”Qolunu burub, məcbur ”Niva” markalı maşına mindirərək naməlum istiqamətə aparıblar”
Keçmiş Hicab məhbusu Dadaş Vəliyevin polis tərəfindən oğurlandığı deyilir. Bu barədə Meydan TV-yə onun ailəsi bildirib. Deyiblər ki, ötən gün Suraxanı rayonu Zığ qəsəbəsinin sahə müvəkkili Dadaş Vəliyevə zəng edərək ona məktub verəcəyini söyləyib. Daha sonra yaşadığı Binəqədi rayonuna gedərək qolunu burub, məcbur “Niva” markalı maşınına mindirərək naməlum istiqamətə aparıb.
Ailəsi olayı polislərin növbəti oğurluğu kimi qiymətləndirir.
Meydan TV məsələyə münasibət öyrənmək üçün Suraxanı rayonu Zığ qəsəbəsinin sahə müvəkkili Azər Nəsirovla əlaqə saxlayıb. O, sualı eşidəndən sonra Dadaş Vəliyev adında birini tanımadığını söyləyib və dəstəyi asıb:
“Anlamıram, mənə niyə zəng etmisiniz? Mən heç nə bilmirəm, xəbərim yoxdur”.
Azər Nəsirov sonrakı zəngləri cavabsız qoyub. Daxili İşlər Nazirliyi də suala cavab verməyib.
Dadaş Vəliyev sonuncu dəfə fevralın 7-si saat 14:30-da “Facebook”da bir nəfər məcburi köçkünün İlham Əliyevə müraciət videosunu paylaşıb.
Dadaş Vəliyev 2012-ci il oktyabrın 5-i Bakıda, Təhsil Nazirliyinin binası qarşısında keçirilmiş “Hicaba azadlıq” aksiyasında iştirakına görə 2 il müddətinə azadlıqdan məhrum edilmişdi.