”Kələmin bahalaşmasına səbəb məhsuldarlığın azalmasıdır”

Vahid Məhərrəmov: ”Problem ondadır ki, bu sahəyə cavabdeh olanlar kənd təsərrüfatını unudublar”

Source:
foto sosial şəbəkə


Vahid Məhərrəmov: ”Problem ondadır ki, bu sahəyə cavabdeh olanlar kənd təsərrüfatını unudublar”

Son günlər kələmin qiymətində artım müşahidə olunur. İstehlakçılar tərəvəzin qiymətində iki dəfəyədək bahalaşma olduğunu deyirlər.

Kənd təsərrüfatı üzrə mütəxəssis Vahid Məhərrəmov Meydan TV-yə deyib ki, buna səbəb məhsuldarlığın aşağı düşməsidir:

“Son illər 750 hektar əkin sahəsi azalıb və bu, məhsuldarlığın ciddi şəkildə aşağı olması ilə əlaqədardır. Ona görə hökumətin müəyyən addımlar atmasına ehtiyac yaranıb. Ölkədə hər hektardan 16 ton kələm götürülür, halbuki, məhsuldarlıq 40-50 ton olmalıdır. Əgər bu olsaydı, kələm 15-20 qəpik civarında satılmalıydı, normal bazar qiymətidir belədir”.

Vahid Məhərrəmov hazırda torpaqlarda deqradasiya prosesinin getməsini və münbitliyini itirməsini də vacib amil sayır. Onun sözlərinə görə, kələm qida maddələrinə, suya tələbkardır, amma bu, təmninatlar da yoxdur:

“Yəni fermerlərin tələbatı ödənmədiyindən məhsuldarlıq aşağı olur və onlar əldə etdikləri məhsuldan gəlir götürə bilmirlər, nəticədə istehsaldan yayınırlar. Əldə etdikləri məhsul baha başa gəldiyindən müəyyən mərhələdən sonra baha satmaq istəyirlər. Bu baxımdan istehsalçılarda da, istehlakçılarda da günah yoxdur. Əsas məsələ hökumətin müəyyən addım atmamasıdır. Problem ondadır ki, bu sahəyə cavabdeh olanlar kənd təsərrüfatını unudublar”.

Vahid Məhərrəmov

Onun fikrincə, İsmət Abbasovun nazir olduğu 2012-ci ildə kələm istehsalında yaxşı göstərici olub. Ondan sonra geriləmə başlayıb:

“10 ildir ki kələm istehsalı gah azalır, gah da artır. Son 4 ildə isə istehsal azalan xətt üzrə gedir. Belə ki, 2012-ci ildə ölkədə 110,5 min ton kələm istehsal olunduğu halda, 2015-ci ildə bu göstərici azalaraq 94,5 min tona düşüb. Keçən il kələm istehsalı bir qədər də azalıb. Təbii olaraq, bazarda təklif azaldığı üçün kələmin qiyməti bahalaşıb. Ancaq ölkədə kələmin məhsuldarlığı aşağı, istehsal xərci isə yüksək olaraq qalır. Hökumət bu sahədə də əlini ağdan-qaraya vurmur”.

Ana səhifəXəbərlər”Kələmin bahalaşmasına səbəb məhsuldarlığın azalmasıdır”