Keçmiş MTN-nin ”Eurovision məhbusları”

2010-cu ildə Samir Sanıyev və digərləri hardan bilərdilər ki, müsabiqə gələcəkdə inşa etdirilməsi planlaşdırılan “Kristal-Hall” konsert sarayında keçiriləcək?

Source:
Crystall Hall
Crystall Hall

2010-cu ildə Samir Sanıyev və digərləri hardan bilərdilər ki, müsabiqə gələcəkdə inşa etdirilməsi planlaşdırılan “Kristal-Hall” konsert sarayında keçiriləcək?

Keçmiş Milli Təhlükəsizlik Nazirliyi (MTN) mövcud olduğu dönəmdə quruma rəhbərlik edənlər dövlət başçısının və digər yüksək vəzifəli şəxslərin yanında öz nüfuzlarını süni şəkildə yüksəltmək, özlərinin önəmli, əvəzedilməz, peşəkar və s. olduqlarını göstərmək üçün tez- tez müxtəlif əməliyyatlar həyata keçirirdilər. Xeyli sayda qanunsuz silahlı dəstələr, terrorçular, casuslar “zərərsizləşdirilir”, prezidentə qarşı həyata keçirilməsi planlaşdırılan sui-qəsdlərin dövlət çevrilişlərinin, terrorun “qarşısı alınırdı”. MTN tərəfindən növbəti dövlət çevrilişi və terrorun qarşısını almaq əməliyyatı 2012-ci ilin may ayında, ölkəmizdə baş tutan “Eurovision” mahnı yarışması ərəfəsində həyata keçirilib. Həmin vaxtı Bakıda, Gəncədə, Zaqatalada və digər bölgələrdə həyata keçirilən xüsusi əməliyyat zamanı xeyli sayda insan həbs olunub. Onların bir çoxu müxtəlif formalarda azad olunsa da, 48 nəfər məsuliyyətə cəlb olunur. Gəncədə keçirilən antiterror əməliyyatı zamanı mütəşəkkil dəstənin başçısı hesab edilən “Busra” ləqəbli Vüqar Padarov və bir MTN əməkdaşı qətlə yetirilir. 48 nəfərdən 29 nəfər Cinayət Məcəlləsinin ağır maddələri ilə ittiham olunur.

Onlara qarşı CM- nin ən ağır maddələri – dövlətə xəyanətdən tutmuş, dövlət çevrilişi, adam öldürməyə cəhd, silahlı birləşmə yaratmaq, terrora hazırlıq, terroru maliyyələşdirmə və s. olmaqla 15-dən artıq maddə ilə cinayət işi başlanılıb. 29 nəfər Bakı Ağır Cinayətlər Məhkəməsində hakim önünə çıxarılıb, ən ağır cəza ilə cəzalandırılıb. 3 nəfər ömürlük, qalan şəxslər isə əsasən 10 ildən 15 ilə qədər azadlıqdan məhrum edilib. Dəstə üzvü hesab olunan təkcə Samir Fəxrəddin oğlu Sanıyev, Elmir Maarif oğlu Nurəliyev və Aydın Azad oğlu Həsənova törətdikləri iddia olunan cinayətlə bağlı verilən cəzanın ümumi həcmi 207 ildir. Dəstə demişkən qeyd edək ki, MTN-nin iddia etdiyi öncədən əlbir olan, xaricdən silah gətirib təlim keçən, xüsusi planlar hazırlayan “mütəşəkkil dəstə”-nin əksər üzvləri bir-birini tanımır (!?). Ən yaxşı halda 29 nəfərin yalnız bir neçə nəfəri bir- birini tanıyır. Bu tanışlığın da müddəti çox azdır və həmin şəxslər də biri-biriləri ilə cəmi 3-4 dəfə görüşdüklərini bildirirlər.

Məsələn, dəstə üzvü iddia olunan Mehdi Padarov dəstədən yalnız 2 nəfəri tanıyır və onlarla da hər hansı xüsusi münasibəti, müzakirəsi və planları olmayıb. Yeri gəlmişkən qeyd edək ki, Mehdi Padarovun günahı onun MTN-nin keçirdiyi əməliyyat zamanı qətlə yetirilən Vüqar Padarovun qardaşı olmasıdır. O, Ali Məhkəmədə çıxışı zamanı bildirib ki, özünü təqsirli bilmir. İrəli sürülən ittihamları qəbul etmir: “İstintaq zamanı mənə MTN əməkdaşları dedi ki, sən qardaşın Vüqara görə (Vüqar Padarov nəzərdə tutulur- red.) burdasan. O ölməsəydi, sən burda olmayacaqdın. Mənim yeganə “günahım” Vüqarın qardaşı olmağımdır”.

