Vaqif Nəbiyev dələduzluqda günahlandırılır
İyunun 30-da Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən keçmiş bələdiyyə sədri Vaqif Nəbiyevin məhkəməsi başlayıb.
Meydan TV-nin məlumatına görə, hakim Eldar Mikayılovun sədrliyi ilə keçirilən hazırlıq iclasında təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.
Məhkəmə baxışı iyulun 14-nə təyin edilib.
V. Nəbiyev Abşeron rayon Məhəmmədli Bələdiyyəsinin sədri vəzifəsində çalışıb. O, bu vəzifədə çalışarkən qulluq mövqeyindən istifadə edərək, 2015-ci ildə kənd ərazisində olan 30 sot torpaq sahəsini zərərçəkmiş şəxsə satacağını deyərək, ondan 23 min manat pul almaqda ittiham edilir. Ona qarşı Cinayət Məcəlləsinin 178-ci (dələduzluq; külli miqdarda törədildikdə) maddəsi ilə cinayət işi açılıb.
İstintaq dövründə onun barəsində həbs-qətimkan tədbiri seçilməyib. Hazırda o, zamindədir.