Sumqayıt Sovet dönəmində sənaye mərkəzi kimi yaradılıb. Bir-birinin ardınca zavodlar tikilən qəsəbə tezliklə sənaye şəhərinə çevrilib. Bəs sənaye şəhəri Sumqayt bu gün keçmiş adını qoruyub saxlaya bilirmi?
“Mən 2 aydır göyərti satıram. Bundan əvvəl ofisiant, fəhlə kimi işləmişəm. Pul yoxdur. İndi gəlib burada kiminsə malın satıram. Gündəlik 6 manata işləyirəm. Məcburam da, nə eləyim? Adicə “ximkombinat”da (kimya zavodu) nə qədər adam işləyirdi. Gündə bir idman kompleksi tikirlər. Nəyimə lazımdır oralar mənim?”- Sumqayıt sakini Tofiq Muradov deyir.
Sumqayıtda ötən əsr tikilən Aliminium, Kimya, Boru təmizləmə zavodları bu gün artıq işlək deyil. O sənaye şəhərindən bu gün əsər-əlamət qalmadığı danışılır. Adamlar kiçik ticarət, küçə satıcılğıyla güzəranlarını keçirirlər. Yaşı ötüb keçənlər isə çarəni küçə təmizliyində axtarırlar.
“Böyük oğlumun 27 yaşı var, işsizdir. İş yoxdur. Yataqxanada yaşayırıq. Ehtiyacım var, işləyirəm. Ancaq burada da maaşımız azdır. İşimiz çətindir. Yerimiz bax buradır – dayanacaqda otururuq. Gəlib-gedənlər narazılıq edir”- küçə təmizlikçisi Rəqiyyə Qəniyeva danışır.
Təmizlik Departamentinin işçiləri soyuq havada parklarda, dayanacaqlarda dincəlirlər. Onlar üçün qapalı bir məkan nəzərdə tutulmayıb.
“Fəhlə niyə dayanacaqda oturmalıdır? Harada görülüb, bu? 186 manat maaş alıram. Hər gün 1 manat 20 qəpik yol pulu verirəm. İstirahət günümüz də yoxdur. Niyə?! Fəhləyə dincəlmək lazım deyil?!”-işçilər gileylənir. Təqaüdçülər günlərinə şahmatla rəng qatırlar: “Şahmatda qalib gəlmək istəyirsənsə, rəqibin oyununu fikirləşməlisən. Fikirləşməsən, uduzacaqsan”.
“Yaponiyada pensiyaya çıxan adama çox yüksək təqaüd verirlər. Onda cavanlar da bununla razılaşır. Kaş bizdə də elə bir qanun olaydı”-təqaüdçü Zeynal Qaragözov arzularını dilə gətirir.
Təqaüdçülər yetməyən müavinətin, orta nəsil isə işsizliyin girdabındadır: “Bir sözlə, iş yoxdur”.
“18 yaşımdan Alüminium Zavodunda işləmişəm. 1989-cu ildə travma aldım, pensiyaya çıxdım. Amma 10 ildir ki, – zavod bağlandıqdan bəri pensiyamızın yarısını verirlər, yarısını yox. Dövlətin bizə milyonlarla borcu var”-keçmiş zavod işçisi Bəylər Nəsirov deyir.
Bu ilin noyabrında Sumqayıt şəhərinin 69 illiyi qeyd olunur.