Loğman Əliyev Göyçay Rayon İcra Hakimiyyətindən maaşını ala bilmədiyini deyir
Göyçay Rayon Sanitar-Təmizlik İdarəsinin rəisi Loğman Kərim oğlu Əliyev qanunsuz olaraq işdən çıxarıldığını iddia edir.
Şikayətçi Meydan TV-yə bildirib ki, Göyçay Rayon İcra Hakimiyyəti onun 2012-ci ilin dekabrın 12-dən, 2015-ci ilin martın 5-dək olan əməkhaqqını vermədiyinə və yaranan söz-söhbətə görə icra başçısı Mehdi Səlimzadə tərəfindən bu il iyulun 23-də tutduğu vəzifədən azad edilib:
“Göyçay Rayon Kommunal Təsərrüffat İdarəsinin rəisi işləyirdim. 2012-ci il iyul ayının 3-ü günorta saatları idi. Şəxsi avtomobilimlə Atatürk küçəsində keçərkən, bir qadının əlindəki zibili küçəyə atdığını gördüm. Maşını saxladım, sükan arxasındaca qadına səsləndim ki, xahiş edirəm, küçəyə zibil atma. Şəhər tərtəmizdir, küçəni niyə zibilləyirsən? Qadın da cavabında dedi ki, zibilimizi götürmürlər, məcburam küçəyə atım. Mən də ona dedim ki, əgər sizin zibilinizi götürmürlərsə, zəng edib idarəyə deyin.
O vaxt Göyçay rayonu, Qarayazı kəndində yaşayırdım. Növbəti gün təxminən 20-21 radələrində Göyçay Rayon Polis Şöbəsindən mənə zəng elədilər ki, xahiş edirik, şöbəyə gəlin. Getdim, orada dedilər ki, haqqınızda bir qadını döyməyinizlə bağlı şikayət var. Mən də döydüyümü iddia etdikləri qadının şikayət ərizəsini istədim. Ərizənin olmadığını bildirdilər, söylədilər ki, rəis tapşırıb, onu çağırın, cinayət məsuliyyətinə cəlb edin. Mən də dedim ki, ortada heç bir şikayət ərizəsi olmadığı halda siz məni cinayət məsuliyyətinə cəlb edə bilməzsiniz”.
Sonradan məsələ ilə bağlı cinayət işi açılıb. Loğman Əliyev Baş Prokurorluğa, Prezidentə, digər orqanlara davamlı olaraq müraciətlər edib:
“Lakin müraciətlərim nəticəsiz qaldı, mənə heç bir köməklik edən olmadı. Bunlar sonradan bir neçə adam tapıb, onlardan izahat alıblar ki, guya Əliyev Loğman Kərim oğlu qadına təpik, şillə, yumruq vurub. Halbuki, mən qadınla söhbət edən zaman orada heç kim olmamışdı, hətta heç bir hadisə, insident baş verməmişdi. Elə həmin il idarədə vəzifə başında ikən məni Göyçay Rayon Məhkəməsinə çağırdılar.
2012-ci il dekabrın 19-da hakim Fərhad Əfəndiyevin sədrliyi ilə keçirilən məhkəmədə rəhbər vəzifə tutmaq hüququmdan məhrum edilməklə, mənə 6 il müddətinə cəza verdilər. Nə qədər dedim ki, ay kişi, nə təqsirim var, neyləmişəm? Sadəcə, demişəm ki, küçəyə zibil atma. Bu sözə görə adama 6 il iş verərlər? Məni məhkəmə zalında həbs edib, Göyçay Rayon Polis Şöbəsinə gətirdilər. Orada polis işçiləri dedilər ki, sifarişlə həbs olunmusan. Beş ildir idarə rəisisən, ancaq bu illərdə heç kimə rüşvət verməmisən. Mən də dedim ki, məgər, balaca bir idarədə süpürgəçidən, ya da fəhlədən rüşvət almışam, kiməsə də rüşvət verəm? Mənə dedilər ki, indi get, ağlın başına gələr. Düz, bir il səkkiz ay Bakı şəhər 16 saylı cəzaçəkmə müsəssisəsində yatdım”.
