Kutoyan son dörd ayda güllələnən ikinci keçmiş yüksək səviyyəli təhlükəsizlik işçisidir
Keçmiş Prezident Serj Sarkisyanın hakimiyyətinin son illərində Ermənistanın Milli Təhlükəsizlik Xidmətinə (NSS) rəhbərlik edən Georgi Kutoyan cümə günü Yerevanda ölü tapılıb.
İstintaq Komitəsinin sözcüsü Naira Harutiunyan qeyd edib ki, Kutoyanın cəsədi Yerevandakı mənzilində aşkarlanıb və onda silah yarası olub.
“Məhkəmə ekspertləri və hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerində işləyirlər”,- Harutiunyan “Facebook” səhifəsində yazıb. O, 39 yaşlı Kutoyanın intihar etdiyinə və ya başqası tərəfindən vurulduğuna inanıb- inanmadığını deməyib.
İxtisasca hüquqşünas olan Kutoyan 2011-ci ildən 2016-cı ilin fevralınadək – NSS direktoru vəzifəsinə təyin olunana qədər Sarkisyanın köməkçisi kimi çalışıb. O, “Məxməri İnqilab”dan dərhal sonra 2018-ci ilin may ayında yeni seçilmiş Baş nazir Nikol Paşinyan tərəfindən vəzifəsindən azad edilib.
Kutoyan o vaxtdan bəri heç bir ictimai açıqlama verməyib. O, vəzifədəykən diqqətləri üzərinə çəkməməyə çalışıb.
Sarkisyanın sədri olduğu Ermənistan Respublika Partiyasının (HHK) sədr müavini Armen Aşotyan Kutoyanın “öldürülməsindən” sarsıldığını bildirib. “Bu faciəli hadisə çox qəribədir və bir çox suallara gətirib çıxarır”,- Aşotyan deyib və hüquq-mühafizə orqanlarından “şəffaf və hərtərəfli” araşdırma tələb edib.
Kutoyan son dörd ayda güllələnən ikinci keçmiş yüksək səviyyəli təhlükəsizlik işçisidir. Ermənistan polisinin keçmiş rəisi Hayk Harutiunyan sentyabr ayında evində ölü tapılmışdı.
Harutiunyanın başından silah yarası aldığı bildirilmişdi. Müstəntiqlər onun intihar etdiyini irəli sürmüşdülər.
Ölümünə gedən aylarda Harutiunyan 2008-ci ildə Yerevanda seçkidən sonrakı zorakılıqlarla bağlı başladılmış cinayət istintaqında dəfələrlə dindirilmişdi. Bu istintaqı aparan Xüsusi İstintaq Xidməti “Armenpress” xəbər agentliyinə Kutoyanı heç bir zaman şahid və ya şübhəli qismində dindirmədiklərini bildirib.