Keçmiş icra başçısının həbs olunduğu deyilir

Saleh Rüstəmov və qardaşı oğlu narkotiklə ittiham olunurlar

Source:
Saleh Rüstəmov
Saleh Rüstəmov

1992-1993-cü illdərdə Gədəbəy rayon İcra Hakimiyyətinin başçısı olmuş Saleh Rüstəmovun həbs edildiyi bildirilir. Bu barədə Meydan TV-yə onun qardaşı Taleh Rüstəmov məlumat verib.

Onun sözlərinə görə, S.Rüstəmov Rusiya vətəndaşıdır və bir neçə günlüyünə Azərbaycana gəlib. O, mayın 8-də Şəmkir rayonunda həbs edilib. Mayın 9-da Bakının Nərimanov rayon Məhkəməsinin qərarı ilə S.Rüstəmov barəsində 4 aylıq həbs-qətimkan tədbiri seçilib.

“Mayın 8-də mənim maşınımda Bakıya gedirdik. Saat 15.20 radələrində Şəmkir rayonunda Yol Patrul Xidmətinin stasionar postunda çoxsaylı polis əməkdaşları avtomobilimin qarşısını kəsdi. Həyat yoldaşım və mənim avtomobildən düşməyimə imkan vermədilər. Salehi düşürdülər, telefon və çantasını əlindən aldılar və apardılar. Sonra Salehə qarşı külli miqdarda narkotik (Cinayət Məcəlləsinin 234.4.3 maddəsi) ittihamı irəli sürüb barəsində həbs-qətimkan tədbiri seçiblər. Bütün hərəkətlər polis postundakı kameraların qarşısında olub. Saleh Rusiya vətəndaşıdır. O siqaret belə çəkmir. Heç bizim ailədə siqaret çəkən yoxdur. Azərbaycana ildə cəmi bir dəfə gəlir. Bu dəfə də qohumumuzun yas yerinə gəlmişdi”- T.Rüstəmov deyir.

Qardaşının sözlərinə görə, Saleh Rüstəmov 1997-ci ildə Moskvaya köçüb, orada kiçik bizneslə məşğuldur:

“O, Azərbaycanda iş tapa bilmədiyi üçün çıxıb getdi, Rusiyada da yaşayır. Siyasətlə məşğul deyil. İndiyədək heç vaxt axtarışda olmayıb, hər hansı cinayət əməli də yoxdur. Həbsin motivi bizə aydın deyil. Faktla bağlı Daxili İşlər Nazirliyinə, Ombudsman Aparatına teleqram vurmuşam, heç bir xəbər yoxdur”.

T.Rüstəmov deyir ki, mayın 10-da isə Valeh adlı qardaşının da oğlu həbs edilib:

“Qardaşım oğlu Vidadi Rüstəmli isə Bakının Nərimanov rayonu ərazisində saxlanılıb. Ona qarşı da Cinayət Məcəlləsinin 234.4.3 maddəsi ilə (Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, saxlama, daşıma, göndərmə və ya satma-külli miqdarda törədildikdə) ittiham elan edilib. Nərimanov rayon Məhkəməsinin qərarı ilə Vidadi Rüstəmlinin barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib”.

T.Rüstəmov deyir ki, qardaşı oğlu işgəncələrə məruz qalıb: “Vəkil tutmuşuq, qardaşımın yerini bizə demirlər. Ancaq vəkil Vidadi ilə görüşə bilib. Deyir ki, onu döyüb, işgəncə veriblər. Görünür Salehin boynuna cinayəti qoymaq üçün qardaşım oğlundan istifadə ediblər”.

Şikayətçi özünün də hədələndiyini deyir:

“Hətta mənə də zəng edib hədələyirlər, deyirlər ki, sakit dayanmasam həbs edəcəklər”.

Vəkillər hər iki həbs qərarından apelyasiya şikayəti verəcək.

Ana səhifəXəbərlərKeçmiş icra başçısının həbs olunduğu deyilir