Keçmiş polislər əfvlə bağlı prezidentə müraciət etdilər

Nizami Şahmuradov göstərdikləri şücaət və igidliklərə baxmayaraq, “XTPD”dən olan şəhid və qazi ailələrinin də adlarının “kölgə”yə düşdüyünü deyir

Source:


Nizami Şahmuradov göstərdikləri şücaət və igidliklərə baxmayaraq, “XTPD”dən olan şəhid və qazi ailələrinin də adlarının “kölgə”yə düşdüyünü deyir

Keçmiş Xüsusi Təyinatlı Polis Dəstəsinin (XTPD) komandirlərindən olmuş Nizami Şahmuradov martın 11-də Beynəlxalq Mətbuat Mərkəzində (BMM) mərbuat konfransı keçirib.

O, 1995-ci ilin 17 mart hadisələri zamanı həbs edilən XTPD-çilərdən Elçin Əmiraslanov, Səfa Poladov və Arif Kazımovun ömürlük həbs cəzası aldıqlarını bildirib. O, bu 3 nəfərin əfv olunmaları üçün dövlət başçısına müraciət hazırladıqlarını nəzərə çatdırıb. Nizami Şahmuradov hər üç keçmiş döyüşçünün səhhətlərində ciddi problemlər yarandığını, həkimlərin sözlərinə istinadən onların həbsdə saxlanmalarının həyatları üçün təhlükəli olduğunu vurğulayıb.

 Bununla yanaşı, N.Şahmuradov azadlıqda olan XTPD-çilərin də sosial problemləri həll edilmədiyi üçün problemlər yaşadıqlarını nəzərə çatdırıb. “Keçmiş döyüşçülər veteran vəsqələrini ala bilmirlər, döyüşlərdə iştiraklarını təsdiqləyən sənədlər verilmir. Buna görə də müharibə əlillərinə tətbiq edilən güzəştlərdən istifadə edə bilmirlər. İşə düzəlmək məsələsində XTPD-çi olduqları məlum olan kimi iş verməkdən imtina olunur. Yalnız sürücülük vəsiqəsi olanlar sürücülük etməklə ailələrinə çörək pulu qazana bilirlər. Əksəriyyəti cavan yaşlarından döyüşlərə qatıldıqları üçün təhsil ala bilməyiblər”,-Şahmuradov belə deyib.

N.Şahmuradov göstərdikləri şücaət və igidliklərə baxmayaraq, XTPD-dən olan şəhid və qazi ailələrinin də adlarının “kölgə”yə düşdüyünü təəssüflə xatırladıb. XTPD-dən kənar müharibə əlillərinin bütün güzəştlərdən istifadə etməsini, XTPD-çilərə isə bu güzəştlərin şamil olunmamasını N.Şahmuradov ayrı-seçkilik, ədalətdən uzaq addım sayıb.

Onun sözlərinə görə, hətta keçmiş XTPD-çilərin onun ətrafında görünmələrini belə xoşlamayan şəxslər var. Toplanmalarına səbəb kimi isə hələ də keçmiş XTPD-çilərin sosial problemlərinin həllini tapmaması, onların həlli yolları barədə müzakirə aparmalarını göstərib.

O, indi əsas diqqəti ömürlük həbs cəzası almış 3 keşmiş XTPD-çini  həbsdən azad etməyə yönəltdiklərini deyib. Novruz bayramı ərəfəsində Əfv Fərmanı olacağı haqda xəbərlərdən ruhlanaraq, 3 XTPD-çinin əfv olunması üçün dövlət başçısına müraciət etmək qərarına gəldiklərini bildirib.

XTPD 1991-ci ildə o zamanki daxili işlər naziri Məhəmməd Əsədovun başçılığı altında yaradılıb. Daha sonra bu silahlı dəstəyə Rövşən Cavadov komandirlik edib. 1995-ci il martıln 17-də baş verəın hadisələr zamanı XTPD-nin, demək olar ki, bütün üzvləri həbsə alınıb, özü isə qurum olaraq ləğv edilib.

Ana səhifəXəbərlərKeçmiş polislər əfvlə bağlı prezidentə müraciət etdilər