Keçmiş jurnalist “Azərbaycan Dəmir Yolları”na sədr qoyuldu

Rövşən Rüstəmov. Foto: Fed.az

Rövşən Rüstəmovun atası korrupsiya faktlarına görə işdən çıxarılsa da, qardaşı yeni vəzifəyə qoyulub

Rövşən Rüstəmov “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri təyin edilib.
Bu barədə Prezident İlham Əliyev oktyabrın 26-da sərəncam imzalayıb.

Dövlət başçısının digər sərəncamı ilə Rövşən Rüstəmov rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini vəzifəsindən azad edilib.

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin əvvəlki sədri Cavid Qurbanov 2022-ci ilin mayında vəzifəsindən azad edilib. 2015-2022-ci illərdə “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri olan C.Qurbanov hazırda rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavinidir.

1980-ci ildə İmişli rayonunda anadan olan Rövşən Rüstəmov orta təhsilini Bakıda 1 saylı Fizika-riyaziyyat və informatika təmayüllü liseydə başa vurub.

O, 1997-2001-ci illərdə Prezident yanında Dövlət İdarəçilik Akademiyasının “İnzibati idarəetmə” fakültəsində (“Dövlət və bələdiyyə idarəetməsi” ixtisası üzrə) təhsil alıb.

R.Rüstəmov əmək fəaliyyətinə 2002-ci ildə jurnalist kimi başlayıb və 2004-cü ilə qədər bir sıra mətbu orqanların iqtisadiyyat şöbəsində çalışıb. 2004-cü ilin iyul ayından əmək fəaliyyətini Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin “Azərpoçt” Məhdud Məsuliyyətli Cəmiyyətində davam etdirib.

R.Rüstəmov 2012-ci ildən Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin “Azərkosmos” ASC-də Korporativ idarəetmə üzrə baş mütəxəssis vəzifəsinə təyin olunub.

2012-2014-cü illərdə “Azərkosmos” ASC-də Korporativ idarəetmə üzrə müşavir vəzifəsində işləyib.
2018-ci ildə “Azərkosmos” ASC-nin sədr müavini təyin edilib. O, “Tərəqqi” medalı ilə təltif edilib.
Ailəlidir, 1 övladı var.

R.Rüstəmovun atası Mürvət Hüseynov 1998-2010-cu illərdə İmişli Regional Poçt Filialının rəisi olub.
2009-cu ildə İmişli Rayon Prokurorluğunun təqdimatı əsasında poçt şöbəsində yoxlamalar başlayıb. Yoxlamalar zamanı müəssisədə mübadilənin həyata keçirilməməsi, yanacaq və ehtiyat hissələrin mənimsənilməsi faktları sübut olunub. Həmçinin digər korrupsiya faktları da aşkarlanıb. Bu səbəblərdən Mürvət Rüstəmov tutduğu vəzifədən azad olunub. Lakin bir neçə aydan sonra sabiq rəis həmin müəssisəyə məsləhətçi qismində bərpa olunub.

Rövşən Rüstəmovun qardaşı Heydər Rüstəmov oktyabrın 24-də Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Yerüstü Nəqliyyat Agentliyinin İdarə Heyətinin sədr müavini təyin olunub.

Ana səhifəXəbərlərKeçmiş jurnalist “Azərbaycan Dəmir Yolları”na sədr qoyuldu