“Elə cəza verin, həbsxanada ölməyim”
Rəssam-modelyer Elnarə Bəkirovanın atası, iş adamı Kamran Bəkirovu qətlə yetirib, meyiti isə quyuya atmaqda ittiham olunan iki nəfər – Mustafa Zeynalov və Namiq Əliyevin il yarım davam edən məhkəməsi yekunlaşıb. Bakı Ağır Cinayətlər Məhkəməsində çıxarılan hökmlə onların hər biri 19 il azadlıqdan məhrum edilib.
Onlar son sözlərində zərərçəkmiş tərəfdən – mərhum Kamran Bəkirovun ailəsindən üzr istəyiblər.
Təqsirləndirilən şəxslərdən 70 yaşlı Mustafa Zeynalov üzünü hakimlərə tutataq, son sözündə deyib:
“Elə cəza verin, həbsxanada ölməyim”.
Təqsirləndirilən şəxslərin hər ikisi ali təhsilli, eyni zamanda, qohumdurlar.
1955-ci il təvəllüdlü Mustafa Zeynalov hüquqşünasdır, vaxtilə müstəntiq işləyib. Polis orqanlarında çalışmış Mustafa Zeynalov sonradan rüşvət ittihamı ilə cinayət məsuliyyətinə cəlb olunub. O, “Kontakt Home” mağazalar şəbəkəsində hüquq şöbəsinin müdiri vəzifəsində də çalışıb.
1984-cü il təvəllüdlü Namiq Əliyev isə bankda hüquq şöbəsinin müdiri olub, daha sonra mobil operatorlardan birində şöbə müdiri işləyib, dəfələrlə müxtəlif dövlət qurumlarına fərdi layihələr verib, dövlət tədbirləri keçirib.
Məhkəmədə zərərçəkmiş qismində Elnarə Bəkirova iştirak edib. O, təqsirləndirilən şəxslərə ağır cəza tələb edib.
Prokuror Mustafa Zeynalov və Namiq Əliyevin hər birinin 20 il azadlıqdan məhrum edilməsini istəyib.
Cinayət işinin materiallarında göstərilib ki, 1954-cü il təvəllüdlü Kamran Bəkirov 2023-cü ilin aprelində Nardaran qəsəbəsi, Ləhic bağları yaşayış massivində öldürülüb.
Qızı iddia edir ki, həmin vaxt onu aldadıb, birgə biznes qurmaq adı ilə görüşə çağırıb, qətlə yetiriblər. Ailə üzvlərinin sözlərinə görə, görüşə gedərkən onun üstündə 300 min manata qədər pul olub.
İttihama əsasən, Kamran Bəkirov pulunu ələ keçirmək məqsədilə öldürülüb.
Elnarə Bəkirovanın bildirdiyinə görə, təqsirləndirilən şəxslərin hər ikisi 2020-2024-cü illərdə Milli Məclisin deputatı olan, “Kontakt Home” mağazalar şəbəkəsinin rəhbəri Elnur Allahverdiyevin qohumlarıdır. Mustafa Zeynalov onun dayısı, Namiq Əliyev isə o biri dayısının kürəkənidir.