Keçmiş nazirin 12 il həbs cəzası istənilən qardaşı məhkəmə zalından buraxıldı

Əvəz Əhmədovun məhkəməsi yekunlaşdı

Foto: “Azərtac”


Əvəz Əhmədovun məhkəməsi yekunlaşdı

Naxçıvanın keçmiş daxili işlər naziri Əhməd Əhmədovun həbsdə olan qardaşı, prokurorun 12 il azadlıqdan məhrumetmə cəzası istədiyi Əvəz Əhmədov məhkəmə zalından azadlığa buraxılıb. Bu, martın 18-də Bakı Ağır Cinayətlər Məhkəməsində baş verib.

Ə.Əhmədov Cinayət Məcəlləsinin Cinayət Məcəlləsinin 145.2.5 (zərərçəkənin həyat və sağlamlığı üçün təhlükəli zor tətbiq etməklə qanunsuz azadlıqdan məhrum etmə), 145.2.6 (silahdan və ya silah qismində əşyalardan istifadə etməklə qanunsuz azadlıqdan məhrum etmə) və 182.3.2 (külli miqdarda əmlak əldə etmək məqsədilə hədə-qorxu ilə tələb etmə) maddələri ilə ittiham olunurdu.

İttihama əsasən, keçmiş nazirin qardaşı hərbi həkim Hörmət Əsgərova sələmlə 100 min dollar verib. O, H.Əsgərovdan 40 min dollar da faizi olmaqla, ümumilikdə 140 min dollar tələb edib. Lakin H.Əsgərov pulu qaytara bilməyib. Günlərin birində Ə.Əhmədov H.Əsgərovu özünə məxsus əyləncə mərkəzinə çağırıb, orada onu döyüb, üstünə qaynar çaydanı atıb, qapını bağlayaraq, girov saxlayıb. Daha sonra H.Əsgərovun qohumu, Sumqayıt Texnologiyalar Parkının satış şöbəsinin rəisi Rəşad Tahirovdan 140 min dolları tələb edib. O, H.Əsgərovun əvəzinə pul vermək istəməyəndə isə R.Tahirovu da özünün və ailəsinin başına oyun açmaqla hədələyib. Ondan və H.Əsgərovdan Bakı şəhər Baş Polis İdarəsinə şikayət edib. Son nəticədə R.Tahirovdan 140 min dollar alıb.

Ə.Əhmədov özünü təqsirli bilmir, pulu H.Əsgərova yox, birgə biznes üçün R.Tahirova verdiyini iddia edirdi.

R.Tahirov isə hadisənin ittiham aktında yazıldığı kimi baş verdiyini deyir. Bildirir ki, Ə.Əhmədov Bakı şəhər Baş Polis İdarəsində təhqiqatçı Şövqi Əhmədovla birləşib onu hədələyiblər, bundan sonra o, özünün və ailəsinin həyatına görə narahat olub və 140 min dolları ödəmək məcburiyyətində qalıb.

Məhkəmənin hökmündə Ə.Əhmədova verilən ittihamlar Cinayət Məcəlləsinin 322-ci (özbaşınalıq, yəni qanunla və ya digər normativ hüquqi aktla müəyyən edilmiş davranış qaydasına zidd olaraq qanuniliyi vətəndaş və ya təşkilat tərəfindən təkzib edilən hər hansı hərəkətin özbaşına törədilməsi mühüm ziyan vurduqda) maddəsinə tövsif edilib. Bu maddə ilə Ə.Əhmədova 2000 manat cərimə cəzası təyin edilib və o, həbsdən buraxılıb.

Ə.Əhmədov qardaşı nazir vəzifəsindən çıxarılandan sonra cinayət məsuliyyətinə cəlb edilib. Zərərçəkən R.Tahirov bildirir ki, qardaşı vəzifədə olanda kimsə onun haqqında tədbir görmürdü. Əksinə, Bakı şəhər Baş Polis İdarəsində Ə.Əhmədovun sözüylə onu həbslə hədələyib, ona heç bir aidiyyəti olmayan pulu ödəməyə məcbur etdiriblər.

Əhməd Əhmədov 2000-ci ildən 2017-ci ilin yayına qədər Naxçıvanın daxili işlər naziri olub.

Ana səhifəXəbərlərKeçmiş nazirin 12 il həbs cəzası istənilən qardaşı məhkəmə zalından buraxıldı