Keçmiş futbolçu: AFFA rəhbərliyi ailəmə təzyiq edir

“Məni “qara siyahı”ya salmışdılar”.

Source: Meydan TV


“Azərbaycan səfirliyi mənə pasport vermir”

Vaxtilə Azərbaycanda “İnter”, “Simurq”, “Bərdə”, Belarusda MTZ-RİPO, “Darida”, “Smorqon” kimi klublarda çıxış etmiş, 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin də formasını geyinmiş Elmar Xeyirovu futbolsevərlər arasında xatırlayanlar olar. Hazırda ABŞ-da yaşayan Xeyirov futbolçu karyerasını çox tez – 25 yaşında bitirib. Elmar futbolçu karyerasını erkən başa vursa da, futboldan uzaqlaşmayıb. O, okeanın o tayında futbol məktəbində məşqçi kimi çalışır. Üç il yarımdır ABŞ-da yaşayan Xeyirovun MeydanTV-yə üz tutmasının səbəbi isə ona və Azərbaycanda yaşayan ailə üzvlərinə olan təzyiqlərdir:

“Mənim ailə üzvlərimin olduğu evə 4-5 dəfə gedərək, məni axtarıblar. Onlar ailə üzvlərimi bölməyə aparmaq istəyiblər. Bunları edən kimdir? Rövnəq və Elxan (AFFA prezidenti Rövnəq Abdullayev və federasiyanın baş katibi Elxan Məmmədovu nəzərdə tutur – red). Qardaş, hökumətə qarşı nəsə deyirsən, tutub aparırlar. Futbol idarəçilərinə qarşı nəsə deyirsən, yenə tutmaq istəyirlər. Belə yaşamaq olar? Azərbaycan futbolunda vəziyyət çox bərbaddır. Ancaq fikirləşirlər ki, necə pul yesinlər. Mən Elxanla Rövnəqə məsləhət görərdim ki, gedib “Bandotdel”də işləsinlər, ya kriminal qrup yaratsınlar”.

Keçmiş futbolçu deyir ki, ailə üzvlərinə təzyiqlərin səbəbi onun Azərbaycan futbolunun idarəçiləri haqda dilə gətirdiyi fikirlərdir:

“Gələnlər özləri deyiblər ki, oğlunuz çox danışır. Məndə səs yazısı da var. Onlar üçüncü dəfə gələndə, nəhayət, ailə üzvlərim səslərini yaza biliblər. Gələnlər mülki geyimdə olublar. Hər dəfə də ayrı-ayrı adamlar olub. Artıq mənim bütün ailə üzvlərim ABŞ səfirliyinə müraciət ediblər”.

Xeyirov əmindir ki, ailə üzvlərinə olan təzyiqlərin arxasında AFFA prezidenti və federasiyanın baş katibi dayanır:

“Yüz faiz onlardır. Çünki mən həmişə onlar barədə mətbuata açıq danışmışam. Yadınızda olar, bir dəfə Rövnəq Abdullayevin mətbuat konfransı idi. Ona sual verdilər ki, niyə jurnalistləri milli komandaların səfər oyunlarına aparmırsız. O da demişdi ki, pulumuz yoxdur. Ondan bir həftə sonra da oğlunun iki milyonluq saatının itdiyi haqda xəbərlər çıxdı. Bax, mən onda Rövnəqə səsləndim, “Youtube”da çıxışım oldu. Ki, dövlətdən oğurlayıb oğluna iki milyon manatlıq saat ala bilirsən, amma jurnalistləri səfərə apara bilmirsən?

84831862_186228439153778_707639378624643072_n.jpg
Elmar Xeyirov

Qardaş, biz bu insanlara görə ölkədən didərgin düşdük. Yadımdadır, mən 2010-cu ildə Bakıya qayıdanda bu adamlar mənə məşq etməyə imkan vermədilər. Dedilər ki, çox danışırsan. Məni “qara siyahı”ya salmışdılar. Bakıda olanda mənə zəng gəlmişdi, dedilər, federasiyadandır. Kim olduğunu bilmədim. Dedilər ki, az danış. Məni burda da öldürməklə hədələyiblər. Hətta polisə gedib, vəziyyətin nə yerdə olduğunu dedim”.

Sabiq futbolçu deyir ki, Azərbaycan səfirliyi ona pasport da vermək istəmir:

“Burdakı Azərbaycan səfirliyi mənə pasport vermir. Dedilər ki, Bakıya qayıtmalısan. Əlbəttə, aydındır nəyə görə, məni tutdurmaq üçün. Mənim Azərbaycana qayıtmağım mümkün deyil artıq. Axmaq deyiləm ki, qayıdım, bunlar da başıma oyun açsınlar. Xahiş edirəm, hamısını olduğu kimi yazın, ictimailəşdirin, qoy hamı bu adamları tanısın”.

Meydan TV dəfələrlə cəhd etməsinə baxmayaraq, AFFA rəhbərliyindən münasibət öyrənə bilməyib.

Ana səhifəSosialKeçmiş futbolçu: AFFA rəhbərliyi ailəmə təzyiq edir