Mehdi Padarovun vəkili Fariz Namazlı bildirir ki, əməlində cinayət tərkibi olmadığına görə Padarov Mehdi İspaxan oğluna münasibətdə cinayət təqibinə bəraətverici əsaslara xitam verilməlidir və o, həbsdən azad olunmalıdır.


MTN-də işgəncələr…

Həbs olunan şəxslər MTN-ə gətirilərək adıçəkilən qurumun keçmiş əməkdaşları tərəfindən insan ləyaqətini alçaldan formada münasibətə və amansız işgəncələrə məruz qalıblar. Təqsirləndirilən şəxslərdən qeyri- dəqiq, ittiham tərəfinə lazım olan ifadələrin bir çoxu işgəncə altında alınıb. Hətta onlar saatlarla döyülərək, ailə üzvləri ilə təhdid edilərək kamera qarşısına çıxarılıb, onların videosu çəkilib və youtube.com- da yerləşdirilib. Həmin şəxslər onlara qarşı yol verilən ağır işgəncələri məhkəmə önündə etiraf etsələr də, təəssüf ki, irəli sürülən qanunazidd hərəkətlərin araşdırılması üçün məhkəmə instansiyası heç bir addım atmayaraq, susqunluq nümayiş etdirib və qanunsuzluğa yol verilib. Əslində məhkəmələr təkcə bu fakta göz yummaqla ədalətli araşdırma aparmadan imtina edərək, keçmiş MTN əməkdaşlarının yol verdikləri qanunsuzluqlara şərik olublar.

Eyni zamanda MTN əməkdaşları tərəfindən həbs olunaraq bu quruma gətirilən şəxslərin müdafiə hüququ təmin edilməyib və kobud qanun pozuntuları ilə həyata keçirilib. Təqsirləndirilən şəxslər ən yaxşı halda saatlarla amansız işgəncələrə məruz qaldıqdan 1 sutka sonra müstəqil olmayan (dustaq dilində belə vəkillərə “paykavoy” vəkil deyirlər- red.) təmin olunub. Həmin vəkillərə MTN-nin xətti ilə qanunvericilikdə nəzərdə tutulduğundan artıq ödənişlər edilib. Məsələn, həmin vəkillərdən birinə 940 manat ödəniş edilib. Halbuki, dövlət hesabına məhkəmə proseslərində iştirak edən vəkilə saatı 2 manat verildiyini nəzərə alsaq. belə çıxır ki, bu vəkil müştərisi olduğu məhbusa 480 saat, başqa sözlə, gecə-gündüz dayanmadan 20 gün hüquqi yardım edib. Bu isə həm praktiki baxımdan mümkün deyil, həm də araşdırma zamanı məlum olub ki, MTN- nin xətti ilə prosesə cəlb olunan bu “zəhmətkeş” vəkil hüquqlarını müdafiə etdiyi məhbusla bağlı hər hansı vəsatət, etiraz, şikayət məktubu, müraciət və s. hazırlamayıb. Bu dəstənin üzvlərinin müdafiə işində müstəqil, tanınmış vəkillər ya iştirak etməyib, ya da sonradan qoşulub.

Bakı Ağır Cinayətlər Məhkəməsi və Bakı Apellyasiya Məhkəməsi MTN- nin mövcud və güclü olduğu dövrlərdə – 2013-cü və 2014-cü illərdə bu işlərə baxaraq demək olar ki, ittiham aktını olduğu kimi məhkəmə sənədlərinə köçürüb, ona uyğun qərar veriblər. Qərardan narazı qalan bir qrup məhkum və onların müdafiəçiləri Ali Məhkəməyə kassasiya şikayəti verib. Alı Məhkəmə 30 iyun 2016-cı il tarixli qərarı ilə Apellyasiya Məhkəməsinin qərarını qüvvədə saxlayıb. Müstəqil olmayan Azərbaycan məhkəmələrindən bundan artığını da gözləmək olmazdı.

Maraqlıdır ki, məhkəmədə ifadə verən bütün məhkumlar onlara qarşı irəli sürülən ittihamları, xüsusən dövlətə xəyanət, dövlət çevrilişi, adam öldürməyə cəhd, silahlı birləşmə yaratmaq, terrora hazırlıq və terroru maliyyələşdirmə və s. ittihamları birmənalı şəkildə rədd edərək, özlərinin günahsız olduqlarını bildirmiş, bəzi məhkumlar isə hakimiyyət nümayəndəsinə müqavimət göstərmək, silah gəzdirmək və s. maddələr üzrə özlərini qismən təqsirli hesab etmişlər ki, buna görə onlara yüngül cəza verilməsini xahiş ediblər.


