Keçmiş döyüşçü: Özbaşınalıq, laqeydlik adamı canından bezdirir”

“Kimin üstünə gedirəmsə, hamı üzərindən atır”

Source: Specify Source


“Mənə təklif edilən torpağın başqa sahibi də çıxıb”

“Bələdiyyəyə deyirəm, mənə dövlət tərəfindən 12 sot torpaq verilməlidir. Məni bataqlıq bir əraziyə aparır, deyir, torpaq budur, istəyirsən, götür, ək, ancaq heç nə bitməyəcək”.

Cəlilabadın Söyüdlü kənd sakini Mais Zeynalov İkinci Qarabag Muharibəsinin iştirakçısı olub. Sentyabrın 30-da döyüşə gedib. Oktyabrın 29-da yaralanıb. Dekabrın 18-də tərxis olunub. Deyir, ən ağır günləri də elə evə döndükdən sonra başlayıb. Qayıtdıqdan sonrakı işsizlik, maddi sıxıntılar, can ağrısı, sosial problemlər keçmiş döyüşçünü bezdirib. O, bu barədə Meydan TV-yə danışır.


“Bataqlığı göstərib deyir, burda heç nə bitmir”

“Ayağımdan yaralanmışdım, başımdan ağır travma almışdım. Hazırda ayağımda 30-dan çox qəlpə daşıyıram. Müharibədən qayıdandan əziyyət içindəyəm. Bircə Yaşat Fondu mənim əməliyyatıma kömək edib. O da qarşıma şərt qoydu, ya yardım, ya da müalicə… Mən də müalicəni seçdim, düşündüm ki, qəlpələrdən xilas olacam. Avrasiya Hospitalında ayağımdan cəmi iki qəlpə çıxarıldı, dedim, bəs qalanları necə olacaq? Fond dedi, bizim gücümüz buna çatdı. Yəni get gerisini özün düşün… Bir tərəfdən müharibənin səhhətimdə buraxdığı ağrılar, bir tərəfdən ağır yaşayış, bir tərəfdən də rayondakı məmurların özbaşınalığı, laqeydliyi adamı cana yığır. Bələdiyyəyə deyirəm, mənə dövlət tərəfindən 12 sot torpaq verilməlidir. Verin torpağımı, əkim, həm özümü müalicə etdirim, həm dolanım… Məni bataqlıq bir əraziyə aparır, deyir, torpaq budur, istəyirsən, götür, ək, ancaq heç nə bitməyəcək”, – qazi danışır.

photo-2021-04-23-18-09-28.jpg
“Verin torpağımı, əkim, həm özümü müalicə etdirim, həm dolanım…”


“Başçının müavini deyir, yığmısan boğaza bizi…”

Mais Zeynalovun sözlərinə görə, o, bataqlıq ərazidən imtina etdikdən sonra bələdiyyə sədri başqa ərazidən torpaq təklif edib. Mais Zeynalov təklifi qəbul etsə də, torpağa görə ona heç bir sənəd verilməyib. Nəticədə torpağa başqa iddialı çıxıb:

“İndi də başqaları gəliblər ki, bu yer bizimdir, biz buranı özəlləşdiririk. Kimin üstünə gedirəmsə, hamı üzərindən atır. İcra hakimiyyəti başçısının müavini Mansura zəng edirəm, deyirəm, atam xəstə, anam xəstə, özüm də yarımcan qayıtmışam, o torpaq mənə lazımdır ki, xəstə valideynlərim acından ölməsin, öz dərmanlarımı, valideynlərimin dərmanlarını ala bilim. Niyə belə edirsiz? Deyir, sən də lap yığmısan boğaza…”


“Valideynlərim xəstə, özüm yarımcan…”

“Atam bağırsaq xorasından əziyyət çəkir, əmək fəaliyyətiylə məşğul ola bilmir, anamın başında şiş var, özüm də bu vəziyyətdə… Heç evimiz də yoxdur, dayım öz evini bizə müvəqqəti verib ki, küçədə qalmayaq. Nə vaxt desə “evdən çıxın”, çıxmalıyıq. Özüm evsizlik, imkansızlıq üzündən ailə qurmamışam. Yaxşı, mən gedib vətən qarşısında borcumu ödədim, sağlamlığımı qoyub gəldim, indi də istəyirəm ki, vətən məni düşünsün”.

Mais Zeynalovun başqa bir problemi də əlillik dərəcəsi ilə bağlıdır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinini Cəlilabad rayon şöbəsinin qarşısına toplaşaraq sosial problemlərinin həllini istəyən müharibə iştirakçilarının arasında o da var.

Cəlilabad Rayon İcra Hakimiyyətindən bildirilib ki, keçmiş döyüşçü Mais Zeynalovun problemləri ilə maraqlanıb kömək etməyə çalışacaqlar.

photo-2021-04-23-18-09-29.jpg
Mais Zeynalov
Ana səhifəBölgəKeçmiş döyüşçü: Özbaşınalıq, laqeydlik adamı canından bezdirir”