Keçmiş MTN əməkdaşları dövlətə xəyanətdə ittiham olunur

Zakir İsmayılov və Bəhruz Yusifzadənin casusluq etdiyi bildirilir

Source:


Zakir İsmayılov və Bəhruz Yusifzadənin casusluq etdiyi bildirilir

Dövlət Təhlükəsizliyi Xidməti (DTX) keçmiş Milli Təhlükəsizlik Nazirliyinin iki əməkdaşına qarşı Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə cinayət işi açıb.

Bu barədə

Dövlət Təhlükəsizliyi Xidməti

nin yaydığı məlumatda bildirilib ki, xarici xüsusi xidmət orqanları tərəfindən maddi maraq müqabilində, xüsusi təxəllüs verilməklə məxfi əməkdaşlığa cəlb edilmiş 1959-cu il təvəllüdlü Zakir Əlibala oğlu İsmayılov keçmiş Milli Təhlükəsizlik Nazirliyində şöbə rəisi və digər məsul vəzifələrdə işləyib. İddia olunur ki, o, işlədiyi dövrdə dövlət təhlükəsizliyi və milli maraqların zərərinə fəaliyyət göstərərək, tutduğu vəzifələrə görə ona məlum olan, habelə əldə edə bildiyi əks-kəşfiyyat fəaliyyəti üzrə sənədlər, şəxsi heyət barədə və digər məxfi məlumatları, eləcə də 2015-ci ildən etibarən təqaüddə olduğu dövrdə keçmiş əlaqə və imkanlarından istifadə edərək təhlükəsizlik orqanlarında baş verən dəyişikliklər barədə məlumatları, Azərbaycan xüsusi xidmət orqanlarına qarşı kəşfiyyat işlərinin mümkün üsulları barədə təhlillərini müntəzəm xarici xüsusi xidmət orqanına təqdim etməklə dövlətə xəyanət edib.

Məlumatda deyilir ki, istintaq zamanı Zakir İsmayılovun xarici xüsusi xidmət orqanları ilə gizli və şifrəli yazışmaları, xarici xüsusi xidmət orqanlarına göndərilmiş sənədlər, gizli toplanılmış məlumatların olduğu elektron daşıyıcılar, səsyazmalar və iş üzrə əhəmiyyət kəsb edən digər çoxsaylı materiallar aşkar edilib. Zakir İsmayılov Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə məsuliyyətə cəlb edilərək həbs olunub.

DTX 1977-ci il təvəllüdlü Bəhruz Yaşar oğlu Yusifzadənin də eyni maddə ilə həbs olunduğunu bildirib:

“Bəhruz Yusifzadə təhlükəsizlik orqanlarında xidmətdən ehtiyata buraxıldıqdan sonra xarici ölkələrə səfərlərində əvvəllər məxfi əməkdaşlığa cəlb etdiyi xarici ölkə vətəndaşının vasitəsi ilə onunla əlaqə quran xarici xüsusi xidmət orqanları əməkdaşları ilə görüşlər təşkil edib, onlar tərəfindən maddi maraq müqabilində əməkdaşlığa cəlb olunub, yenidən Azərbaycan xüsusi xidmət orqanlarından hər hansı birinə işə düzəlməyə cəhd etmək barədə tapşırıq alıb. O, bu istiqamətdə fəaliyyət göstərərkən ifşa olunub. B.Yusifzadənin casusluq fəaliyyətinə, xarici xüsusi xidmət orqanlarından maddi vəsait qəbul etməsinə dair çoxsaylı video və sair materiallar əldə edilib”.

DTX adıçəkilən zabitlərin hansı ölkəyə casusluq etdiklərini açıqlamasa da, social şəbəkələrdə onların İran İslam Respublikasına casusluq etdiyi barədə informasiyalar yayılıb.

Təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl baş verən olayı Eldar Mahmudovun Milli Təhlükəsizlik Nazirliyinə 11 il 2 aylıq rəhbərliyinin nəticəsi kimi qiymətləndirib.

İlham İsmayıl Meydan TV-yə deyib ki, bu müddətdə Eldar Mahmudovun rəhbərliyinə dözülməsi və ona geniş şərait yaradılması, yəni təhlükəsizliklə əlaqəsi olmayan adamlara nazirlikdə iş verməsi belə bir mənzərəni yaratmalıydı:

“Onun gətirdiyi adamların bəziləri quldur çıxdı, bəziləri satqın. Bu, hələ son deyil. Ən aparıcı baş idarənin, strukturun rəhbəri ələ alınırsa, xarici xüsusi xidmət orqanıyla əlaqəda olursa, bunlar hamısı böyük pulların hesabına baş verir. Çünki Eldar Mahmudovun nazir olduğu zaman bu qurumda hər şey pulun üstündə qurulduğundan bu adamları maddi maraq müqabilində ələ alıblar. Xarici xüsusi xidmət orqanları da həmin nazirliyin pula meylli olduğunu bilib”.

İlham İsmayıl sosial şəbəkələrdə həbs olunan zabitlərin İrana casusluq etməsi barədə yayılan xəbərlərin nə üçün rəsmən təsdiqlənmədiyinə də aydınlıq gətirib:

“Mən düzgün hesab etməsəm də, münasibətlərin korlanmaması üçün yeri gələndə belə etmək olar. Bəzən iki ölkə arasında münasibətlərin gərginləşməməsi üçün diplomatik qayda ilə adamların hansı ölkəyə casusluq etdiyini qapalı saxlayırlar. Bununla belə, xəbərdarlıq edirlər ki, bizə qarşı bu cür fəaliyyəti dayandırın. Hansı ölkəyə casusluq etdiklərinin açıqlanmaması Azərbaycanın xarici siyasətindən irəli gəlir, Dövlət Təhlükəsizlik Xidmətinin işi deyil, onlar onsuz da bilir. Ancaq nə vaxtsa bunu açıqlayacaqlar. Bəlkə Amerika dövlətində bu cür hadisə olsaydı, onlar açardı. İran və Rusiyanın adı olanda tam açmırlar, həm də bu iki dövlətin xüsusi xidmət orqanları Azərbaycanda daha fəaldır. Başqa dövlətin maraqlarına casusluq etmək ilk dəfə deyil, iki ay əvvəl də oxşar hadisə olmuşdu, Həsənzadə soyadlı bir nəfəri casusluq ittihamı ilə həbs etdilər”.

Rəsmi məlumatda qeyd olunmasa da,

“Yenicag.az”

saytı MTN-nin əks-kəşfiyyat baş idarəsinin rəisi, general-mayor Ədalət Əsədullayevin də həbs olunanlar arasında olduğunu yazır. İddiaya görə, o da vətənə xəyanətdə ittiham olunur. Ədalət Əsədullayevin sabiq nazir Eldar Mahmudovla qohumluq əlaqəsi var. O, 24 oktyabr 2015-ci il tarixində vəzifəsindən uzaqlaşdırılaraq sərancama göndərilib.

Ana səhifəXəbərlərKeçmiş MTN əməkdaşları dövlətə xəyanətdə ittiham olunur