Videobloger vəkilin və azyaşlının ailəsinin təzyiqi ilə material hazırladığını deyir
Azərbaycan Uşaqlar Birliyinini (AUB) sədri Kəmalə Ağazadə vəkil Kamran Tağıyevlə bağlı Vəkillər Kollegiyasına şikayət edib.
Bu haqda keçirdiyi mətbuat konfransında məlumat verən Kəmalə Ağazadə son günlər internet portallarında və sosial şəbəkələrdə özü və qəyyumluq etdiyi azyaşlı haqqında yayılan məlumatlara görə vəkili günahlandırır.
Məsələnin mahiyyəti barədə danışan birlik sədri deyir ki, rəhbərlik etdiyi Uşaq Sığınacaq-Reinteqrasiya Mərkəzində psixo-sosial iş aparılan zaman azyaşlı bildirib ki, doğma dayısı tərəfindən cinsi zorakılığa məruz qalıb. Kəmalə Ağazadə bu barədə hüquq-mühafizə orqanlarına xəbər verib, bundan sonra cinayət işi açılıb, azyaşlı tibbi ekspertizadan keçirilib və onun həqiqətən də qeyri-ənənəvi yolla cinsi təzyiqə məruz qaldığı təsdiqlənib. Bundan sonra dayı həbs edilib və məhkəmə hökmü ilə 12 müddətinə azadlıqdan məhrum olunub.
Həbs edilən şəxsin yaxınları tərəfindən təzyiqə məruz qaldığını deyən Kəmalə Ağazadənin sözlərinə görə, bloger Elvin Ağsaqqalın hadisə ilə bağlı çəkdiyi videomaterialda özü təhqir edilib, azyaşlı görüntülənib və onun ünvanına xoşagəlməz fikirlər səsləndirilib.
“O uşaq mərkəzimizə gətiriləndən sonra öyrəndik ki, anası ikinci ailə həyatı qurub və hazırda Türkiyədə yaşayır. Biz xalasını mərkəzə dəvət etdik və dedik ki, uşağın qəyyumluğunu götür. Xala birmənalı şəkildə dedi ki, ana qoymur, deyir, mənə o uşaq lazım deyil. Bundan sonra uşaqla psixo-sosial iş aparıldı, onun mühitə inteqrasiyası üçün şərait yaradıldı. Mərkəzin psixoloqu kişidir. O dedi ki, uşaqda zorakılıq əlamətləri hiss edirəm. Lakin uşaq özü haqqında kişi psixoloqla danışmaq istəməyib və deyib ki, mənimlə danışmaq istəyir.
Mən uşağı dinlədikdən sonra hüquq-mühafizə orqanlarına müraciət edim. Bəlli oldu ki, uşaq 8 ildir cinsi təcavüzə məruz qalır. O, bu barədə xalasına, nənəsinə deyib, onlar da həkimə aparıblar, bakirə olduğu təsdiqlənib və bununla da düşünüblər ki, uşaq yalan deyir.
Cəmiyyətdə bir tendensiya var, cinsi zorakılıq deyəndə ancaq bakirətin pozulması nəzərdə tutulur. Tibbi ekspertizada təkcə bakirəlik yoxlanılmır. Müəyyən olundu ki, qeyri-ənənəvi yolla zorakılıq olub. Bunu kimsə müəyyən edə bilməz, bunu məhkəmə tibbi-ekspertizası müəyyən edib. 1 ildir bizə təhdidlər olunur. Ana, xala zəng edir, müxtəlif təkliflər olunur. Heç vaxt imkan verməmişəm ki, uşağa təzyiq olunsun. İstintaq zamanı ananın, xalanın, nənənin izahatları alınır. Onlar da uşağın həqiqətən də bu barədə dediyini və həkimə apardıqlarını təqdiqləyirlər.
Müəyyən zamandan sonra Kamran Tağıyev adlı vəkil çıxır ortaya və bundan sonra məhkəmədə ifadələr dəyişir, deyirlər, istintaqın təzyiqi altında etmişik.
