Keçmiş polis rəisinin həyat yoldaşı dələduzluqda günahlandırılır

Mahir Əkbərov: ”Bu söhbətlərə görə boşandım”

Source:
foto sosial şəbəkə
foto sosial şəbəkə
foto sosial şəbəkə
foto sosial şəbəkə


Mahir Əkbərov: ”Bu söhbətlərə görə boşandım”


Bakı Ağır Cinayətlər Məhkəməsində sabiq polis rəisinin dələduzluqda təqsirləndirilən həyat yoldaşı Leyla Əkbərovanın növbəti məhkəməsi keçirilib.

Meydan TV-nin məlumatına görə, hakim Rahib Salmanovun sədrlik etdiyi iclasda şahid qismində L.Əkbərovanın keçmiş əri, Binəqədi Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə İdarəsinin keçmiş rəisi Mahir Əkbərov dindirilib.

O, L.Əkbərovadan 3 il əvvəl boşandığını deyib:

“Boşanmağımızın səbəbi də bu söz-söhbətlər oldu. Böyük qızım şikayətçi Anarənin qardaşı ilə nişanlı olub. Elə bütün bu problemlər də bunlarla qohum olandan sonra başladı. Qızımın nişanlısı işləmirdi. Maşını da yox idi. Gedib 10 min ilkin ödəniş edib, ona maşın aldım. İndi də həmin krediti ödəyirəm. Sonra gördüm işləmir, avaralıq edir, maşını əlindən aldım. Sonradan bu pul söhbətləri çıxdı. Kim kimdən pul alıb, kimsə kimisə işə düzəldəcəkmiş məsələləri məni bezdirdi. Mənim də bundan xəbərim yoxdur. Bu söhbətlərdən bezib Leylanı boşadım. Başım dincəldi. Amma mənə zənglər gəlirdi ki, arvadın bizdən pul alıb, işə düzəldəcəkdi. Mən bir neçə nəfərin pulunu qaytardım. Evi də Leylaya verib, çıxıb getmişdim. 18 aydır həbsədir, heç kimi yoxdur. Ona indi də mən baxıram. Bir uşağım birinci qrup əlildir. Ayda 1000 manat verib, ona baxıcı tutmuşam. Sorğu verib, araşdıra bilərsniz ki, banklara nə qədər borcum var. Hamısı da bu söhbətlər çıxandan sonra oldu. Kimin nə etdiyi, kimdən pul aldığı məlum deyil. Günahı olanaları tutub salsınlar içəri, aydınlaşdırsınlar”.

Zalda olan zərərçəkmiş şəxs Dəyanət Məmmədov isə M. Əkbərovun yalan danışdığını deyib. Bildirib ki, Prezident yanında İdarəçilik Akademiyasında ikinci təhsil almaq üçün M.Əkbərova 12 min manat verib.

M.Əkbərov isə bunu təkzib edib : “Mən rektoram, təhsil naziriyəm ki, universitetə adam düzəldim? Heç kimdən pul almamışam”.

Dəyanət Məmmədov isə “Arpaçay” kafesində M.Əkbərova pul verdiyini, telefon danışıqları və smslər olduğunu deyib. O, həmin sübutların məhkəməyə təqdim ediləcəyini bildirib.

İclasda çıxış edən L.Əkbərova isə keçmiş əri Mahir Əkbərovu müdafiə edib: “Mahiri bu zümə mən salmışam”.

Proses dekabrın 15-də davam edəcək.

L.Əkbərovanın işi üzrə bir neçə nəfər zərər çəkib. Onlar da işə düzəlmək, təqaüdə çıxmaq üçün pulları zərərçəkmişlərdən biri olan Anarə Məmmədova vasitəsi ilə Leyla Əkbərovaya çatdırıblar. L.Əkbərova ilə A.Məmmədova bir neçə aylıq qohum da olublar. Belə ki, A.Məmmədovanın qardaşı ilə M.Əkbərovun qızı nişanlanıblar. Sonradan bu nişan pozulub.

Anarə Məmmədova ərinə ikinci təhsil diplomu almaq üçün Mahir Əkbərova 12 min manat verdiyini deyir. Bundan əlavə, A.Məmmədova iddia edir ki, o, digər qohumlarını işə düzəlmək, təqaüdə çıxmaq üçün L.Əkbərova ilə tanış edib və ümumilikdə Əkbərovalara 116 min manat pul veriblər.

Məhkəmədə məlum olub ki, L.Əkbərova həbs edilmədən öncə dəymiş zərər 165 min manata yaxın olub. Onlar dəymiş zərərin 49 min manatını ödəyiblər. Qalan məbləği ödəmədikləri üçün A.Məmmədova və digər zərərçəkmişlər polisə müraciət ediblər.

İstintaqın qənaətinə görə, vaxtilə 95 saylı orta məktəbdə müəllimə işləyən Leyla Əkbərova dələduzluq söhbətləri ortaya çıxandan sonra əri Mahir Əkbərovun qardaşı Elçin Əkbərov vasitəsilə xaricə qaçmaq istəyirmiş. O, pasportunu dəyişdirərkən “ASAN Xidmət”də saxlanılıb. Elçin Əkbərov Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 9 və 14 saylı məntəqə tipli cəzaçəkmə müəssisələrində rəis işləyib və hazırda Almaniyada mühacir həyatı yaşayır.

Ana səhifəXəbərlərKeçmiş polis rəisinin həyat yoldaşı dələduzluqda günahlandırılır