Keçmiş OMON-çuların şikayəti təmin edilmədi

Elçin Əmiraslanov: “Ölüm hökmü ömürlük cəzadan daha yaxşı idi”

Source:


Elçin Əmiraslanov: “Ölüm hökmü ömürlük cəzadan daha yaxşı idi”

Noyabrın 8-də Bakı Apellyasiya Məhkəməsində Xüsusi Təyinatlı Polis Dəstəsi (OMON) Qazax bölməsinin keçmiş komamdiri Elçin Əmiraslanov, OMON üzvü olan Səfa Poladov və Arif Kazımovun apellyasiya şikayətləri üzrə məhkəmə prosesi keçirilib.

Meydan TV-nin məlumatına görə, hakim Əflatun Qasımovun sədrliyi ilə keçirilən iclasda çıxış edən Elçin Əmiraslanov deyib ki, onlar ömürlük cəzaya məhkum olunublar:”Bu cəza təkcə mənə yox, ailəmə, qohumlarıma da verilib. Ölüm hökmü ömürlük cəzadan daha yaxşı idi. Mən çoxdan ictimaiyyət arasına çıxmaq istəyirdim. Heç bilmirəm haradan başlayım. Bizim barəmizdə o zaman ölüm hökmü çıxarılmışdı. Sonradan bu, ömürlük cəza ilə əvəzləndi. Bizə verilən bu cəzanı ailəmiz də çəkir. Xahiş edirik şikayətimiz təmin edilsin”.

Daha sonra iclasda onların vəkil Elçin Sadıqov çıxış edib. O, şikayətin təmin edilməsini xahiş edib. Bundan sonra hakimlər müşavirəyə gediblər. Müşavirdən sonra şikayətin təmin edilmədiyi elan olunub.

Vəkil Elçin Sadıqov qərardan Avropa İnsan Hüquqları Məhkəməsinə şikayət edəcəklərini deyib.

Məhkəməni izləyən “OMON”un komandiri olmuş Nizami Şahmuradov isə deyib ki, bu üç şəxsdən başqa digər OMON-çuların hamısı azadlığa buraxılıb. N.Şahmuradov OMON-çuların Qarabağ müharibəsində iştirak etdiklərini deyib və bildirib ki, onlarə həbsdə saxlamaq düzgün deyil.

Elçin Əmiraslanov və digər iki nəfər Qobustanda yerləşən həbsxanada saxlanılırlar. Onlar ömürlük cəzanın 20 illik cəza ilə əvəz edilməsi barədə Qaradağ rayon Məhkəməsinə müraciət ediblər. Lakin məhkəmə onların müraciətini təmin etməyib. Bundan sonra onlar apellyasiya şikayəti veriblər.

Ana səhifəXəbərlərKeçmiş OMON-çuların şikayəti təmin edilmədi