Binəqədi Rayon İcra Hakimiyyəti tərəfindən uşağın qəyyumu təyin olundum və bütün məhkəmə proseslərində bir yerdə oldum. 14 yaşlı bir qızın hər dəfə məhkəmə zalına girəndə eşitdiyi əxlaqsız sözləri heç böyük adamlar həzm edə bilməz”. Kəmalə Ağazadənin sözlərinə görə, blogerin hazırladığı və hazırda internet üzərindən yayımı dayandırılığı videogörüntülərdən sonra uşağın həyatına təhlükə yaranıb:
“Biz onun cəmiyyətə adaptasiya olunmasına çalışırıq. Çox yaxşı da alınırdı, həyata bağlanmışdı, kurslara gedirdi. Ancaq həmin videoda onun üzü göstərilir, iki il bundan əvvəl xalası tərəfindən lentə alınmış görüntülər verilir və artıq o tanınır. Bu, uşağın həyatını təhlükəyə atıb, bayıra çıxmaq, kursa getmək istəmir. Elə bilir ki, hər kəs onu göstərəcək. Bloger görüntülərdə uşağın anasını tam göstərmir, amma onu göstərir. Xalasının çəkdiyi videogörüntüdə uşaq deyir ki, mən erməniyəm və başlayır kürd mahnısı oxumağa. Üstəlik deyir ki, dayısına şər atıb, onun yatdığı çarpayını göstərir və s. Ekspertizanın rəyinə görə, uşaq verbal təzyiq altında danışıb videoya. Hər şey sarkazmla deyir. Yəni mənə inanmırsız, belə görürsüz. İndi o kadrları uşağın əleyhinə yayırlar. Həmçinin uşaq oğurluqda günahlandırılır. Əslində isə uşaq dayısının pullarını cırıb, oğurlamayıb. Qız ifadəsində də deyir ki, dayısı bir bankaya pul yığırmış, istəyirmiş anası və bacısı onun anasının yanına – Türkiyəyə getsin. Bu pulu da həmin məqsədlə yığdığını deyirmiş. Qız xalası və nənəsi gedəndən sonra dayısının ona edə biləcəklərini düşündüyündən həmin pulları cırıb ki, xalası, nənəsi getməsin”.
Mətbuat konfransında çıxış edən bloger Elvin Hüseynov görüntüləri, söylədiyi faktları vəkildən aldığını etiraf edib. O, uşağın ailəsi tərəfindən psixoloji basqıya məruz qaldığını və bu səbəbdən də qarşı tərəfi dinləmədən materialı hazırladığını deyib.
Məsələyə münasibət bildirən vəkil Kamran Tağıyev isə deyilənlərlə razılaşmayıb:
“Elvinin öz dilindən eşitməmişəm, ona görə də onun mətbuat konfransında nə dediyinə münasibət bildirə bilməyəcəyəm. Ancaq Kəmalə Ağazadənin özü cinayətkardır. Məhkəmənin onunla bağlı hökmü var. Onun ixtiyarı yoxdur uşağın nümayəndəsi qismində çıxış etsin. Uşağın anası burada olmadığından Kəmalə Ağazadəyə müvəqqəti qəyyumluq verilib. Hazırda anası buradadır və videomaterial da anasının razılığı ilə yayılıb”.
Kamran Tağıyev hesab edir ki, cinsi təcavüzə məruz qaldığı iddia edilən azyaşlının görüntüsünün yayılması qanun pozuntusu deyil və bundan uşaq zərər çəkmir:
“Azyaşlının anası tərəfindən, onun razılığı ilə yayılıb o videogörüntü və heç bir qanun pozuntusu yoxdur. Uşağın üzü o zaman göstərilə bilməz ki, buna qanuni nümayəndəsi razılıq verməsin. Əgər anası yayırsa və hesab edirsə ki, qızı cinayət törədib, olar. Anası hesab edir ki, qızı qardaşını şərləyib. Məhkəmə hökmündən apelyasiya şikayəti vermişik. Tibbi ekspertizanın rəyi var ki, qız bakirədir”.
Vəkil ekspertizanın rəyində yazılmış “qeyri-ənənəvi üsul” ifadəsinə aydınlıq gətirməyib:
“Siz mənim ofisimə gəlin, mən sizə sübut edim ki, oğlanın heç bir günahı yoxdur. Onun barəsində məhkəmə hökmü hələ qüvvəyə minməyib, işin bütün halları araşdırılmalıdır”.
Kəmalə Ağazadə isə Meydan TV-yə deyib ki, hazırda azyaşlı onun qəyyumluğundadır və material onun icazəsi olmadan yayımlanıb:
“Mənim rüşvətdə ittiham olunmağımın cinsi təcavüzə nə dəxli? Onlar məhkəmədə də mənim işimlə bağlı vəsatətə qaldırdılar, hakim dedi:
“O işin bu işə nə dəxli?” Uşaq hələ də rəsmi olaraq mənim qəyyumluğumdadır və bunu anasının ölkədə olmadığına görə verməyiblər. Veriləydi xalasına, nənəsinə. Mənə niyə verildi? Mən uşağın görüntüsünün yayılmasında əli olan hər kəsin məsuliyyətə cəlb olunmasını istəyirəm. Buna görə də hüquq-mühafizə orqanlarına müraciət etmişəm.”
K.Ağazadə
Cinayət Məcəlləsinin 178.2.3-cü (dələduzluq, şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə), 178.2.4-cü (dələduzluq, xeyli miqdarda ziyan vurmaqla törədildikdə) və 32.4,312.2-ci (ələ alma, sövdələşmə, təhrik etmə, vəzifəli şəxs tərəfindən bilə-bilə qanunsuz hərəkətlər etməyə görə ona rüşvət vermə və ya təkrar rüşvət vermə) maddələri ilə ittiham edilirdi.
K.Ağazadə ittihamda göstərilənlərin böhtan olduğunu bildirir. Onun sözlərinə görə, qardaşının keçmiş həyat yoldaşı bu cür yollarla ondan qisas almağa çalışır.
Hökmə əsasən
K. Ağazadə
3500 manat məbləğində cərimələnib.