Həbsdə olan sabiq səhiyyə nazirli Əli İnsanovun Avropa Məhkəməsinə üçüncü şikayət göndərilib
Keçmiş nazirin budəfəki şikayəti mülkiyyət hüququnun pozulması ilə bağlıdır. O, Prezident Administrasiyasının regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin məsləhətçisi Tariyel Ağayevi suçlayır.
Məlumatı Azadliq Radiosu
yayıb
.
İddia olunur ki, həbsindən sonra sabiq nazirə məxsus qarajı Tariyel Ağayevin qızı Vəfa Əlizadə saxta sənədlərlə öz mülkiyyəti kimi tikinti şirkətinə satıb və 50 min manat pul alıb. Hətta bu iddianı təsdiqləyən məhkəmə qərarının olduğu da qeyd olunur.
“Həmin tikili sökülüb, yerində bina inşa olunduğundan Nəsimi Rayon Məhkəməsi 2015-ci ilin mayında qərar vermişdi ki, Vəfa Əlizadə keçmiş nazirin qarajına görə şirkətdən aldığı pulu Əli İnsanova qaytarsın. Bu qərar uzun müddət icra olunmadı. 2016-cı ilin iyulunda lisenziyası ləğv olunmuş “Dekabank”ın səhmdarları arasında Vəfa Əlizadə də vardı. Ona görə də Əli İnsanov Vəfa Əlizadənin səhmlərinin üzərinə həbs qoyulması məsələsini qaldırmışdı. Bu haqda Nəsimi Rayon Məhkəməsi qərardad da çıxarmışdı. Amma qətnamə kimi qərardad da icra olunmayıb. Üstəlik, qaraja görə alınmış pulun Ə.İnsanova qaytarılması haqda qərar da 1 il 7 ay sonra ləğv olunub”.
Həbsdə olan nazir Avropa Məhkəməsinə şikayətində yazıb ki, Vəfa Əlizadə Prezidentin köməkçisinin qızı olduğuna görə başqasının əmlakını öz adına rəsmiləşdirib, satıb və cəzasız qalıb.
Əli İnsanov yerli məhkəmələrdə bu məsələ ilə bağlı ədalətli qərarın verilməməsində Tariyel Ağayevin rolunun olduğunu qeyd edib.
Sabiq nazirin qarajının satılması ilə əlaqədar dəfələrlə məhkəmə iclasları keçirilsə də, nə Vəfa Əlizadə, yaxud nümayəndəsi qatılıb, nə də bu məsələ ilə bağlı hər hansı açıqlama yayılıb.
Keçmiş səhiyyə nazirinin Avropa Məhkəməsində şikayətlərindən biri onun haqqındakı 11 illik hökmlə bağlı 2013-cü ildə Avropa Məhkəməsinin verdiyi qərarın icra olunmamasındandır. Daha bir şikayət 11-illik cəza müddətinin bitməsinə 56 gün qalmış onun haqqında başlanmış yeni cinayət işi əsasında 2016-cı il oktyabrın 11-də barəsində çıxarılmış həbs qərarındandır.
Tariyel Ağayev sabiq prezident Heydər Əliyevin dövründən prezidentin köməkçisi olub və 2017-ci ilin iyununa qədər bu vəzifəni tutub.
2013-cü il martın 14-də Avropa İnsan Hüquqları Məhkəməsi Ə.İnsanovun ədalətsiz mühakimə olunması barədə qərar çıxarıb. Ancaq Azərbaycan hakimiyyəti hökmü dəyişməyib.
Avropa Şurası Nazirlər Komitəsi Azərbaycan hökumətini Avropa Məhkəməsinin qərarını yerinə yetirməyə çağırıb.
Hüquq-müdafiə təşkilatları Ə.İnsanovu “siyasi məhbus” kimi tanıyıblar.
Ə.İnsanov bütün məhkəmələrdə hazırkı iqtidarın yüksək vəzifəli şəxslərini kəskin tənqid edib.