O, “Hürriyət” qəzetində 1999-cu ildə “Nəcməddin Sadıkov müdafiə naziri olmaq istəyir” başlıqlı yazıya görə ordu sıralarından tərxis edilmişdi
Müdafiə nazirinin keçmiş müavini, qurumun tərbiyəvi işlər idarəsinin sabiq rəisi, polkovnik Mehman Səlimov həbs olunub.
APA xəbər verir ki, 1955-ci il təvəllüdlü Səlimov Mehman Əmirxan oğlu Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə – külli miqdarda törədildikdə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə, barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Nazir müavininin həbsi barədə ilk məlumat yayan moderator.az yazıb ki, əslən Gürcüstandan olan Mehman Səlimov sovet ordusunda xidmət keçmiş peşəkar zabitlərdən olub və 94-99-cu illərdə nazir müavini kimi xidmət edib.
“Hürriyət” qəzetində 1999-cu ildə “Nəcməddin Sadıkov müdafiə naziri olmaq istəyir” başlıqlı yazıya görə ordu sıralarından tərxis edildiyi deyilir. M. Səlimov sabiq müdafiə naziri Səfər Əbiyevin ən yaxın kadrlarından biri olub.
Eyni zamanda, M. Səlimovun MN-nin İnspeksiya İdarəsinin keçmiş rəisi general-mayor Məmməd Beydullayevlə də çox sıcaq münasibətləri olub. Əldə etdiyimiz məlumatlara görə 3 il bundan əvvəl ona MN-nin müavini kimi hərbi təqaüd də düzəldilibmiş.
Nəcməddin Sadıkovla Səfər Əbiyevin münaqişədə olmasına görə Mehman Səlimov vəzifəsini itirsə də müdafiə nazirinin dəstəyi ilə geniş biznes əlaqəsi qurmağa nail olduğu da iddialar arasındadır.
Hal-hazırda M. Səlimovun qardaşının da Sabuncu Rayon İcra hakimiyyətində şöbə müdiri olduğu bildirilir.