Vəli Ələsgərov 14 il azadlıqdan məhrum edildi
İyunun 24-də Naxçıvan Muxtar Respublikasının (NMR) Ağır Cinayətlər üzrə Hərbi Məhkəməsində bu regionun keçmiş milli təhlükəsizlik naziri Vəli Ələsgərov barəsində hökm oxunub.
Prokuror keçmiş nazirin 14 il 3 ay azadlıqdan məhrum edilməsini istəyib.
Məhkəmə onu vəzifə səlahiyyətlərini aşmaqda və qanunsuz dinləmədə təqsirli bilərək, 14 il həbs cəzasına məhkum edib. Bu barədə “Turan”-a keçmiş nazirin vəkili Vüqar Xasayev bildirib.
“Bu, ədalətsiz, qanunsuz və insafsız qərardır”, deyən vəkil əlavə edib ki, qərardan şikayət veriləcək.
V.Ələsgərov 15 il ərzində Naxçıvan MTN-ə rəhbərlik edib. O, 2015-ci ilin dekabrında vəzifədən azad edilib. Bundan qısa müddət sonra ona qarşı mənimsəmə, sui-istifadə və səlahiyyətlərini aşma ittihamı ilə cinayət işi açılıb. Bir müddət həbsdə saxladıqdan sonra Ələsgərovu ev dustaqlığına buraxıblar. Amma o, mətbuata təqsirsiz olduğunu və həbs zamanı işgəncələrə məruz qaldığını bildirdikdən sonra yenidən həbs edilib. İbtidai istintaqın yekunlarına görə, Ələsgərova qarşı daha bir ittiham – qanunsuz dinləmə ittihamı irəli sürülüb. Məhkəmə prosesi qapalı rejimdə keçirilib.