“Əgər hadisəni törətməyibsə, ondan üzr istəməyə hazıram“
Azərbaycanın Ukraynadakı keçmiş səfiri, uzun illər Diasporla İş üzrə Dövlət Komitəsinə rəhbərlik etmiş Nazim İbrahimov həbsdə olan Milli Qəhrəman, general Rövşən Əkbərovun məhkəməsində dindirilib. Bakı Hərbi Məhkəməsində şahid qismində ifadə verən Nazim İbrahimov dedikləri qətldə ittiham edilən generalın əleyhinə olduğundan dindirmə zamanı onların arasında mübahisə yaranıb.
Nazim İbrahimov bildirib ki, qətlə yetirilmiş Elçin Əliyevlə hələ səfir təyin edilməmişdən əvvəl Ukraynada bizneslə məşğul olarkən – 1994-cü ildə tanış olub. 1997-ci ildə səfir təyin ediləndən sonra özü sahibkarlıqla məşğul olmasa da, Elçin Əliyevlə ailəvi dostluqları davam edib. Onun sözlərinə görə, Elçin Əliyev səfirliyin texniki təminatında da kömək edirdi. Məsələn, öz avtomobilini bir müddət səfirliyin istifadəsinə vermişdi. Səfirlik əvvəl onun ofis kimi icarəyə götürdüyü yerdə fəaliyyət göstərirdi:
“Bakıdan səfirliyə avtomobil ayrılandan sonra Elçinin avtomobili özünə geri qaytarıldı. Bir müddət sonra ofisin yerləşdiyi ikimərtəbəli bina da səfirlik tərəfindən rəsmi qaydada Ukrayna dövlətindən alındı“
Nazim İbrahimov bildirib ki, hadisə baş verən vaxt Bakıda olub. Bu üzdən hadisənin necə baş verdiyini özü görməyib. Onun sözlərinə görə, olaydan bir neçə gün sonra Rövşən Əkbərov onunla görüşüb və bu haqda ətraflı danışıb: “2000-ci ilin avqustunda Milli Məclisə keçirilən seçkilərə görə Bakıya qayıtdım. Hadisəyə qədər də Kiyevə getməmişdim. 2001-ci il iyunun 1-də Elçin Əliyevin Kiyevdə öldürüldüyünü eşitdim. Dostum olduğu üçün dərhal ailəsi ilə danışdım. Meyitin gətirilməsini də üzərimə götürdüm. Elçin Əliyevin biznes ortağı, səfir olduğum dövrdə tanıdığım Səməd Novruzovla danışdım. Təyyarəyə iki bilet alıb birlikdə getdik. Morqda həkim dedi ki, ürəyindən bıçaqlanıb”.
Kiyevdə olduğu müddətdə “Dnepr” oteldə qaldığını deyən sabiq səfirin dediyinə görə, səfirliyin komendantı Qüdrət Əhmədov onunla əlaqə saxlayaraq, general Rövşən Əkbərovun görüşmək istədiyini deyib. O da razılaşıb və az sonra Rövşən Əkbərovla Qüdrət Əhmədov birlikdə otelə gəlib: “Orada Rövşən Əkbərova dedim ki, hamı bu qətli sənin törətdiyini deyir, Bakıda da eşitmişdim. Rövşən Əkbərov dedi ki, həmin gün gecəyə qədər qonaqlıqda olublar, oradan çıxıb “Sikora” kafesinə gediblər. Elçin Əliyev və Məzahir Şıxaliyevlə bir stolda oturublar. Rövşən Əkbərov hadisənin necə baş verdiyini mənə danışdı. Məzahirlə mübahisəsi düşüb. Mübahisə zamanı Rövşən Əkbərov Məzahiri vurub. Bıçağa əl atanda Elçin qarşısına keçib, onun ürəyindən dəyib”.
Nazim İbrahimov deyir ki, o, Məzahir Şıxəliyevi şəxsən tanımırdı. Amma onun mərhum Daxili İşlər naziri İsgəndər Həmidovun adamı olduğunu eşitmişdi: “Mən qatı Heydər Əliyevçi idim. Onun isə İsgəndər Həmidovun adamı olduğunu eşitmişdim. Mənim bildiyimə görə, həmin vaxt kafedə generalların şərəfinə sağlıq deyilib. Məzahir də deyib ki, mən bir general tanıyıram, o da içəridə yatır. İsgəndər Həmidovu nəzərdə tutub. Dava buna görə başlayıb. Rövşən Əkbərov Məzahiri yumruqla, Elçini isə bıçaqla vurub. Bu səbəbdən baş verdiyini Kiyevdə olanda eşitdim, Rövşən Əkbərov bu hissəni mənə danışmamışdı. Əgər hadisəni törətməyibsə, ondan üzr istəməyə hazıram. Amma bu danışdıqlarımı vicdanla deyirəm…”
Rövşən Əkbərov keçmiş səfirin dediklərinə etiraz edib. O bildirib ki, oteldə görüş zamanı Elçin Əliyevi öldürdüyünü etiraf etməsi haqda deyilənlər yalandır: “Bəli, həmin gün otelə getmişdim. Sizdən soruşdum ki, niyə Elçinin valideynlərinə mənim adımı vermisiniz? Niyə mənim adımı hallandırmısınız?”
