Vilyam Hacıyev: “Şahidlər istintaqdakı ifadələri təsdiqləmək istəmir”
İmişli Rayon İcra Hakimiyyətinin keçmiş başçısı, həbsdə olan Vilyam Hacıyevin işində dindirilməli olan bir sıra şahidlər var ki, onlar məhkəməyə gəlməkdən imtina edir. Onlara bildiriş göndərişməsinə baxmayaraq, məhkəməyə gəlmirlər. Bu, martın 14-də keçmiş icra başçısının məhkəməsində məlum olub.
Vilyam Hacıyevin vəkili Elmar Kərimov vəsatət qaldıraraq, şahidlərin məhkəmədə iştirakının təmin olunmamasına etirazını bildirib.
“Onlar ittiham tərəfinin şahidləridir. Ona görə də ittiham tərəfinin borcudur ki, şahidlərin gətirilməsini təmin etsin. Yox, əgər öz sübutlarını ortaya qoya bilmirsə, bunu desinlər, biz də işimizi bilək. Əgər şahidlər məhkəməyə gəlmirlərsə, onların ifadələri təqsirləndirilən şəxsin xeyrinə şərh olunmalıdır”, – vəkil deyib.
Vilyam Hacıyev özü də vəkilinin qaldırdığı vəsatəti müdafiə edib. Onun fikrincə, şahidlərin əksəriyyətinin məhkəməyə gəlməkdən boyun qaçırması səbəbsiz deyil. Sabiq icra başçısı hesab edir ki, şahidlər istintaqdakı ifadələri təsdiqləmək istəmir.
Müdafiə tərəfi məhkəməyə gəlməkdən imtina edən şahidlərin məcburi gətirilməsi haqda qərar çıxarılmasını istəsə də, sabiq icra başçısının işinə baxan hakimlər razılaşmayıb. Hakim Azər Paşayev deyib ki, hələlik məcburi gətirilmə qərarına ehtiyac yoxdur.
Vilyam Hacıyevin məhkəməsi martın 18-də davam edəcək.
Vilyam Hacıyev Cinayət Məcəlləsinin 179.4 (xüsusilə külli miqdarda mənimsəmə), 311 (rüşvət alma) və başqa maddələrilə ittiham olunur.
O, 2004-2006-cı illərdə Göygöl rayonunun, 2006-2012-ci illərdə Samuxun, 2012-2020-ci illərdə isə İmişlinin icra başçısı vəzifəsində çalışıb.
Vilyam Hacıyevin həbsindən sonra DTX onun evindən, qarajından qutularda milyonlarla manat, xarici valtitada pulların, müxtəlif maşınların çıxmasını əks etdirən görüntülər yayımlamışdı.
Vilyam Hacıyev özünü təqsirli bilmir, ittihamların şər-böhtan olduğunu bildirir.
Azərbaycanda icra başçılarının həbs dalğası 2019-cu ilin dekabrından başlayıb. İlk həbs edilənlər Ağstafa rayonunun icra başçısı Nizaməddin Quliyev və Yevlaxın sabiq icra başçısı Qoca Səmədov olub. 2020-ci ilin ilin fevralında Neftçalanın, mayda isə Biləsuvarın və İmişlinin icra başçısı həbs edildi. Ardınca Kürdəmir, Cəlilabad, Şəmkir rayonlarında da eyni əməliyyatlar həyata keçirildi.