Keçmiş deputatın oğlu həbs olunub

T.Əhmədovu Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları həbs edib.

Source: Архив


Toğrul Əhmədovun maşınından silah tapıldığı deyilir

Son on gündə Bakıda iki tanınmışın övladları həbs olunub. Bunlardan biri sabiq deputat Gülər Əhmədovanın oğlu, 33 yaşlı Toğrul Əhmədovdur.

T.Əhmədovu Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları həbs edib. İddia olunur ki, T.Əhmədovun idarə etdiyi avtomobildən tapança və güllələr tapılıb.

“Toğrul Əhmədovun barəsində Cinayət Məcəlləsinin 228.1 (qanunsuz silah saxlama) maddəsilə cinayət işi başlanıb. Nərimanov Rayon Məhkəməsinin qərarıyla onun barəsində ilkin istintaq dövrü üçün iki aylıq həbs-qətimkan tədbiri seçilib. Artıq Kürdəxanıdakı Bakı İstintaq Təcridxanasına köçürülüb”, – Meydan TV-yə bildirilib.

Daxili İşlər Nazirliyi də sabiq deputatın oğlunun saxlanması barədə məlumatı təsdiqləyib.

Toğrul Əhmədov bir müddət əvvəl Maliyyə Nazirliyində işləyirdi.

G.Əhmədova oğlunun həbsi ilə əlaqədar heç bir açıqlama verməyib.

Təxminən on gün öncə Şuşanın keçmiş icra başçısı, mərhum Nizami Bəhmənovun oğlu, 38 yaşlı Ceyhun Bəhmənov da həbs olunub. Meydan TV-nin əldə etdiyi məlumata görə, keçmiş həyat yoldaşı, 37 yaşlı Dilarə Zeynalovanı metronun “Elmlər Akademiyası” stansiyasının yaxınlığında bıçaqlamaqda təqsirləndirilən C.Bəhmənova qarşı Cinayət Məcəlləsinin 29.120 (qəsdən adam öldürməyə cəhd) maddəsilə ittiham irəli sürülüb. Barəsində Yasamal rayon Məhkəməsinin qərarıyla ilkin istintaq dövrü üçün 4 aylıq həbs-qətimkan tədbiri seçilib.

C.Bəhmənov və D.Zeynalovanın birgə nikahdan üç övladı var.

T.Əhmədovun barəsində cinayət işinin istintaqını Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi, C.Bəhmənov haqqında istintaqı isə Yasamal rayon Prokurorluğu aparır.

Ana səhifəSiyasətKeçmiş deputatın oğlu həbs olunub