Səlim Müslümov məhkəməyə gəlsə də, hazırlıq iclası təxirə düşüb
Təxminən 27 milyon manatlıq yeyinti və rüşvət almaqda ittiham olunan keçmiş əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov avqustun 1-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim qarşısına çıxıb. Onun işinə Faiq Qəniyevin sədrliyilə, Məhəmməd Əkbərov və İlham Mahmudovdan ibarət hakimlər kollegiyası baxmalıdır.
Avqustun 1-də sabiq nazirin işi üzrə məhkəmənin hazırlıq iclasının keçirilməsi nəzərdə tutulsa da, proses baş tutmayıb. Hakim Faiq Qəniyev məhkəmə zalında keçmiş nazir və onun vəkillərinə bildirib ki, işi araşdıracaq məhkəmə tərkibinə daxil olan hakimlərdən ikisi – İlham Mahmudov və Məhəmməd Əkbərov koronavirusa yoluxub. Bu üzdən məhkəmənin hazırlıq iclası avqustun 8-nə qədər təxirə salınıb.
Hazırda ev dustaqlığında olan Səlim Müslümov Bakı Ağır Cinayətlər Məhkəməsinin əsas giriş qapısıının ağzında avtomobildən düşərək tələsik binaya daxil olub. Vəkilləri kənardan foto və videogörüntüləri çəkmək istəyən jurnalistlərə bu imkanı verməmək üçün onu əhatəyə alıblar.
Səlim Müslümov özü isə Bakıda havanın çox isti olduğu bu gündə əynində pencək, başında papaq və ağzında maska ilə məhkəməyə gəlib.
Məhkəmədən çıxanda da eyni qaydada tələsik və vəkillərinin əhatəsində avtomobilə əyləşərək gedib.
Səlim Müslümovun hüquqlarını Xırdalan vəkil bürosunda çalışan Ayxan Rüstəmzadə və Toğrul Vəliyev müdafiə edir.
Sabiq nazir haqqında cinayət işinin materiallarında 13 milyonluq rüşvətalma, 14 milyonluq mənimsəmə və israfetmədən söhbət gedir. Meydan TV-nin əldə etdiyi məlumata görə Səlim Müslümov təxminən 7 milyon manat ödəyəndən sonra ev dustaqlığına buraxılıb.
Səlim Müslümov haqqında cinayət işi üzrə zərərçəkmiş qismində Maliyyə Nazirliyi tanınıb. Çünki söhbət dövlət büdcəsinə aid olan vəsaitin mənimsənilməsi, bir sıra hallarda israf olunmasından gedir.
2021-ci ilin əvvəlində həbs edilən Səlim Müslümov bu ilin mayında ev dustaqlığına buraxılıb. Onun həbsdən buraxılmasına əsas kimi, səhhətində ciddi problemlərin olması göstərilib.
Bir ildən çoxdur həbsdə olan keçmiş əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov buraxılıb. Sabiq nazirin səhhətində problemlər olduğu əsas gətirilərək, onun barəsində həbs qətimkan tədbiri dəyişdirilib.
Səlim Müslümov Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) əməkdaşları tərəfindən tutulmuşdu. O, ilyarıma yaxın müddətdə də DTX-nın istintaq təcridxanasında saxlanılırdı. Onun işi üzrə araşdırmalar da bu qurumun İstintaq İdarəsində aparılıb.
61 yaşlı Səlim Müslümov 2013–2018-ci illərdə əmək və əhalinin sosial müdafiəsi naziri, ondan əvvəl 2002-2013-cü illərdə Dövlət Sosial Müdafiə Fondunun rəhbəri, daha öncə – 2000-2002-ci illərdə isə Dövlət Gömrük Komitəsinin sədr müavini vəzifəsində çalışıb. Hazırda ona qarşı Cinayət Məcəlləsinin 179.4 (xüsusilə külli miqdarda mənimsəmə və ya israfetmə), 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2 və 311.3.3 (təkrar külli miqdarda rüşvət alma) maddələrilə ittiham irəli sürülüb. Bu maddələrdə 14 ilə qədər həbs cəzası nəzərdə tutulub.
Səlim Müslümov əlillər üçün fərdi yaşayış və internat evlərinin təmir-tikintisinə ayrılmış vəsaitlərin bir hissəsini mənimsəməkdə, nazirliyin müxtəlif ərazi şöbələrinin rəhbərlərinin hər birindən 10 mindən 30 min manata qədər rüşvət almaqda ittiham olunur.