Keçmiş nazir Eldar Mahmudov məhkəməyə verilib

MTN tərəfindən həbs olunmuş, indi isə zərərçəkən kimi tanınan Mətləb Mustafayev keçmiş nazirdən 100 min manat təzminat istəyir

Source:
Eldar Mahmudov foto sosial şəbəkə
Eldar Mahmudov foto sosial şəbəkə
Eldar Mahmudov foto sosial şəbəkə
Eldar Mahmudov foto sosial şəbəkə


MTN tərəfindən həbs olunmuş, indi isə zərərçəkən kimi tanınan Mətləb Mustafayev keçmiş nazirdən 100 min manat təzminat istəyir

2014-cü ilin sentyabrında həbs olunub iki il azadlıqdan məhrum edilən, indi isə keçmiş MTN generalları haqqında cinayət işində zərərçəkmiş olan Mətləb Mustafayev sabiq nazir Eldar Mahmudovu məhkəməyə verib. Uzun müddət həbsdə saxlandıqdan sonra bəraət alan Mətləb Mustafayev qanunsuz həbsinə görə Eldar Mahmudovdan 100 min manat təzminat tələb edir.

Bu barədə jurnalistlərə məlumat verən Mətləb Mustafayevin sözlərinə görə, onun Eldar Mahmudova qarşı iddiasına Yasamal Rayon Məhkəməsində hakim Sərdar Mehrəliyevin sədrliyilə baxılacaq. Bu iş üzrə məhkəmənin hazırlıq iclası aprelin 24-də keçiriləcək.

Mətləb Mustafayev həm özünün qanunsuz həbsinə, həm də qardaşının – MTN polkovniki Malik Mustafayevin ölümünə görə zərərçəkmiş qismində tanınıb.

MTN-in Antiterror Mərkəzinin keçmiş rəisi, 10 il 6 ay həbs cəzası almış Elçin Quliyevə verilən ittihamlardan biri də Malik və Mətləb Mustafayev qardaşları ilə bağlıdır.

Mətləb Mustafayev Əmlak Məsələləri Dövlət Komitəsində çalışıb, oradan çıxandan sonra dövlət orqanlarına şikayət ərizələri göndərib. İttihamda yazılıb ki, E.Quliyev bu məsələ ilə əlaqədar MTN-in başqa bir idarəsində işləyən Malik Mustafayevi çağırıb, ondan qardaşı haqda soruşub. Həmçinin Mətləb Mustafayevin müəyyən şəxslər əleyhinə izahatlar verməsini istəyib. Amma Mətləb Mustafayev imtina edib. Nəticədə Mustafayevlərlə E.Quliyev arasında narazılıq yaranıb.

Bundan az sonra Mətləb Mustafayev evindən silah çıxması iddiası ilə həbs olunub. Qardaşının həbsinin ardından MTN polkovniki Malik Mustafayev intihar edib.

E.Quliyev Mustafayev qardaşları ilə bağlı ona verilən ittihamları qəbul etmir. Onun sözlərinə görə, Mətləb Mustafayevin evindəki əməliyyat da sabiq nazir Eldar Mahmudovun göstərişi ilə keçirilib.

Mətləb Mustafayev Eldar Mahmudovla yanaşı, MTN-in İstintaq Baş İdarəsinin rəisi, ehtiyatda olan general-mayor Mövlan Şıxəliyevi də məhkəməyə verib. Ona qarşı iddia isə Səbail Rayon Məhkəməsinə təqdim olunub.

Ana səhifəXəbərlərKeçmiş nazir Eldar Mahmudov məhkəməyə verilib