Beynəlxalq Bank

Mənbə: Foto: Meydan TV

Başlıq: Beynəlxalq Bank

Keçmiş polis Beynəlxalq Bankın pullarını mənimsəməkdə ittiham olunur

Məhkəmədə vəkillərin çıxışı mərhələsidir

Beynəlxalq Bankın 2015-ci ilin dekabrından həbsdə olan sabiq rəhbəri Cahangir Hacıyev, keçmiş deputat Dünyamin Xəlilov və daha 20 nəfərin işi üzrə məhkəmə prosesi başa çatmaq üzrədir. Artıq prokuror cəza istəyib, indi vəkillərin çıxışı mərhələsidir.

Bu işdə təqsirləndirilən 22 nəfərdən cəmi üçü - Cahangir Hacıyev, bacanağı, “İntertabakko” Zaqatala Tütün Emalı Zavodunun sabiq direktoru İsmayıl Hidayətzadə və keçmiş deputat Dünyamin Xəlilov həbsdədir. Qalan təqsirləndirilənlər haqqında istintaq və məhkəmə dövründə başqa yerə getməməyə dair iltizam qətimkan tədbiri seçilib. Prokuror çıxışında da C.Hacıyevə 17, D.Xəlilova 15 il 9 ay, İ.Hidayətzadəyə 6 il, hazırda azadlıqda olanlara isə şərti cəza istəyib.

Təqsirləndirilən şəxslər və onların vəkilləri isə şərti cəza ilə razılaşmır, bəraət istəyirlər. Onların əksəriyyəti D.Xəlilovun "General Construction" şirkətində onun işçiləri olub. Bir müddət sonra onların adlarına yeni firmalar yaradılıb. O firmalar vasitəsilə də Beynəlxalq Bankdan böyük məbləğdə kreditlər götürülüb.

Avqustun 19-da Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Qəniyevin sədrliyilə keçirilən prosesdə əvvəlcə təqsirləndirilən Sadiq Murtuzayevin vəkili müdafiə çıxışı edib. Vəkil bildirib ki, Sadiq Murtuzayevə qarşı irəli sürülmüş mənimsəmə ittihamı istintaq orqanının subyektiv mülahizələrinə əsaslanıb: "Məhkəmə istintaqı da bu istiqamətdə getdi. Məhkəmə də ancaq ittihamı təsdiqləmək mövqeyi tutdu. Hüquqlarını müdafiə etdiyim şəxsin günahsızlığını təsdiqləyən mötəbər sübutlar araşdırılmadı".

Vəkil S.Murtuzayevin haqqında bəraət hökmü çıxarılmasını, onun əmlakının üzərindən həbsin götürülməsini istəyib.

Təqsirləndirilən Ramiz Kərimovun vəkili də müdafiə etdiyi şəxsin günahsız olduğunu söyləyib. Müdafiəçi bildirib ki, R.Kərimov sabiq polis əməkdaşıdır: "Ramiz Kərimov uzun müddət işsiz qalıb. Daha sonra mühafizə xidmətinə işə düzəlib. Müdiriyyətin istəyi ilə sənədləri imzalayıb. Uzun müddət işsiz qalan bir adam müdiriyyətin bu istəyini neçə geri çevirə bilərdi? Həm də burada hansı cinayətkar qrupdan söhbət gedir? Bu adamların çoxu bir-birini tanımır. Həmçinin ortada törədildiyi deyilən cinayəti sübut edən heç bir fakt yoxdur. Bu səbəbdən də müdafiə etdiyim şəxs barəsində bəraət hökmü çıxarılmasını tələb edirəm".

C.Hacıyev 2015-ci ilin dekabrından, D.Xəlilov və İ.Hidayətzadə isə 2016-cı ildən həbsdədir və bu, onların da haqqında ikinci cinayət işidir. Keçmiş deputata əvvəlki hökmlə 12 il 9 ay, C.Hacıyevin bacanağına isə 5 il həbs cəzası verilmişdi.

Bu işdə təqsirləndirilən şəxslər Beynəlxalq Bankın vəsaitlərinin mənimsənilməsində, götürülən kreditlərin qaytarılmamasında ittiham olunurlar.

Lakin onlar özlərini təqsirli bilmirlər.

Prokurorun şərti cəza istədiyi təqsirləndirilən şəxslər bunlardır - Camal Həsənov, Sərxan Rəsulov, Natiq İmanov, Samir Hacıyev, Təbriz Əbdülhəmidov, Mahir Qafarov, Sadıx Murtuzayev, Tərlan Məhərrəmov, Fəxrəddin Heybətov, Ramin Əhmədov, Fariz Muradov, Səlahəddin Qədirov, Erxan Cavad, Arif Ramazanov, Navai Şirinov, Svetlana Əsədullayeva, Arif Mədətov, Adil Mikayılov, Ramis Kərimov.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/84zees

Ən çox baxılan