Rövşən Əkbərovun vəkilləri Nazim İbrahimovun 2003-cü ildə istintaqa verdiyi ifadəsinin elan olunmasını istəyiblər. Buna həm prokuror, həm də zərərçəkmiş tərəfin vəkili Elçin Sadıqov etiraz edib. Elçin Sadıqov bildirib ki, həmin dövrdən 20 il keçib, bu səbəbdən şahidin 2021-ci ildə verdiyi ifadə həqiqəti əks etdirir
Təqsirləndirilən general vəkilin dediklərinə etiraz edib: “Vəkil deyir ki, hadisədən 20 il keçib. O zaman sual ortaya çıxır, 20 ildən sonra şahidlər necə düzgün danışa bilər?”
Nazim İbrahimov bildirib ki, həmin dövrdə Kiyevdə, hətta bu işi araşdıran hüquq-mühafizə orqanlarında da Rövşən Əliyevin adı hallanırdı. Bu zaman Nazim İbrahimovla Rövşən Əkbərov un arasında mübahisə yaranıb.
“Qeyrəti, mənliyi olan adam yalan danışar?“, – general belə deyib.
Hakim tərəflərə xəbərdarlıq edib. Məhkəmə Nazim İbrahimovun 2003-cü ildə ibtidai istintaqa verdiyi ifadəsinin elan olunmasına qərar verib. Orada o, hadisənin general tərəfindən törədildiyini deməyib. Bunun səbəbini soruşduqda Nazim İbrahimov belə cavab verib: “O zaman məndən bu haqda soruşan olmayıb. Soruşsaydılar, deyərdim. Məndən ancaq hadisəni görüb-görmədiyimi soruşdular”.
Rövşən Əkbərova qarşı qəsdən adam öldürmə ilə yanaşı, xuliqanlıq ittihamı da irəli sürülüb. Bu ittiham isə Məzahir Şıxəliyevin yumruqla vurulmasına görə verilib. Məzahir Şıxəliyev 2005-ci ildə vəfat etdiyinə görə onun qardaşı Rafiq Şıxəliyev zərərçəkmişin hüquqi varisi qismində tanınıb. O, məhkəmədə dindirilərkən deyib ki, 2001-ci il iyulun 2-də hadisədən xəbər tutub: “Öyrəndim ki, Kiyevdə qardaşım döyülüb, Elçin Əliyev qətlə yetirilib”.
Onun sözlərinə görə, hadisədən sonra mərhum qardaşı qətldə şübhəli bilinərək saxlanılıb. Lakin bir neçə gün sonra azadlığa buraxılıb: “Hadisə günü atamla birlikdə Elçinin valideynlərinin evinə gəldik. Orada hadisə barədə dəqiq məlumat öyrəndik. Elçinin qaynı İdrak dedi ki, qardaşını Rövşən Əkbərov öldürüb. Bu işdə hamı onun adını hallandırırdı“
İdrak Qarayev də məhkəmədə şahid qismində dindirilib. O deyir ki, meyiti gətirməyə Ukraynaya gedənlər arasında olub. Orada Məzahir Şıxəliyevlə söhbət zamanı hadisənin necə baş verdiyini öyrənib: “Məzahir dedi ki, hərbçidir, şəklini görsəm, tanıyaram. Rövşən Əkbərovun qəzetdəki şəklini göstərdik, dedi ki, həmin adamdır. Məzahir bir müddət sonra Türkiyəyə getdi. Dedi ki, burada qalsam, məni də öldürəcəklər…”.
Şahidin sözlərinə görə, Məzahir Şıxəliyev hadisənin hərbi dənizçi bıçağı ilə törədildiyini də bildirib.
Rövşən Əkbərov isə şahidin dediklərinə etiraz edərək deyib ki, Məzahir Şıxəliyevə 6-7 foto göstərilib. O, şəkildəki rütbəsindən general olduğunu bildirib, ona görə də onun şəklini göstərib.
Məhkəmə prosesi davam edir.
2003-cü ildə Ukrayna prokurorluğu Azərbaycan Baş Prokurorluğuna məktub göndərərək, Elçin Əliyevin qətlində Rövşən Əkbərovun iştirakını təsdiqləyən sübutların olduğunu yazırdı. Həmin sübutlar da daxil olmaqla, cinayət işinin materialları istintaqın davam etdirilməsi üçün Azərbaycana göndərilmişdi. İş əvvəlcə Hərbi Prokurorluqda, daha sonra Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində araşdırılsa da, bir müddət sonra icraat dayandırılmışdı.
2014-cü ildə Avropa İnsan Haqları Məhkəməsi mərhumun valideynlərinin şikayəti əsasında qərar çıxararaq, bu işdə Avropa Konvensiyasının 2-ci (yaşamaq hüququ) maddəsinin pozuntusunu tanıyıb. Qərarda göstərilib ki, bu cinayət işi üzrə effektiv araşdırmalar aparılmayıb.
56 yaşlı Rövşən Əkbərov 1994-cü ildə Surət Hüseynovun dəstəsinin qarşısının alınmasında xidmətlərinə görə Milli Qəhrəman adına layiq görülüb. 1995-ci ildə isə o, OMON-çulara qarşı əməliyyatı həyata keçirən əsas fiqurlardan olub.
2001-ci ildə Ukraynada Elçin Əliyevin qətlindən sonra – 2002-ci ildə ona general-leytenant rütbəsi verilib. 2011-ci ildə isə korpus komandiri təyin edilib.
O, özünü təqsirli bilmir. Hələlik məhkəmədə ifadə verməyən general ittihama münasibət bildirərkən orada yazılanları “film ssenarisi” adlandırıb.