Fikrət Yusifov iqtisadi sahədə nöqsanlardan danışsa da, fikirlərini konkretləşdirməyib
Keçmiş maliyyə naziri (1994-1999-cu illər) Fikrət Yusifov “Ekonomiks” Beynəlxalq İqtisadi Araşdırmalar Birliyi yaradıb. Yeni QHT-nin məqsədi mövcud nöqsanları aradan qaldırmaq üçün təkliflər hazırlamaqdır. Birlik sosial-iqtisadi və başqa təmayüllü QHT-lərə total hücumlar şəraitində yaradılıb.
Keçmiş maliyyə naziri noyabrın 26-da keçirdiyi mətbuat konfransında bildirib ki, dünyanın ağır maliyyə böhranı keçirdiyi dövrdə Azərbaycan bütün sahələrdə iqtisadi sıçrayış əldə edib. Amma nöqsanlar da var: “Təşkilatımızın məqsədi onların tez və ağrısız aradan qaldırılması üçün addımlar atmaqdır.
Amma nöqsan deyəndə nəyi nəzərdə tutduğunu açıqlamayıb.
Fikrət Yusifov ARDNF-nin vəsaitlərindən dövlət investisiya layihələri üçün istifadə edilməsini düzgün addım sayır. Dünyada neftin ucuzlaşmasının siyasi motivli olduğunu düşünür. Onun fikrincə, dövlət büdcəsində neftin 1 barrelinin 90 dollardan hesablanması doğru qərardır.
«Böyük valyuta ehtiyatları olduğu halda gəlir və xərclər hissəsi niyə ixtisar edilməlidir?», deyə Yusifov bildirib.
“Ekonomiks”in ilk layihəsi debat formasında KİV-lə əməkdaşlıq olacaq.
Yeni QHT-nin donorları ayrı-ayrı şəxslərdir.
Fikrət Yusifov vəzifədən çıxarılandan sonra Rusiyanın Sankt-Peterburq şəhərində elmi-pedaqoji fəaliyyətlə məşğul olub. 2001-ci ildə doktorluq dissertasiyası müdafiə edib, 2013-cü ilə kimi maliyyə kafedrasında professor olub.
“Ekonomiks” Ədliyyə Nazirliyində 31 oktyabr 2014-cü ildə qeydiyyata alınıb (Turan İA).