Loğman Əliyev 2013-cü ildə Şəki Apelyasiya Məhkəməsinə müraciət edib, şikayəti təmin olunmayıb. Ardınca, 2014-cü il Ali Məhkəməyə kassasiya şikayəti verib. Həmin il dekabrın 3-də Ali Məhkəmə CPM-in 39.1.2-ci maddəsinə əsasən Loğman Əliyevin əməlində cinayət tərkibi olmadığına görə icraata bəraətverici əsaslarla xitam verib:
“Həbsdən dərhal azad olunmağımla bağlı qərar qəbul olundu və Göyçaya qayıtdım. Sonra yerli məhkəməyə müraciət etdim, işimə baxıldı, əməlimdə cinayət tərkibi olmadığı və bəraət aldığım üçün keçmiş icra başçısı Mübariz Ağayev tərəfindən Sanitar-Təmizlik İdarəsinin rəisi təyin olundum.
2016-cı il iyunun 10-da Göyçay rayonunda icra hakimyyətinin başçısı dəyişildi, Mübariz Ağayev işdən azad olundu, əvəzinə Mehdi Səlimzadə vəzifəyə gəldi. Yeni icra başçısı həmişə iclaslarda deyirdi ki, Loğman Əliyev işləyən, düzgün, təmiz adamdır. Hətta məni Kənd Təsərrüfatı Komissiyasının sədri seçdi. Altı rayon üzrə ərazi rəhbəri kimi təhkim olundum və başımı aşağı salıb işləməyə başladım. Həm təsərrüfat, həm də rayonun bütün ictimai-siyasi həyatında köməklik göstərirdim.
2017-ci il yanvarın 9-da Göyçay Rayon Məhkəməsi müraciətim əsasında, qanunsuz həbs olunduğuma və işdən məcburi buraxdığım günlərə görə qətnamə çıxardı. Qətnamədə göstərilirdi ki, Loğman Əliyev Kərim oğlunun 2012-ci ilin dekabrın 12-dən, 2015-ci ilin martın 5-dək olan əməkhaqqı Göyçay Rayon İcra Hakimiyyəti tərəfindən hesablanıb verilsin. Kommunal Təsərrüfat İdarəsinin rəisi işlədiyim dövrlərdə əməkhaqqım 250 manat idi”.
Şikayətçi söyləyir ki, çıxarılan qərardan sonra dəfələrlə icradan maaşını almağa çalışsa da, bu mümkün olmayıb:
“Əksinə, Mehdi Səlimzadə hər dəfə deyirdi ki, rayonda gedən abadlıq, quruculuq işlərinə maddi dəstək ver. Mən də cavabında söyləyirdim ki, həbsdən yeni çıxmışam, günahsız tutulmuşam, iki il həbsxanada zülm çəkmişəm. Mən necə köməklik göstərim? Dəfələrlə deyirdim ki, xahiş edirəm, iki illik əməkhaqqımı verin, mən də rayonda gedən işlərə kömək edə bilim.
Bir müddətdən sonra dedim ki, cənab başçı, mənim əməkhaqqımı verin. Özünüz deyirsiniz ki, sən yaxşı adamsan, işləyən adamsan, amma pulumu vermirsən. O da cavabında dedi ki, elə etmə səni işdən azad edim. Mən də soruşdum ki, məni niyə işdən çıxarırsan? Sən məni prezident seçkilərindən sonra 2018-ci il aprelin 12-də, rayonda gedən təmizlik, abadlıq işlərinə görə fəxri fərmanla təltif etməmisən? Məgər, pis işləyirəm ki, işdən azad edirsən? Cavabında dedi ki, kim yaxşı, kim pis işləyir¸onu özüm bilərəm. Dedim ki, mənim pulumu verin. O da cavabında “Get, kimə istəyirsən de, mən heç kimdən qorxmuram”, – söylədi.
2019-cu il iyulun 23-də mənə zəng edib dedilər ki, xəbərin var, başçı səni işdən çıxarıb. Dedim ki, icra başçısı bununla bağlı 10 gün əvvəldən Həmkarlar İttifaqına müraciət etməlidir, sonra mənim də iştirakımla iclas olmalıdır. Başçı iyulun 20-də məzuniyyətdən qayıdıb, 3 gün sonra xəbərim olmadan iclas keçirib, məni işdən uzaqlaşdırıb. Halbuki, 10 gün öncədən Həmkərlar İttifaqına müraciət olunub, birgə qərar qəbul edilməli idi. İşləmirdimsə, məni otağına çağırıb, deyərdi ki, səninlə işləmək istəmirəm, işdən azad etmək istəyirəm.
