Keçmiş deputat: Zakir Qaralov məndən intiqam alır

Qalib Salahzadənin oğlu həbs olunub

Source:
Qalib Salahzadə


Qalib Salahzadənin oğlu həbs olunub

Keçmiş deputat Qalib Salahzadənin oğlu Əlihüseyn Salahzadə həbs olunub. O, Cinayət Məcəlləsinin 315.2 maddəsi ilə (Hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) təqsirli bilinir. O, “Azərsu” ASC-nin əməkdaşı Elbəyi Mirzəliyevi vurmaqda günahlandırılır.

Sentyabrın 13-də Nəsimi rayon Məhkəməsi onun barəsində həbs-qətimkan tədbiri seçib.

Q.Salahzadə faktı “olke.az”-a təsdiqləyib. Onun sözlərinə görə, oğlu sentyabrın 13-də gecə saatlarında Nəsimi rayon prokurorluğunun müstəntiqi Anar Abıyevin hazırladığı ittiham əsasənda həbs olunub. Həbsdən apelyasiya şikayəti verdiklərini deyən Q.Salahzadə deyib ki, oğlunun həbsinin arxasında Baş prokuror Zakir Qaralov dayanır:

“Müstəntiq Anar Abıyev də ətrafında olan adamlar vasitəsilə bildirib ki, onun bu işdə günahı yoxdur və ona göstəriş Baş prokuror Zakir Qaralov tərəfindən verilib. Səbəb də məlumdur. Çünki Zakir Qaralov 22 ildir ki, mənimlə düşməndir. Hələ Zakir Qaralov 22 il öncə Sabunçu rayon prokuroru işləyən zaman Bilgəhdə zəfəran torpaqlarını qeyri-qanuni yolla zəbt etmək istəyirdi. Həmin vaxt mən də Bilgəhdə zəfəran kolxozunun direktor müavini idim. Bu məsələyə görə aramızda problem yaranmışdı. Mən Zakir Qaralovun torpaqları qanunsuz yolla zəbt edilməsinə qarşı çıxmışdım. Buna görə Zakir Qaralov zaman-zaman məni həbs etmək istəyib. Hətta 2000-ci ildə oğluma açılan eyni maddə ilə məni də həbs etmişdi. Mənə qarşı açılan işin müstəntiqi də Arzu İsmayılov olub. Təsəvvür edin ki, 2000-ci ildə mənə qondarma cinayət işi açılmışdı. Guya dövlət qulluqçusuna zor tətbiq etmişdim, həbsxanadan adam qaçırmışdım, 8 nəfər adam öldürmüşdüm və evimdən 2880 ədəd silah mərmisi tapılmışdı. Bu qədər cinayəti heç qanuni oğrular törədə bilməzdi. Amma Zakir Qaralov adıma yazdırmışdı. Təbii ki, bütün bunların hamısı yalan idi. Məni Zakir Qaralov torpaq məsələsinə görə həbs etmək istəyirdi. Ancaq Allah rəhmət etsin ulu öndər Heydər Əliyevə. O, mənim həbs olunmağıma imkan vermədi. Onları çağırıb danlamışdı. Bu gün isə Zakir Qaralov oğlumu həbs etməklə məndən intiqam alır”.

Zakir Qaralov

Oğlunun günahsız olduğunu deyən keçmiş deputat onun 3 dəfə Həcc ziyarətində olduğunu da vurğulayıb. Atanın sözlərinə görə, Ə.Salahzadə ilə “Azərsu” ASC əməkdaşının arasında yaranmış insidentə səbəb məmurun gəlinini təhqir etməsi olub:

“Sentyabrın 4-də oğlum Əlihüseyn Salahzadə hamı kimi evində oturub Qurban Bayramını qeyd edirmiş. Həmin gün qapı döyülür, qapını açan zaman “Azərsu” ASC-nin əməkdaşı Elbəyi Mirzəliyev adlı şəxs oğlumun yoldaşını təhqir edir. Bunu görən kimi oğlum Elbəyinin çənəsinə sillə vurur. Yəni oğlumun yerində kim olsaydı, eyni addımı atardı. Sonradan həmin Elbəyi oğluma qarşı şikayətini də geri götürüb, barışıblar və mətbuata da açıqlama verib. Bütün bunlara baxmayaraq, sentyabrın 13-də məhkəmə keçirilərək, oğlumu həbs ediblər. Hazırda da oğlum Kürdəxanı həbsxanasındadır”.

Q.Salahzadə Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) rəhbəri Allahşükür Paşazadənin qudasıdır. Vəkil Cavanşir Məmmədov APA-ya deyib ki, həbs olunan şəxs A.Paşazadəninn kürəkəni deyil:

“Şeyxin kürəkəninin adı Əliabbas Salahzadədir, həbs edilən isə Əlihüseyndir. Ümumiyyətlə, bu həbsin Şeyxülislamla əlaqələndirilməsi idarənin, Şeyxülislamın fəaliyyətinə kölgə salmaq istəyənlərin cəhdidir”.

Baş Prokurorluqdan Meydan TV-nin məsələ ilə bağlı sualına şərh vermək istəməyiblər.

Ana səhifəXəbərlərKeçmiş deputat: Zakir Qaralov məndən intiqam alır