göstərilən akt isə həmin akt deyildi. Akt dəyişdirilərək, yerinə saxta akt qoyulub. Daha sonra Orxan Mənsurza də deyir ki, guya vəkil Əsabəli Mustafayev polisdə adamların döyülməsini deməklə, ictimai rəyi çaşdırır”.
Bəs Azərbaycanda fəaliyyət göstərən qadın təşkilatları Kəmalə Bənənyarlının durumu ilə bağlı hər hansı tədbir görürmü?
“Təmiz Dünya” İctimai Birliyinin sədri Mehriban Zeynalova polisin hərəkətini qanunsuz hesab etdi: “Yəqin ki, Kəmalə Bənanyarlı azad olunandan sonra işgəncəyə məruz qalması haqqında sübutları ictimaiyyətə təqdim edəcək. Bundan sonra qanunvericiliyə uyğun olaraq polislər cəzalandırılmalıdır”.
M.Zeynalova Kəmalə Bənənyarlı ilə görüşmək niyyətindədir: “Mən istənilən halda onu müdafiə edəcəyəm”.
Dilarə Əliyeva adına Qadın Hüquqları Müdafiə Cəmiyyətinin sədri Novella Cəfəroğlu bildirdi ki, polisin Kəmalə Bənanyarlıya qarşı əsas iddiası onun söyüş söyməsidir: “Polis rəisinə dedim ki, yaxşı, söymüşdü, verərdiniz məhkəməyə. Daha qadına əl qaldırmaq nə deməkdir? Kəmalə Bənənyarlıya işgəncə verən polislər DİN-dən qovulmalı, cəbhəçi xanım da azad edilməlidir. Çünki beynəlxalq konvensiyalar tələb edir ki, vətəndaşa işgəncəyə verən məmur işdən azad olunub cəzalandırılmalıdır”.
N.Cəfəroğlunun sözlərinə görə, Kəmalə Bənanyarlı olayı polis idarələrində yalnız kişilərə yox, qadınlara qarşı da işgəncə verildiyini sübut etdi: “Biz bu özbaşınalığı gündəmdə saxlayıb Kəmalə xanımı azad etdirəcəyik”.
Rasional İnkişaf Uğrunda Qadınlar Cəmiyyətinin sədri Şəhla İsmayıl deyir ki, hadisədən xəbər tutan kimi xanımlar üçün həmrəylik tədbirinin keçirilməsi təklifi ilə çıxış edib: “Tələbimiz Kəmalə xanıma işgəncə verən polislərin cəzalandırılmasıdır. Hesab edirəm ki, daha samballı hazırlaşıb, yaxşı aksiya keçirmək lazımdır”.
Şəhla İsmayıl qadın hüquqlarını müdafiə edən təşkilatların həmrəylik göstərməməsinə təəssüflənir: “Bunun səbəbini anlatmağa özüm də çətinlik çəkirəm. Bizim işlərimiz yalnız layihələrlə bağlı olmamalıdır. Qadınların hüquqlarını müdafiə edən təşkilatlar müəyyən addımlar atmalı, qanunsuzluqlara reaksiya verməlidir. Bu cür məsələlərə çox qəribə münasibətlər var, kim təşəbbüskarlıq göstərirsə, iş kənarda qalır, adamın şəxsiyyətini müzakirəyə çıxarırlar. Ümumiyyətlə, QHT sektorunda həmrəylik yoxdur, qeyri-sağlam rəqabət müşahidə olunur”.