Bünövrəsi qoyulmayan “Kristal Hall”- ı partlatmaq iddiası…

Müdafiə tərəfinin verdiyi məlumata görə, MTN tərəfindən dəstə üzvlərinə qarşı irəli sürülən əsas ittihamların birində deyilir: “Samir Sanıyev və digərləri Rusiya Federasiyasında təşkil etdikləri qanunsuz silahlı birləşmənin üzvləri ilə birlikdə özləri ilə daşıdıqları, qanunsuz yolla əldə etdikləri çoxsaylı silah və sursatları Azərbaycan Respublikası gömrük nəzarət məntəqələrindən kənarda qeyri-qanuni yolla keçirərək, Azərbaycan Respublikasına gətirməklə terrorçuluğa, dövlət hakimiyyətinin çevilişinə, insanlar arasında vahimə yaratmaq məqsədilə təxribatların törədilməsinə, o cümlədən 2012-ci ilin may ayında Bakı şəhərində təşkil olunmuş “Evrovision-2012” mahnı müsabiqəsi zamanı təxribat-pozuculuq və bir sıra terrorçuluq aksiyalarını həyata keçirmək məqsədi ilə “Bakı Kristall Hall” sarayında böyük insan tələfatına səbəb ola biləcək partlayışların törədilməsinə hazırlıq etmişlər”. Amma müdafiə tərəfi bildirir ki, yuxarıda qeyd olunanları təsdiqləyəcək bir nəfər də olsun şəxsin ifadəsi alınmayıb. Həmin şəxslər arasında tanınma, üzləşmə kimi vacib olan istintaq hərəkətlərinin aparılması təmin edilmədən, məhz fərziyələrə əsaslanmaqla Samir Sanıyev və digər təqsirləndirilən şəxslərə əsassız olaraq ittihamlar elan edilib.

Eyni zamanda məhbuslar və onları müdafiə edən vəkillər bildirir ki, 2011- ci ilin may ayında Almaniyanın Dortmund şəhərində keçirilən “Eurovizion- 2011” mahnı müsabiqəsi zamanı Azərbaycanı təmsil edən nümayəndə heyəti qalib gəlib və bundan sonra 2012-ci ilin anoloji mahnı müsabiqəsinin Bakı şəhərində keçirilməsi planlaşdırılıb. O zaman hələ 2010-cu ildə Samir Sanıyev və digərləri hardan bilərdi və müəyyənləşdirərdilər ki, müsabiqə gələcəkdə inşa etdirilməsi planlaşdırılan “Kristal-Hall” konsert sarayında keçiriləcək və onlar da orda partlayışlar törədəcək? Çünki ittiham aktında qeyd olunur ki, S. Sanıyev və digərləri guya 2010-cu ildə planlaşdırıblar ki, 2012-ci ildə Bakıda keçiriləcək “Eurovizion-2012” mahnı müsabiqəsi zamanı “Kristal-Hall” konsert sarayını, “Hilton” və “JV Marriot” otellərini partladacaqlarmış. Halbuki, 2010-cu ildə “Eurovision” mahnı müsabiqəsinin nə 2012-cu ildə Azərbaycanda keçiriləcəyi bəlli idi, nə də “Kristal-Hall” konsert sarayını, “Hilton” və “JV Marriot” otellərinin bünövrəsi qoyulmuşdu.

Digər tərəfdən, “Eurovizion-2012” mahnı müsabiqəsi ərəfəsində ölkədə nə terrora, nə də dövlət başçısına qarşı hər hansı sui-qəsd, nə də dövlət çevrilişinə cəhdlə bağlı ən kiçik ehtimal, hərəkət belə qeydə alınmadı və belə bir məsələnin baş verməsi heç üfüqdə də görünmədi.

Əlbəttə, biz o iddiada deyilik ki, haqqında məhkəmə hökmü olan 29 nəfərin hər biri günahsızdır və onların hansı birininsə əməlində Azərbaycan respublikasının qanunvericiliyinə uyğun olaraq cinayət tərkibi yoxdur. Onların bəziləri irəli sürülən ittihamların bir neçəsi üzrə özlərini qismən təqsirli bilirlər.


Amma görünən odur ki,

Keçmiş MTN- nin “Eurovision- 2012” mahnı müsabiqəsi ərəfəsində həyata keçirdiyi əməliyyat gerçək təhlükənin qarşısının alınmasına deyil, daha çox adıçəkilən qurumun süni təbliğinə və başqa məqsədlərə xidmət edib;

Həbs olunan şəxslərə qarşı irəli sürülən əksər maddələr onların əməllərinə adekvat deyil;

Haqqında hökm çıxarılan şəxslərə hərəkətlərinə münasib olmayan ifrat cəza verilib;

Onların həbsində və ittiham olunduğu maddələrdə siyasi çalarlar var;

Həmin şəxslərin işi, eləcə də keçmiş MTN-nin xətti ilə həyata keçirilən həbslər və onlar haqqında çıxarılan məhkəmə hökmləri yenidən araşdırılmalıdır.

Ana səhifəXəbərlərKeçmiş MTN-nin ”Eurovision məhbusları”