Tovuz istiqamətindəki döyüşlərdən sonra 2020-ci il iyulun 14-dən 15-nə keçən gecə Bakıda keçirilən Qarabağa və Orduya dəstək yürüşüylə bağlı cinayət işi üzrə məsuliyyətə cəlb olunanlardan daha 12 nəfərin işi üzrə məhkəmə istintaqı başa çatıb. Onların arasında AXCP Rəyasət Heyətinin üzvü, Qarabağ qazisi Asif Yusifli, partiyanın başqa bir üzvü Seymur Əhmədzadə də var. Yeri gəlmişkən, məhkəmə başlanan zaman xəbər gəlib ki, Seymur Əhmədzadənin yaşyarımlıq oğlu Salyan rayonunda yıxılaraq vəfat edib.
İyunun 11-də Asif Yusifli və daha 11 nəfərin işi üzrə keçirilən məhkəmə prosesində əvvəl prokuror çıxış edib. O bildirib ki, təqsirləndirilən şəxslərə qarşı irəli sürülmüş ittihamlar (yürüş zamanı Milli Məclisin binasına qanunsuz daxil olma, binaya və oradakı əşyalara ziyan vurma, ərazidə polis avtomobilinin aşırılması və s.) məhkəmə istintaqı zamanı şahid və zərərçəkmiş ifadələri, videogörüntülər və başqa sübutlarla təsdiqini tapıb. Prokuror təqsirləndirilən şəxslərin Cinayət Məcəlləsinin 127 (qəsdən sağlamlığa az ağır zərər vurma), 186 (özgə əmlakını zədələmə və ya məhvetmə), 233 (ictimai asayişin pozulması) və 315-ci (hakimiyyət nümayəndəsinə qarşı zorakılıq) maddələrilə cəzalandırılmasını istəyib. Lakin cəzanın şərti hesab edilməsini təklif edib. Prokuror Asif Yusifliyə həbsdə və ev dustaqlığında olduğu müddətin də nəzərə alınmaqla, 4 il 1 ay şərti cəza verilməsini, ona 4 il sınaq müddəti təyin olunmasını təklif edib. Digər təqsirləndirilən şəxslərin hər birinə isə 3 il 6 ay şərti cəza verilməsini istəyib.
Daha sonra vəkillər müdafiə nitqilə çıxış edib. Vəkillər hüquqlarını müdafiə etdikləri şəxslər haqqında bəraət hökmü çıxarılmasını xahiş ediblər. Onlar bildiriblər ki, prokuror ittihamın sübuta yetirildiyini ümumi şəkildə desə də, fikrini əsaslandırmadı. Vəkillər vurğulayıb ki, məhkəmədə ittihamlar sübuta yetirilmədi. Vəkillərdən bir neçəsi hüquqlarını müdafiə etdikləri şəxslərə cinayət törətmədikləri halda, həbsdə saxlandıqları müddətə, çəkdikləri məhrumiyyətlərə görə kompensasiya ödənilməsini tələb edib.
Ardınca təqsirləndirilən şəxslər son sözlərini deyiblər. Onların hamısı bəraət istəyib, təqsirsiz olduqlarını deyiblər. AXCP-dən olan Qarabağ əlili Asif Yusifli bildirib ki, yürüşdə iştirak etsə də, nə Milli Məclisə daxil olanlar arasında olub, nə də hansısa zorakılığa yol verib. Ona qarşı irəli sürülən ittihamların hamısının əsassız olduğunu vurğulayan Asif Yusiflinin sözlərinə görə, özü də, digər cəbhəçilər də təqsirsizdir. O vurğulayıb ki, hökumət bu cinayət işindən AXCP-yə qarşı repressiya məqsədilə istifadə edib.
Təqsirləndirilən şəxslərdən biri də 90-cı illərdə Naxçıxan Muxtar Respublikasının daxili işlər nazirinin müavini olmuş Siyavuş Mustafayev də var. O da ittihamların əsassız olduğunu deyib: “Bizim günahımız vətəni sevməkdirsə, buna görə bizə veriləcək ən ağır cəzanı çəkməyə hazırıq. Vətəni sevdiyinə, torpağına sahib çıxdığına görə adamın həbsxanaya atılması sözün bitdiyi yerdir. Baxın, indiyə qədər Avropa Məhkəməsi Azərbaycanda yerli məhkəmələrin ədalətsiz qərarlar verdiyi 233 iş üzrə Azərbaycanı cərimələyib. Daha 533 iş üzrə də qərar gözlənilir…”
Hakim Azər Tağıyev onun sözünü kəsərək, mahiyyəti üzrə son sözünü deməyi tələb edib.
“Bizim haqqımızda çıxarılan hökmlə şahın qanun olduğu göstərilsə, deməli, ədalət yoxdur. Qanun şah olsa, deməli, hamıya bəraət verilməlidir”, – Siyavuş Mustafayev bildirib.
Hakim hökmü iyunun 21-də elan edəcək.
2020-ci ilin iyulunda keçirilmiş yürüşlə əlaqədar cinayət məsuliyyətinə cəlb olunmuş və şərti olaraq, “Qarabağ məhbusları” adlandırılan 36 nəfərin işi 3 qrupa bölünüb. AXCP Rəyasət Heyətinin üzvləri Fuad Qəhrəmanlı, Məmməd İbrahim, Bəxtiyar İmanov, Ayaz Məhərrəmlinin də daxil olduğu daha 12 nəfərin də daxil olduğu daha bir qrupun da məhkəsi başa çatır. Prokuror o işdə təqsirləndirilən şəxslərə 4 il 6 aya qədər şərti cəza istəyib. Hakim Ağamalı Qafarov hökmü iyunun 14-də elan edəcək.