Məni işdən azad etməmişdən 20 gün öncə Mirzə Ələkbər Sabir adına istirahət bağında keçirilən iclasda rəhbəri olduğum idarənin baş mühəndisi Fatma Hümbətovaya şəhərin təmiz saxlanmasına görə 100 manat pul mükafatı və təşəkkürnamə veriblər. Necə olur, 20 gündən sonra şəhər təmiz olmur, Loğman işləmir? Əgər elədirsə, niyə idarəmin baş mühəndisinə təşəkkürnamə verirdin, hər iclasa məni tərifləyirdin, yaxşı işçi olduğumu deyirdin?”
Loğman Əliyevin sözlərinə görə, bu il yerli icra hakimiyyəti tərəfindən Göyçay Rayon Məhkəməsinin çıxardığı qətnaməyə izahat verilməsinə dair müraciət edilib:
“Avqustun 9-da Göyçay Rayon Məhkəməsi qarşı tərəfin şikayətinə baxdı, qətnamə ilə bağlı izahat vermədi, Hakim Göyçay Rayon İcra Hakimiyyətinin Hüquq şöbəsinin müdiri Samir Xəlilovun müraciətini rədd etdi. Sonradan bunlar Şəki Apelyasiya Məhkəməsinə müraciət etdilər. Şəki Apelyasiya Məhkəməsi, hakim Elçin Hüseynov Göyçay Rayon Məhkəməsinin qərardadını qüvvədə saxladı, dedi ki, gedin, kişinin pulunu verin. Bütün bunlara baxmayaraq, Göyçay Rayon İcra Hakimiyyətinin başçısı Mehdi Səlimzadə üç ildir ki, məhkəmə qərarlarına məhəl qoymur. Mən Azərbaycan qanunlarına uyğun olaraq, öz haqqımı tələb edirəm. Mən hər gün Baş prokuror Zakir Qaralova, Birinci vitse-preziden Mehrivan Əliyevaya teleqramlar vururam. Mənim iki illik əməkhaqqımı vermək bir yana, qanunsuz olaraq işdən çıxarıb”.
Göyçay Rayon İcra Hakimiyyətinin Hüquq şöbəsinin müdiri Samir Xəlilov Meydan TV-yə bildirib ki, quruma ayrılmış vəsait yalnız büdcədə göstərilmiş istiqamətdə xərclənə bilər:
“Yerli icra hakimiyyəti dövlət büdcəsindən maliyyələşən orqandır. Biz icra hakimiyyəti başçısının əməkhaqqısını götürüb kiməsə ödəyə bilmərik.
Göyçay Rayonu İcra və probasiya şöbəsindən icraya daxil olan qətnamədə məcburi iş buraxma aylarla göstərildiyi üçün əməkhaqqının hesablanmasını apara bilmədik. Bunun üçün Göyçay Rayon Məhkəməsinə müraciət etdik ki, qətnaməyə izah verin. Məhkəmə müraciətimizi rədd etdi, qətnaməyə izah vermədi. Şəki Apelyasiya Məhkəməsinə şikayət verdik. Bundan sonra qətnamənin izahı verildi ki, göstərilən istəyə görə məbləğ hesablansın.
Loğman Əliyev Kərim oğluna məcburi iş buraxmaya görə ödəniləcək 5653 (beş min altı yüz əlli üç) manat vəsaitin hesablanıb, hissə-hissə ödənilməsinə dair Göyçay Rayon Məhkəməsinə müraciət etmişik. Məhkəmə xeyrimizə qətnamə çıxararsa, hər ay beş yüz manat ödəməyi düşünürük. Hüquqi Prosessual Məcəllədə də var ki, qətnamədə göstərilən məbləğin tam ödənilməsi mümkün olmadıqda, hissə-hissə ödənilə bilər. Bundan başqa, biz qərara gəlmişik ki, həmin vəsaitin ayrılmasına kömək göstərilməsi məqsədilə Maliyyə Nazirliyinə müraciət edək.
Loğman Əliyevin işdən çıxarılması məsələsinə gəlincə, o, vəzifə funksiyalarını yerinə yetirməməsi ilə bağlı işdən azad olunub. Bununla əlaqədar, Göyçay Rayon Məhkəməsinə müraciət edib, iş icraatdadır. O adamın məhkəməyə müraciət etmək hüququ var, bizim də heç bir etirazımız yoxdur. Məhkəmə işə baxacaq, əgər doğrudan da, vəzifəsindən qanunsuz olaraq uzaqlaşdırılıbsa, yəqin ki, məhkəmələr bərpa edəcək”.