Niyaz Niftiyev: “Bu işə xitam verilməyincə, əl çəkməyəcəm”
Binəqədi bələdiyyəsinin keçmiş sədri, “Azadinform” saytının baş redaktoru Niyaz Niftiyevin avqustun 10-dan saxlandığı Bakı İstintaq Təcridxanasında aclıq etdiyi bildirilir. Bu barədə onun vəkili Ənnağı Məmmədli məlumat verərək bildirib ki, müvəkkili heç bir cinayət törətmədiyi halda, 16 aydır günahı olmadan həbsdə saxlanmasına, məhkəmə prosesinin müxtəlif bəhanələrlə uzanmasına etiraz edir.
Niyaz Niftiyev 2019-cu ilin dekabrında keçirilən bələdiyyə seçkilərində qalib elan edilib və cəmi 3 ay Binəqədi bələdiyyəsində çalışıb. 2020-ci ilin aprelində isə həbs olunub. O, xüsusi karantin rejimi dövründə (SMS icazə qüvvədə olan vaxtlarda) müxtəlif adamlardan rüşvət alıb, onlara meyvə-tərəvəz satışı və s. işlərlə məşğul olmaları haqda saxta arayışlar verməkdə ittiham olunur.
Niyaz Niftiyev isə bu ittihamı rədd edir, heç kimdən rüşvət almadığını, kimsəyə də saxta arayış vermədiyini bildirir.
Məhkəmədə dindirilən şahidlər də Niyaz Niftiyevə rüşvət vermədiklərini bildiriblər. Məhkəmədə hakim bələdiyyə sədri kimi onun imzaladığı bir arayışı elan edib. Həmin arayış da Niyaz Niftiyev arayış verilən şəxsin hansı fəaliyyət növü ilə məşğul olduğunu göstərməklə yanaşı, elə həmin sənəddə vətəndaşa tövsiyə edir ki, elektron hökumət portalında da qeydiyyatdan keçsin.
Niyaz Niftiyevin jurnalist dostlarından Qadir İbrahimli avqustun 14-də onunla telefonla danışıb. Onun bildirdiyinə görə, dörd gündür keçirdiyi aclıq aksiyası artıq səhhətində problemlər yaradıb: “Hətta dünən təcridxanaya həkim də çağırıblar. Təkidlə xahiş etsəm belə, aclıq aksiyasını dayandırmayacağını bildirdi”.
Niyaz Niftiyev deyib ki, uzun müddət susaraq, haqq-ədalətin öz yerini tapmasını gözləyib. Ümid edib ki, normal araşdırma gedəcək, günahsız olduğu üzə çıxacaq. Lakin gözləntiləri özünü doğrultmayıb.
“16 aydır gözləyirəm. İstintaq dövründə səsmi çıxarmadım, əxlaq normalarına riayət elədim, fikirləşdim ki, qoy, istintaq getsin. Şahid ifadələri ilə ittiham bir-birinə ziddir. Şahidə sual verirəm ki, ifadəni sən vermisən, deyir ki, yox. Bu qədər haqsızlıq olmaz axı. Bu işə xitam, mənə bəarət verilməlidir. Şahidlərin heç biri məni tanımır. Heç bir vəsatətim təmin olunmur, əlavə sənədlər tədim edirəm, baxılmır. 16 aydır səbr edirdim. Ümid edirdim ki, normal istintaq gedəcək. Aldatdlar məni. Bu işə xitam verilməyincə, əl çəkməyəcəm”, – Niyaz Niftiyev belə deyib.
Penitensiar Xidmət məsələyə münasibət bildirməyib.
Niyaz Niftiyev bələdiyyə üzvü, eyni zamanda, sədrin müavini olmuş Mətanət Nəsibova və bələdiyyənin keçmiş şöbə müdiri Sahib Abışovla birlikdə mühakimə olunur. Onların işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır. Adları çəkilən təqsirləndirilən şəxslərdən Niyaz Niftiyev həbsdədir.
Niyaz Niftiyev “Azadinform” informasiya agentliyinin baş redaktoru, Mətbuat Şurasının İdarə Heyətinin üzvü olub. O, “Azərbaycan milli mətbuatının inkişafındakı xidmətlərinə görə” “Tərəqqi” medalı ilə təltif edilib.